Ötən həftə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələrlə yadda qalıb. Bu görüş 2021-ci il 14 dekabr tarixində Brüsseldə keçirilmiş birgə görüşdəki sülh gündəliyinin davamı olaraq xarakterizə edilir və ən maraqlı məqam Fransa prezidentinin, ermənipərəst Makronun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində aktivliyidir.
İlk baxışdan elə bir təəssürat yaranırdı ki, Makron Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında guya maraqlıdır. Doğrudur, görüşün gedişatı və nəticələri də bunu göstərir, amma bu görüşün ardınca baş verən hadisələr, baş tutan daha bir görüş təsdiq edir ki, Fransa prezidentinin bütün səylərinin arxasında yenə də erməni maraqlarının təmin olunması dayanır. Emmanuel Makronun hər zaman Ermənistanın maraqlarından çıxış etməsi fonunda onun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına maraqlı olması əslində, çoxlu sayda şübhələr doğururdu və az bir müddət keçdikdən sonra bu şübhələrin yerində olduğu özünü göstərdi. Yəni, bu görüşün ardınca Fransa prezidentinin Moskvaya yollanması, Rusiya prezidenti Vladimir Putinlə görüşə can atması, görüş zamanı da Ermənistanla bağlı məsələləri müzakirə etməsi şübhələrin əsaslı olduğunu sübut edir.
Xatırladığımız kimi, Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə ölkəmizin maraqlarını təmin edən müzakirələr oldu. Xüsusilə, Ermənistan və Azərbaycan arasında münasibətlərin müxtəlif aspektləri, humanitar məsələlər, etimad quruculuğu, ermənilərin basdırdıqları minalarla bağlı Azərbaycanın üzləşdiyi problemlər, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, demarkasiyası, eləcə də sülh sazişi üzrə danışıqlarının başlanmasının vacibliyi müzakirə edildi. Ölkə rəhbəri, cənab Prezident İlham Əliyev də Azərbaycanın mövqeyini görüş iştirakçılarının diqqətinə çatdırdı və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsini xüsusilə vurğuladı. Bu məsələlərin müzakirəsi zamanı kimsə, xüsusilə Makron Azərbaycanın mövqeyinə qarşı gəlmədi və birgə bəyanat da bunu təsdiqləyir. Məsələ burasındadır ki, görünür həmin görüş zamanı səsini çıxarmayan Fransa prezidentinin qısa bir müddət sonra səsi çıxacaqmış.
Bilirik ki, bir neçə gün bundan öncə Fransa prezidenti Makron Rusiyada səfərdə olub və onun prezident Putinlə görüşü düz 5 saat davam edib. Onu da yaxşı bilirik ki, Makron bu dəfə də Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib və maraqlıdır, bundan əvvəlki görüşün ardınca bir daha belə bir müzakirə Fransa prezidentinin nəyinə lazım idi? Makronun bu qədər aktivlik göstərməsi, Ermənistan-Azərbaycan münasibətlərinə belə “can yandırması” nəyə görədir? Əslində, Fransa prezidentinin Rusiyaya səfərinin Ukrayna ilə bağlı olduğunu hər kəs düşünürdü və belə düşünməkdə də elə hər kəs haqlı idi, çünki, əvvəla Rusiyanın özünün Qərb ilə münasibətdə Ukrayna kimi problemi var, digər tərəfdən də Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsi qısa müddət öncə müzakirə edilmişdi axı. Yəni, buna indi nə ehtiyac duyulurdu ki, Makron hövlnak Rusiyaya səfər edib məramını ortaya qoydu?
Əslində, 44 günlük Vətən müharibəsi dövründə də, müharibədən sonrakı dönəmdə də Makronun necə ermənipərəst mövqe sərgilədiyini hər kəs yaxşı bilir. Onun dəqiqləşdirilməmiş məlumatlara istinad edərək, özü də qərəzli şəkildə Azərbaycana qarşı bəyanatlar verməsi də yaddan çıxan deyil. Yaxşı bəs bütün bunların fonunda Makronun bundan öncə videoformatda keçirilən görüşdə mövqeyi nə idi, indiki mövqeyi nədir? Ümumiyyətlə, bu adamın fikri nədir? Fransa kimi bir Avropa ölkəsinin prezidenti gündə bir ağıla qulluq edir, yoxsa bunun pərdə arxasında nələrsə var? Sözsüz ki, bir Avropa ölkəsinin prezidenti təsadüfən gedeib Rusiyaya çıxmamışdı və Putindən ötrü darıxdığı üçün onunla görüşmürdü. Heç Ermənistan-Azərbaycan münasibətərinin müzakirəsi ilə bağlı dedikləri də qəflətən yadına düşmüş mövzu deyildi, onun öz məqsədi, öz məramı var idi.
Sözsüz ki, Fransanın Avropa İttifaqına sədrlik etməsi Makrona müəyyən ümidlər verib və çox güman ki, o geosiyasi proseslərdə aktivlik nümayiş etdirmək arzusuna düşüb. Fransa prezidenti görünür siyasi birincilik uğrunda Avropada gedən mübarizədə qalib olmaq niyyətindədir və məqamından istifadə edərək, Fransanın rolunu Avropa İttifaqında artırmaq arzusundadır. Bütün bunlar Fransa prezidentinin qəflətən Rusiyaya getməsində özünü göstərir. Qərb indi Rusiyanı hədəfə aldığı bir vaxtda Rusiyaya səfər etmək, orada Ukrayna məsələsi ilə yanaşı, həm də Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etmək təsadüfi deyil və bu bir növ nümayişkəranə xarakter daşıyır.
Digər tərəfdən onu da bilirik ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Məhz həmsədr ölkə kimi, Ermənistan-Azərbaycan arasında bir zaman mövcud olan, amma indi mövcud olmayan Qarabağ problemi ilə əlaqədar boynuna bir zaman düşən vəzifələr yoxsa indi yadına düşüb Makronun? Bəlkə Fransanın Cənubi Qafqazdakı mövqelərini də gücləndirmək arzusundadır? Yox, bu artıq mümkün deyil, çünki nə Qarabağ problemi var, nə onun həllinə, nə də Fransanın, xüsusən də ermənipərəstliyi ilə dərhal seçilən Makronun iştirakına ehtiyac duyulmur. Belə olan halda, yəni bunun gün kimi aydın olduğu bir məqamda Makronun niyyəti nə ola bilərdi, yenə də məsələni müzakirə etməkdə? Təbii ki, öz müqəddəratı və seçkilərdə qələbə qazanmaq arzusu. Bilirik ki, Fransada seçkilər gözlənilir və Makron da bu seçkilərdə qələbə qazanmaq üçün ermənilərin dəstəyinə ehtiyac duyur. Ən azından Fransada çox güclü olan erməni lobbisinin əks təsirindən qorxur, ehtiyatlanır. Bir növ, Cənubi Qafqazla bağlı niyyətinin dəryada balıq sevdası olmasını bilə-bilə bunu edir ki, ermənilərin necə deyərlər, “könlünü görsün”, razılığını əldə etsin. Amma güman ki, bunu ermənilrə də yaxşı başa düşürlər və indi 44 günlük müharibədən uduzaraq çıxan hərhansı “yaralı” erməninin yadına Makron düşmür. Bu baxımdan onun cəhdləri elə bəri başdan fiaskoya uğramış kimi sayıla bilər.
Növbəti dəfə Makron uğursuzluqla qarşılaşdı deməkdə haqlıyıq. Çünki, Fransa prezidenti heç də Moskvada arzuolunan, yaxud “gözlənilən qonaq” kimi qarşılanmadı. Çox güman ki, Cənubi Qafqazda Türkiyənin mövqeyinin güclənməsindən, Rusiya-Türkiyə münasibətlərinin günü-gündən yaxşılaşmasından, Türkiyənin həm bölgədə, həm də bütün dünyada söz sahibi olmasından qıcıqlanan Fransa prezidenti Rusiya prezidenti Putinlə görüşüb estafeti əlinə almaq arzusuna da düşüb. Lakin, Vladimir Putinin onu çox soyuq qarşılaması, təsdiq edir ki, Rusiya prezidenti daha çox Türkiyə ilə münasibətlərə üstünlük verir və burada Makronun “canfəşanlığı” heç nəyə yarayan deyil. Yəni, Putin öz münasibəti ilə göstərdi ki, hazırki mövqeyindən dönən deyil. Bu isə onu deməyə imkan verir ki, əvvəla Fransa prezidentinin öz geosiyasi aktivlik barədə arzuları puça çıxıb, digər tərəfdən isə erməni maraqlarından çıxış etməsi tamamilə nəticəsiz qalıb. Bir sözlə, Makronun bütün cəhdləri fiaskoya uğrayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB