Ermənistan tərəfi sülh danışıqlarına vaxt qazanmaq üçün bu prosesi uzadır - DEPUTAT ŞƏRH ETDİ

Ermənistan tərəfi sülh danışıqlarına vaxt qazanmaq üçün bu prosesi uzadır - DEPUTAT ŞƏRH ETDİ

"Bildiyimiz kimi cənab Prezident İlham Əliyev növbəti dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdi. Cənab Prezidentin bu dəfəki səfəri məhz Ağdam şəhərinə idi. Ağdam 30 illik işğal dönəmində ən çox zərər çəkmiş rayonlarımızdan və şəhər mərkəzlərimizdən biridir. Burada faktiki olaraq bir məscid və bir neçə yarım dağıdılmış binadan başqa heçnə yoxdur. Hətta burada bizim qəbirlərimizə qarşı da təhqiramiz hərəkətlər ediblər". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, faktiki olaraq Ağdamda daş daş üstündə qalmayıb: "Cənab Prezident İlham Əliyev Ağdama səfəri zamanı burada baş plana müvafiq olaraq bir sıra açılışlar etdi və burada görülməli olan işlərlə yaxından tanış olaraq bir sıra tapşırıqlar verdi. Cənab Prezident səfərində çıxışı zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanılmasının vacibliyi məsələsinə toxundu. Ötən dövr ərzində Azərbaycan öz mövqeyini qətiyyən dəyişməyib. Azərbaycanın şərti açıq-aşkar bəllidir və Ermənistan üçtərəfli bəyanatda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi sülh danışıqlarına vaxt qazanmaq üçün bu prosesi uzadır. Nəticə etibarilə sülh danışıqlarını və sülh müqaviləsinin bağlanmasını gecikdirir. Ancaq istənilən halda Azərbaycanla sülh müqaviləsinin imzalanacağı təqdirdə belə bizə qarşı törədilmiş vandal hərəkətləri, terroru, hərbi cinayətləri unutmamalıyıq. Biz çalışmalıyıq ki, gələcək nəsillər Azərbaycana qarşı törədilmiş bu cinayətləri bilsin".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb: "Azərbaycan artıq qalib ölkədir və tək sülh müqaviləsi ilə işini bitirmək yox, həmçinin Ermənistan ilə gələcəkdə müəyyən əlaqələrin qurulmasına müsbət baxır. Çünki Azərbaycan regionun aparıcı dövlətidir. Ermənistan tərəfi gec-tez bunu anlayacaq. Əks təqdirdə uduzan tərəf Ermənistan olacaq. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə mütəmadi olaraq səfərlər etməsi, Azərbaycan xalqının istəyini əks etdirməsi və birbaşa proseslərə nəzarət etməsi Prezidentin Qarabağa qayıdış proqramının uğurla həyata keçirdiyinin bariz sübutudur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə