Azərbaycan xalqının genetik yaddaşında, tariximizdə yer almış Xocalı soyqırımından artıq 30 ilə yaxın zaman ötür. Zaman baxımından uzun müddət olmasa da, insanların yaşadığı böyük faciə sanki onlara bir əsrin ağrısını yaşatmış oldu. Soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi olduğundan ermənilərin törətdikləri Xocalı soyqırımı da məhz bu məqsədi daşıyırdı. Bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi sayılıb. Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Ermənilərin azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Odur ki, ermənilər törətdikləri cinayətə görə, beynəlxalq trubunalardan mühakimə olunmalı və iç üzləri dünya ictimaiyyətinə təqdim edilməlidir. Tarixin dönəmlərində baş verən olaylara nəzər salsaq, görərik ki, Azərbaycanın başına gətirilənlərdən erəmənilər hələ də dərs almayıblar. Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti onların çirkin niyyətini təsdiqləyir. 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın tariximizdən silinməyəcək. Rəsmi mənbələrə görə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Mənbələrdə göstərilir ki, həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri haqqında belə yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər". Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Onların çoxunun meyitləri tapılmamışdır. Hadisənin şahidlərinin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
XOCALIDA TÖRƏDİLƏN ƏMƏLLƏR BMT-NİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİNƏ, ÜMUMBƏŞƏRİ DƏYƏRLƏRƏ TAMAMİLƏ ZİDDİR
Xocalı soyqırımı xarakter etibarı ilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Qabaqcadan xüsusi düzəldilmış pusqulardan qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin avtomat, pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırım niyyətini sübuta yetirən amillərdir. 1992-ci ilin 26 fevral qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən işğal edildi. Xocalı bir gecənin içərisində yerlə yeksan olundu. Beləliklə, soyuq və qarlı fevral gecəsində minlərlə dinc sakin girov götürüldü. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Xocalıda törədilən əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.
İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
SÜLH VƏ BƏŞƏRİYYƏT ƏLEYHİNƏ YÖNƏLƏN ƏMƏL
Azərbaycan öz haqq səsini ucaldır və dünya ictimaiyyətini hadisələrlə düzgün məlumatlandırır. Heydər Əliyev Fondunun dəstəyi ilə artıq neçə illərdir ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilir. Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn tədbirlər müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə keçirilir. Braziliyada, Londonda, Koreyada və onlarla dünya ölkələrində Azərbaycan həqiqətləri müxtəlif şəkildə təqdim edilib. Bütün bunlarla yanaşı, Koreya dilində Xocalı soyqırımı haqqında videoçarx hazırlanaraq, ən böyük axtarış saytı olan "Naver", eləcə də "Google" və "Youtube"da yerləşdirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" adlı kitab da çapdan çıxıb.
Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.
Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayətdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB