Vaksinasiya hər kəsin özünü sığortalamasıdır - ŞƏRH

Vaksinasiya hər kəsin özünü sığortalamasıdır - ŞƏRH

Müasir dünyamız üçün qlobal təhlükəyə çevrilən "COVID-19" pandemiyası iki ildən artıqdır ki, bəşər övladını ölümlə, necə deyərlər qorxulu düşmənlə üz-üzə qoyub. Hər an təhlükə saçan bu pandemiya səhiyyənin inkşaf etdiyi sivil dünyada "hökmranlıq" edir. Müxtəlif qapanmalar, təcridolunmalar və s. məhz "COVID-19" pandemiyası ilə əlaqədar olaraq ən güclü dövlətlərdə belə həyata keçirilir.

İlk olaraq yüzlərlə, minlərlə insanların bu xəstəlikdən əziyyət çəkdiyini və yaxud öldüyünü görür və eşdirdiksə, bu gün rəqəmlər, statistik göstəricilər virusun sürətlə yayılmasını ortaya qoymuş olur. Əgər bu gün dünyada koronavirusa yoluxanların sayı 402 milyonu ötübsə demək, bu kifayət qədər insanların həyatına da son qoymuş olub. Ölənlərin sayı 5,77 milyona çatıb. Bu göstərici artıq virusun gücünü ifadə etmiş olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadən deyə bilərik ki, bu statistikada yoluxanların və ölənlərin sayı yalnız dövlətlər tərəfindən rəsmən təsdiq edilmiş məlumatlar nəzərə alınmaqla qeyd olunur. Yenidən statiktik rəqəmlərə nəzər salsaq və ötən günlərlə müqayisə etsək görərik ki, dünya üzrə virusa yoluxanların sayının 250 milyonu keçməsi ötən il noyabrın 9-da qeydə alınıb. Bu ilin yanvarın 8-də həmin göstərici 300 milyonu, yanvarın 25-də 350 milyonu, fevralın 2-də 380 milyonu keçib. Təsdiqlənmiş yoluxma hallarının çoxu həmişə olduğu kimi, ABŞ-da qeydə alınıb. Sıralanmada Hindistan, Braziliya, Fransa kimi dövlətlər ilk yerlərə sahibdirlər. Azərbaycanda isə indiyə qədər koronovirusla bağlı 725. mini ötüb. Ölüm faktı isə 9 minə yaxındır. Əlbəttə ki, Azərbaycan hazırkı qlobal təhlükənin "COVID-19" pandemiyasının ölkə əhalisinə təsirini mümkün qədər minimumlaşdırmaq üçün ilk gündən səmərəli tədbirlər həyata keçirib və bunun nəticəsidir ki, dünya ölkələri ilə müqayisədə statistik rəqəmlər öz sözünü deyir. Görünməz bir düşmənlə mübarizədə tədbirlər davamlı və məqsədyönlü xarakter alıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan dünya ölkələrinə nümunə olaraq təqdim olunub və ölkəmizin təcrübəsi bütün sahələrdə olduğu kimi, bu gün də məhz pandemiya ilə mübarizədə öyrənilir.

PEYVƏNDLƏNMƏYƏ HƏR BİR VƏTƏNDAŞ MƏSULİYYƏTLƏ YANAŞIR

Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da koronavirusun yeni ştamı "omikron"a yoluxma halları təsdiqlənib. Ölkəmiz az zərərlərlə çıxmaq üçün səmərəli tədbirləri həyata keçirir. Əlbəttə ki, həmişə vurğulandığı kimi, koronavirusdan qorunmağın əsas yollarından biri vaksinasiya olunmaqdır. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Bu gün ölkəmizdə yeni qaydalar tətbiq olunur. Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldıldı. "Delta" variantında olduğu kimi, "omikron"da da peyvənd olunmamış insanlar daha çox zərər çəkəcək. Odur ki, vaksinasiya yoluxmanın ağır fəsadlarından, mümkün ölümdən hər kəsin özünün sığortalamasıdır.
Bu gün ölkəmizdə vaksinasiya işləri davamlı olaraq reallaşır. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən artıq xeyli sayda insanlar peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir. Artıq vətəndaşlar öz həyati təhlükəsizliyi məqsədi ilə peyvənd olunurlar. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayının 12 milyonu ötməsi fikrimizi təsdiqləmiş olur. Birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyonu, ikinci mərhələ üzrə 4 milyonu ötüb. "Buster" doza vurulan vətəndaşların sayı da kifayət qədərdir. Belə ki, bu say 2 milyonu keçib. Demək, hər bir vətəndaş bu işə məsuliyyətlə yanaşır.

MÜASİR ÇAĞIRIŞLARA CAVAB VERƏN İNFRASTRUKTUR BAZA MÖVCUDDUR

Yoluxma halının qarşısının alınması məqsədi ilə görülən işlər, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi, qapanmalar və bu kimi qərarların qəbul edilməsi virusun yayılmasının qarşısının alınmasına qarşı istiqamətlənmiş oldu. Qısa zamanda modul xəstəxanaların istifadəyə verilməsi, "Yeni klinika"nın açılışı və s. dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər sırasındadır. Maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərmiş oldu.
Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunaraq sağalıb və bu proses bu gün də davam etməkdədir. Dünya ölkələrində əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlı olduğu halda, Azərbaycan belə bir problemi yaşamır. Hazırda ümumi çarpayı fondunun 20, reanimasiya şöbələrinin çarpayı fondunun 10 faizi istifadə olunub. Sanitar-epidemioloji vəziyyət qənaətbəxş hesab olunur. Ekspertlərin qənaətinə görə, vaksinasiyadan keçənlər xəstəliyi yüngül keçirdikləri halda, peyvənd vurdurmayanlarda ağırlaşma və ciddi fəsadlar qeydə alınır. Azərbaycanda vaksin ehtiyatı kifayət qədərdir və əhalini "buster" dozanın qəbulunda daha fəal olması məqsədəuyğundur. Hər gün minlərlə insan yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunur. Öz həyatını, yaxınlarını təhlükədən xilas etmək üçün hər bir vətəndaş vaksinasiya olunmalıdır.

AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ DƏ QALİBLİYİNİ SÜBÜT EDƏCƏK

44 günlük Vətən müharibəsində iki cəbhədə müharibə aparan Azərbaycan bir müharibəni Zəfər ilə başa çatdırdı. Digər müharibədə - pandemiya ilə mübarizəsi davam edir. Müharibə dövründə necə həmrəylik göstərdiksə və Ali Baş Komandanın ətrafında birləşdiksə bu cəbhədə də dövlət başçısının çağrışlarına məsuliyyətlə yanaşırıq. Necə ki, bu sahədə Azərbaycan dünyaya artıq nümunədir. Müasir çağırışlara cavab verən infrastruktur bazanın mövcudluğu da bizə bu bəladan az itki ilə qurtulmağa imkan verəcək. İlk gündən ciddi şəkildə tədbirlər görülməsəydi bu gün yuxarıda qeyd etdiyimiz rəqəmlər daha yüksək göstəricilər üzərində olardı. Əminliklə deyə bilərik ki, Azərbaycan bu mübarizədə qalibliyini iradəsi, məsuliyyəti ilə bir daha sübüt edəcək.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə