Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin VIII iclası revanşist ermənilərin kürkünə birə salıb və Azərbaycanın uğurlarını həzm edə bilməyənlər həm də böyük qorxu içindədirlər. İndi Avropanın Azərbaycana marağını, Qoca Qitənin ölkəmizlə əlaqələrə üstünlük verdiyini müşahidə edən və bunu gözü götürməyənlər münasibətlər fonunda növbəti kapitulyasiya qorxusu yaşayırlar. Reallıqları, Azərbaycanın yaratdığı reallıqları görmək istəməyənlər artıq Avropanın ölkəmizlə əlaqələrə üstünlük verdiyinin dəfələrlə şahidi olandan sonra belə qənaətə gəliblər ki, Ermənistan növbəti dəfə, yəni, özlərinin də ifadə etdikləri kimi, yeni kapitulyasiya qarşısındadır.
Doğrudur, Azərbaycan öz əlaqələrini genişləndirdikcə, iqtisadi münasibətləri artdıqca imkanları da, gücü də, qüdrəti də artır. İşğalçılığı dövlət siyasəti hesab edən Ermənistandan ən böyük fərqimiz də elə bundadır və ölkəmiz iqtisadi yüksəlişlə daha böyük nailiyyətlərə ümid edir. Əslində, ermənilər özləri də bunun şahidi oldular ki, Azərbaycanın iqtisadi gücü, qüdrəti müqaisəyə gəlməz dərəcədə yüksəkdir və bunun qarşısında Ermənistan kimi çılız bir dövlət, səfalət içində inləyən bir ölkə dayana bilməz. Bu fakt özünü 44 günlük müharibədə də təsdiq etdi və təkcə Ermənistandakılar deyil, bütün dünya erməniləri üçün bu bir dərs oldu.
Bu da bir həqiqətdir, bir reallıqdır ki, Azərbaycan öz münasibətlərini, əlaqələrini genişləndirdikcə, həm də bütün dünyada söz sahibinə çevrilib və bundan sonra da belə davam edəcək. Yəni, Avropa ölkələri ilə, yaxud dünyanın hərhansı nüfuzlu ölkəsi ilə əlaqələrini genişləndirən bir ölkə, təbii ki, heç bir əlaqələri olmayan digər ölkə ilə eyni statusa, eyni məqama malik ola bilməz, müqaisə edilməz dərəcədə dəfələrlə üstün olar. Artıq çoxdandır ki, bu belə olub və məhz indi də, hal-hazırda da bu belədir, hansıki revanş arzusunda olan ermənilər bundan bərk qıcıqlanıblar. Xüsusilə, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin VIII iclası, bu iclasın Azərbaycan paytaxtında keçirilməsi, ölkəmizin daha böyük uğurları və strateji hədəfləri düşmənlərinin gözünə şiş kimi batıb və onlar hesab edirlər ki, Azərbaycan bundan sonra istənilən şərtləri diqtə edə, onlar isə bunun qarşısında aciz qalarlar. Bir sözlə, ölkəmizi düşmən gözündə görənlər, Azərbaycanın nüfuzunun artması fonunda yeni kapitulyasiyaya imza atacaqları qorxusu ilə yuxularını belə qarışdırıblar. Sözsüz ki, bu yeni kapitulyasiya dedikdə onlar daha yeni təslimiyyət, öz itgilərini nəzərdə tuturlar və hardasa qorxmaları da başadüşüləndir.
Bilirik ki, cari ilin yanvar ayının sonuna olan məlumata görə, ötən ilin yayında Avropanın qaz anbarlarına vurulan qazın 81 faizinin istifadə edildiyi haqda informasiya yayılıb. Bu barədə “Qazprom” “Gas Infrastructure Europe” şirkətinin məlumatlarına istinadən məlumat yayıb. Qeyd olunur ki, anbar boşalmaq üzrədir və bu barədə həyəcan təbili Avropada çoxdandır çalınır, enerji təhlükəsi ilə qarşılaşacaqları bəyan edilir. Bildirilir ki, yanvarın 30-na Avropanın yeraltı anbarlarında aktiv qazın həcmi 27,2% və ya 14,2 milyard kubmetr təşkil edib. Aktiv, yəni hasilata hazır qazın ümumi həcmi 38,1 milyard kubmetrdir. Ümumiyyətlə, Avropanın anbarlarında qalan qazın həcminin tarixi minimuma çatdığı məlum olur. O da artıq məlumdur ki, belə bir çətin vəziyyətdə enerji təhlükəsizliyi baxımından Avropanın Azərbaycandan gözləntiləri böyükdür. Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin VIII iclasının Azərbaycan paytaxtında keçirilməsi həmin gözləntilərə olan inamı da təsdiqləyir. Elə bu gözləntilər, bununla əlaqədar ölkəmizin məhz Avropanın enerji təhlükəsizliyinə tövhəsi, bundan sonrakı daha sıx və isti münasibətlərin olacağı qisas hissi ilə alışıb yanan erməni xislətini ürküdüb. Ona görə ürküdüb ki, revanş kimi dərsəm fikirlərinə, öz danışdıqları nağıllara bundan sonra özləri belə inana bilməyəcəklər, nəinki Ermənistanın daxili auditoriyası. İndi Avropanın marağında Ermənistan deyil, Azərbaycanın olduğu gün kimi aydındır və bu heç də təsadüfi sayılmır, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş, məqsədyönlü, uzaqgörən siyasətin məntiqi nəticəsidir.
Məlumdur ki, sözügedən layihənin uzunluğu təxminən 3500 kilometrdir və əsas məqsəd Avropaya qaz tədarükünün təhlükəsizliyini artırmaqdır. Bu həm də Avropanın Rusiya qazından asılılığını azaltması, minimuma endirməsi deməkdir. Xüsusilə, Rusiya ilə son gərgin münasibətlər fonunda Avropa bu məsələdə nə qədər maraqlı olduğu da təkzibedilməzdir. Azərbaycanda isə təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Təsadüfi deyil ki, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Avropaya qaz nəqlinin artacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, mümkün tədarük həcmi ilə bağlı müxtəlif təxminlər də var. O, eyni zamanda qeyd edib ki, ümumilikdə həcmlərin artırılması üçün, xüsusən də Azərbaycan tərəfdən müəyyən addımlar atıla bilər. “Hazırda bizim istismar boru kəmərimiz var, lakin o, yayın əvvəlinə tam gücünə çatacaq, hansıki, Avropanı 10 milyard kubmetr təbii qazla təmin edəcək”, deyən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Azərbaycana, ölkəmizlə olan əlaqələrə ümid etdiyini, inandığını bəyan edib. Nəticə etibarı ilə bu inam, bu ümidlər də bir çoxlarını, təbii ki, Azərbaycanın düşmənlərini narahat etməyə bilməz. Mövcud reallıqlar Azərbaycanın bundan sonra məhz Avropada daha böyük nüfuzundan xəbər verir, hansıki bu, axmaqcasına revanş həvəsinə düşənlərin yuxusunu qaçırıb.
Avropa İttifaqının Azərbaycana əvvəllər nəzərdə tutulan və ayrılması planlaşdırılan 140 milyon dollar əvəzinə, 2 milyard avro məbləğində maliyyə yardımı paketi təqdim etməsi daha bir uğur, ölkəmizin növbəti uğurudur və düşmənlərimizi əlbəttə ki, bu hal sevindirə bilməz. Doğrudur, Azərbaycan qonşu Ermənistan kimi yansısa yardıma, ayrılacaq vəsaitə ehtiyac duymur və bu zamana qədərki kimi öz hesabına hər şeyin öhdəsindən gəlmək iqtidarındadır. Məsələ burasındadır ki, əvvəla torpaqları işğal olunan, işğal nəticəsində dağıdılan, viran qoyulan və bərpasına ehtiyac duyulan, vəsait tələb olunan Azərbaycan torpaqları olduğu halda ölkəmizə əvvəllər nəzərdə tutulan az məbləğdə vəsait ayrılması ədalətsizlik idi və indi işğaldan torpaqlarını azad etməklə tarixi ədaləti bərpa edən Azərbaycan, öz uğurlu strategiyası ilə bu ədaləti də bərpa etdi. Digər tərəfdən Ermənistan tərəfində olan bəzi qüvvələrə, Azərbaycanı düşmən bəlləyən qüvvələrə bu bir dərs oldu. Dərs oldu ki, heç də bu vaxta qədər gördükləri təkrar olunmayacaq və Azərbaycan bundan sonra ədalətsizliyə imkan verməyəcək və məhz bu da yeni kapitulyasiya barədə düşmənlərimizi düşünməyə, qorxuya düşməyə vadar edir.
Bəli, ölkə başçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir-birinin ardınca qələbələrə imza atır. Azərbaycan dinamik inkişafdadır və bu dinamika bütün sahələrdə həm özünü biruzə verir, həm də uğurlu nəticələr vəd edir. Bunu isə ölkəmizin düşmənləri görəndə daha çox qıcıqlanırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı sədri Çarlz Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdən və bu görüşün nəticələrindən düşmənlərimiz heç də məmnun deyillər. Çünki, rəsmi Bakının uzun müddətdir ki, təkidlə tələb etdiyi bir çox şeylər bu görüş zamanı əldə olundu. Məsələn, ermənilərin uydurduqları qondarma status məsələsinə baxılmadı da. İndi ermənilər bu məsələni şərh edərkən bildirirlər ki, bu fakt Avropa İttifaqının Azərbaycan qarşısında təslim olmasıdır, amma əslində bu, ədalətin növbəti təntənəsi, qələbəsidir ki, ermənilərin boğazlarından məhz bu ötüb keçmir.
Həqiqətən də Azərbaycanın geosiyasi müstəvidə mövqeyi durmadan möhkəmlənir və bunu ermənilər görməməzlikdən gələ də bilməzlər. Əbəs yerə deyil ki, erməni cəmiyyətində Paşinyanın növbəti dəfə təslim olduğu fikirləri dolaşır. Hətta bildirilir ki, Ermənistanın baş naziri hansısa yeni kapirulyasiyaya hazırlaşır. Xüsusilə, Paşinyanın Azərbaycanla sülh müqaviləsinə razılaşmağın vacibliyi barədə son sözləri revanşistlərin canına vəlvələ salıb və Ermənistanda yeni kapitulyasiya qorxusu hökm sürür, hansıki daha bir təslimiyyətə imza atmaq qorxusu yuxularını ərşə çəkib. Azərbaycanın isə yolu sülh, inkişaf, tərəqqi yoludur, kimsəni qorxutmaq kimi bir məramı yoxdur. “Xain xoflu olar” zərb məsəlində deyildiyi kimi, həqiqətən də xainlərin xislətləri üzrə xof içində olmaları, qorxuya düşmələri də anlaşılandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB