Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" növbəti Sərəncam əhalinin sosial rifahının qorunmasına xidmət edir
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası olaraq əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq, həmçinin postmüharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaq məqsədilə fevralın 8-də Sərəncam imzalayıb. Sərənsama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin; 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsini təmin etsin.
PREZİDENT İLHAM ƏLİYEVİN SİYASƏTİNİN MƏRKƏZİNDƏ HƏR ZAMAN VƏTƏNDAŞ RİFAHININ TƏMİNATI DAYANIB
İqtisadiyyatın sürətli inkişafı, möhkəm ictimai-siyasi sabitliyin təmin olunması, vətəndaşların sosial rifahının yüksəldilməsi ölkəmizdə daxili siyasətin mühüm uğurlu göstəriciləridir. Həyata keçirilən dövlət proqramlarının, çoxşaxəli islahatların real nəticəsi olaraq ölkə iqtisadiyyatı, xüsusən, qeyri-neft sektoru sürətli inkişaf mərhələsinə qədəm qoyub, bütün kateqoriyalardan olan vətəndaşların əməkhaqları bir neçə dəfə artıb, iqtisadiyyata sərmayə yatırımı yüksəlib. Ölkənin iqtisadi potensialının tam hərəkətə gətirilməsinə nail olan Prezident İlham Əliyev Azərbaycanın gələcəyinin, ölkənin qüdrətinin məhz iqtisadiyyatdan asılı olduğunu hər zaman qeyd edir. Ölkəmizi yüksək nailiyyətlərə aparan iqtisadi inkişaf strategiyasını uğurla reallaşdıran dövlət başçısının fəaliyyətində sosial məsələlərə diqqət prioritet istiqamət təşkil edir. İldən-ilə inkişafda olan Azərbaycan iqtisadiyyatı bütün parametrləri ilə yanaşı, həm də xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində atılan addımların real nəticələri ilə müşayiət olunmaqdadır. Çünki ölkə iqtisadiyyatının ardıcıl və dinamik inkişafı, həyata keçirilən köklü dəyişikliklər iqtisadi sabitliyi təmin etməklə bərabər, dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə geniş yol açıb, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün möhkəm zəmin yaradıb. Bu baxımdan, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, bütövlükdə bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətləri sayılır. Sosial sahəyə diqqət və qayğının nəticəsidir ki, dövlət büdcəsində sosialyönümlülük prioritet məqsədlərdən biridir.
ÖLKƏDƏ APARILAN SOSİAL İSLAHATLAR DÖVLƏT BAŞÇISININ DAİM VƏTƏNDAŞLARI DÜŞÜNDÜYÜNÜ VƏ ONLARIN SOSİAL RİFAHININ YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ DAİM ADDIMLAR ATDIĞINI BİR DAHA TƏSDİQLƏYİR
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial islahatlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqləyir. Bu baxımdan, 2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı fərman və sərəncamlar bu sahədə də yeni başlanğıc hesab edilə bilər. Belə ki, 2018-2021-ci illərdə sosial təminat, o cümlədən pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclərdə 60% artımın qeydə alınması Azərbaycan dövlətinin əhalinin sosial müdafiəsinə nə qədər ciddi önəm verdiyini göstərir. Təkcə 2021-ci ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar sosial islahatların 2,1 milyon insanın rifahına dəstək olan və illik əlavə 1,5 milyard manat vəsait ayrılmasını nəzərdə tutan yeni mərhələsini açdı, minimum aylıq əməkhaqqı artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, 800 min işçini əhatə edir. Ümumilikdə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Bununla yanaşı 2021-ci ildə təqaüdlərin, pensiyaların, ünvanlı sosial yardımların və digər ödənişlərin artırılması istiqamətində vacib addımlar atıldı.
AZƏRBAYCANDA PENSİYA TƏMİNATI VƏ DİGƏR SOSİAL GÖSTƏRİCİLƏR BİR SIRA SAHƏLƏRDƏ MDB ÖLKƏLƏRİ ARASINDA İLK PİLLƏLƏRDƏ QƏRARLAŞIB
Görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb. Belə ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 2021-ci il də uğurlu islahatlar ili olub. Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Qeyd edək ki, 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Dövlətimizin başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da genişlənməsinə imkan verdi. Bunun nəticəsi olaraq, 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilməsi proqramı icra olundu. Ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Eyni zamanda, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri uğurla davam edir. 2021-ci ildə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin edilib və bu günədək 7400 müharibə əlilinə avtomobil verilib.
Əlilliyi olan şəxslərin müavinətləri I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırılıb. Əlilliyi olan şəxslərin müavinətləri üç il əvvələ nisbətən I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artıb. Müddətli hərbi xidmətdə olanların hər uşağına görə müavinət 100 manatdan 120 manata çatdırılıb və üç il əvvələ (68 manat) nisbətən 76,5 faiz artıb.
Bir sözlə, insan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır, ən başlıca vəzifə kimi qarşıya qoyulub və bu əməli fəaliyyətdə qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atdığını bir daha təsdiqləyir. Post-müharibə və pandemiya dövründə sosial sahəyə bu qədər önəmin verilməsi bir daha göstərir ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı dayanır. Göründüyü kimi, görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb.
Ümumiyyətlə, pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar, həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin məntiqi nəticəsidir. Və cari ildə də bu uğurların sırası daha da genişlənəcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB