Şuşa Bəyannaməsi - əməkdaşlıqdan müttəfiqliyə doğru atılan böyük addım TƏHLİL
Prezident İlham Əliyev: “Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxıb”
Rəcəb Tayyib Ərdoğanın Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”
15 iyin 2021-ci il Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda – Azərbaycannı mədəniyyət beşiyi olan Şuşa şəhərində qarşıladı. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannamənin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Bəli, Müttəfiqlik haqqında Bəyannamə təqdimatı hər şeyi deyir. Bu tarixi sənədin imzalanmasından sonra bütövləşmişik, bir dövlətə çevrilmişik. Şuşa Bəyannaməsi qardaşlığımızın rəmzidir. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın birgə maraqlarının qorunması üçün hər iki ölkənin bütün imkanlarından istifadə etməyə imkan verən rəsmi sənəddir. İstər Türkiyəyə qarşı, istərsə də Azərbaycana qarşı üçüncü ölkə və yaxud ölkələr tərəfindən təhdidlər və yaxud birbaşa hücum olarsa iki ölkənin bütün imkanları səfərbər ediləcək və işğalçıya qarşı birgə mübarizə aparacaqlar.
Azərbaycan Prezidenti: “Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi. Şuşa Bəyannaməsinin önəmi həm də ondan ibarətdir ki, bu sənəd heç bir ölkəyə qarşı deyil, əksinə regionda daimi sülhün, sabitliyin bərqərar olmasına yönəldilib. Sənəddə də göstərildiyi kimi, yalnız hər iki ölkəyə qarşı xaricdən müdaxilələr olacağı təqdirdə birgə əməliyyatlar keçiriləcək, bir-birinə hər cür dəstək verəcəklər. Bu, həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına uyğundur. Şuşa Bəyannaməsinin imzalanmasından keçən müddət ərzində Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün kifayət qədər işlər görülüb. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı meqalayihələrə start verilib. Region dövlətləri arasında münasibətlərin normallaşdırılması istiqamətində Türkiyə və Azərbaycanın birgə təşəbbüsləri deyilənlərə ən parlaq nümunədir. Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətə başlaması da bu qəbildəndir. Rusiyanın da bu prosesə daxil edilməsi isə regionda sülhün bərqərar olunmasının təsir mexanizmini artırmağa hesablanıb.
Bəli, Şuşa Bəyannaməsinin sülhyönümlü olması mübaliğəsizdir. İki qardaş ölkə arasında müttəfiqliyin bu sənəd vasitəsilə bir daha təsdiqlənməsi qonşularının da xeyrinədir. Çünki, nə Türkiyə, nə də Azərbaycan təcavüzkardır, hər iki ölkə BMT tərəfindən tanınmış və bütün beynəlxalq sənədlərdə təsdiq olunmuş sərhədlərinə sahib olmaq və qonşularının da ərazi bütövlüyünə hörmətlə yanaşmaq, mehriban qonşuluq şəraitində yaşamaq istəyindədir. 30 il idi ki, beynəlxalq güclər Cənubi Qafqaz regionunu özlərinin haqq-hesab poliqonuna çevirmişdilər. Məhz Türkiyə ilə Azərbaycanın birgə səyi ilə regionda faşizmin kökü kəsildi, uzun illər erməniləri də normal yaşayışdan məhrum etmiş rejim tarixin arxivinə atıldı. Sülhə məcburetmə nümunəsi Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədə özünü tam olaraq təsdiq etdi. Azərbaycan Ermənistandakı faşist rejimi məğlub etmədi, həm də regiona uzunmüddətli sülh gətirdi.
Türkiyə Prezidenti: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı əlaqələrdə yeni dönəm başlayıb: «Qarabağa yenidən həyat verməklə yanaşı, azərbaycanlı qardaşlarımızın bir daha bu cür fəlakətlər yaşamaması üçün bir millət, iki dövlət ruhuna uyğun şəkildə tədbirlərimizi alırıq. Qardaşım Əliyevlə birlikdə imzaladığımız və dünyaya elan etdiyimiz Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq. Bu bəyannamə çərçivəsində bir çox anlaşmanı çox yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, beləcə qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik. Şuşa Baş Konsulluğumuzun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin bir an öncə işləməsinə qədər gündəmimizdəki hər bir başlığı qərarlılıqla və sürətlə həyata keçirəcəyik. Önümüzdəki aylarda ölkəmizdə gerçəkləşdirəcəyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu xüsuslarla əlaqəli konkret addımların çoxunu atmağı planlaşdırırıq".
Qeyd edək ki, Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasındakı əlaqələri tarixi maksimuma çatdıraraq bütün dünyaya iki ölkənin qardaşlığı ilə bağlı mesaj verilməsi baxımından da əlamətdar oldu. Bununla onsuzda ortada olan bir reallıq bir daha açıq şəkildə bütün dünyanın nəzərinə çatdırıldı: Türkiyə 44 günlük müharibə dövründə olduğu kimi sonrasında da, yəni Qarabağın dirçəldilməsi, bölgədə bütün kommunikasiyaların açılması və s. məsələlərdə də Azərbaycanı birmənalı olaraq dəstəkləyir və bundan sonra da qeyd-şərtsiz dəstəkləməyə davam edəcək. Artıq reallıqla barışmaq və gələcəyə baxmaq lazımdır.
Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Çünki bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstəyi və qazanılan zəfər regionda yeni reallıqlar yaratdı. Bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinin şahidi oldu. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Həmçinin, imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisidir. Eyni zamanda, Şuşa Bəyannaməsi Ermənistana və onun havadarlarına da mesajdır. Türk dünyasının iqtisadi, siyasi və mədəni birliyi bu bəyannamə ilə daha da sarsılmaz olacaq. Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Regionumuz bu iki türk dövlətinin təşəbbüsləri ilə inkişaf edəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə süni münaqişələrin yaradılması və ya alovlandırılması da daha mümkün olmayacaq. Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır. Və Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi də tarixə düşəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqlarımızıın milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki böyük liderdir. Azərbaycanla Türkiyənin dünyada gedən proseslər haqqında mövqeləri üst-üstə düşür, bundan sonra da bu iki liderin rəhbərliyi altında iki dövlət BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birilərinə qarşılıqlı dəstək verəcəklər. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə göz dağı verməklə yanaşı həm də Azərbaycanın gücünün, qüdrətinin nə qədər böyük olduğunu bir daha göstərdi.
“Güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”
Bir sözlə, bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.
Bəli, bu gün Türkiyə-Azərbaycan, “Bir millət, iki dövlət”i rəsmiləşdirən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi - Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”.Dövlət başçımızın dediyi kimi: “Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxıb”.Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsini imzalamaqla hər zaman Azərbaycanın yanında olacağını rəsmən elan etdilər. Bu, tarixi hadisədir və xalqlarımızı qürurlandırır, gücümüzü artırır, birliyimizi möhkəmləndirir və dövlətlərimizi daha böyük uğura aparır.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB