Yaxud, RSK üzərinə götürdüyü məsuliyyəti yerinə yetirə bilmirsə...
Hələ 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatdan dərhal sonra Qarabağ regionuna təşrif buyuran Rusiya sülhməramlıları kontingentinin (RSK) davranışları ilk gündən göstərdi ki, onlar üzərlərinə düşən məsuliyyətin öhdəsindən ya qəsdən gəlməyəcəklər, ya da həmin məsuliyyəti icra edərkən maksimal dərəcədə erməni separatçılarının maraqlarına xidmət göstərəcəklər.
Təəssüf ki, ilk gündəncə belə də oldu. Misal üçün, Kəlbəcərdən, Laçının kəndlərindən çıxan ermənilər ekoloji terror törətdilər, meşələrimizi, flora və faunamızı məhv etdilər, üstəlik, işğal müddətində zəbt etdikləri azərbaycanlıların evlərini yandırdılar və ən pisi - ərazilərimizi xaotik şəkildə minalayaraq tərk etdilər. Bütün bunlar isə humanizm prinsiplərindən çıxış edən Azərbaycan dövlətinin onlara verdiyi əlavə müddətdə baş verdi. RSK isə baş verənləri, sadəcə, seyr etdi və baş verənlərin qarşısını almadı (?!)
Təxribatçı əməllər bu gün də davam etməkdədir
Bax, onda məlum və ya sübut olunmağa başlandı ki, qarşıdakı illərdə müxtəlif təxribatlara göz yumulacaq və yumuldu da. Sonrakı müddətdə separatçıların terror əməlləri baş verdi, minalanmış ərazilərdə onlarla vətəndaşlarımız, hərbçilərimiz həlak oldu, yaxud əlil qaldılar. Əlavə olaraq isə üçtərəfli bəyanatın bəlkə də ən əsas - 4-cü bəndində tələb olunan müddəa yerinə yetirilməmiş qaldı. RSK-nın məsul olduqları ərazilərimizə daxil olarkən paralel şəkildə separatçı qüvvələr və erməni həbri birləşmələri Qarabağdan çııxarılmamış qaldılar. Təxribatçı, qəsd əməlləri isə davam edirdi və təəssüf ki, bu gün də davam etməkdədir.
Belə olan halda Azərbaycanın antiterror əməliyyatlarını keçirməsinə kifayət qədər əsaslar yaranır
Bugünlərdə qanunsuz erməni hərbi birləşmələrinin Tərtər istiqamətinə atəş açmaları da qeyd edilən faktların tərkib hissəsidir. O cümlədən, RSK-nın mühafizəsi altında Xankəndi ətrafında, Ağdərədə, Əsgəranda, Ağdam təmas xəttində qazılan səngərlər, habelə daha bir olay – separatçı rejim “polislərinin” Azərbaycanın suveren ərazilərində RSK ilə birgə (!) inşaat materialları daşıyan yük maşınlarımızı yoxlamaları artıq bütün qırmızı xətlərin keçdiyini isbat etdi.
Belə olan halda Azərbaycanın antiterror əməliyyatlarını keçirməsinə kifayət qədər əsaslar yaranır.
Yeri gəlmişkən, Azərbaycanın yük maşınlarının RSK ilə birgə quldur rejim silahlılarının tərəfindən də yoxlanılmasına qarşı ictimaiyyətin hiddətli münasibətinin ardınca RSK geriyə addım atmaqla bir daha həmin halların təkrarlanmayacağı vədini verib. Bu barədə callber rusdilli saytında məlumat verilib. “Bundan sonra bir nəfər də olsun erməni silahlısı Azərbaycan kolonlarına yaxınlaşmayacaq, Qarabağdakı Rusiya sülhməramlıları buna zəmanət veriblər”, deyə məlumatda bildirilir. Vurğulanır ki, rus hərbçiləri bir daha bənzər hadisələrin yaşanmayacağı qeyd olunur.
RSK-nın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirə bilmədiyi fakta çevrilib
Beləliklə, sual yaranır: RSK-nın zəmanətinə etibar etmək olarmı? Məgər 2 ilə yaxındır ki, Qarabağda müvəqqəti yerləşmiş RSK nəinki zəmanət, qəbul edilən üçtərəfli bəyanatdakı bəndlərin icrasını həyata keçirirmi? Erməni quldurları, separatçıları Azərbaycanın ərazilərindən çıxarılırmı? Laçın dəhlizində boşluqlar aradan qaldırılırmı? Təəssüf ki, yox, belə deyil və bu baxımdan, artıq RSK-nın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirə bilmədiyi fakta çevrilib və artıq belə də qənaətə gəlmək olar ki, üçtərəfli bəyanata əsasən Azərbaycan tərəfi onların vaxtından əvvəl ərazilərimizi tərk etməsi məsələsini qaldıra bilər. Çünki olanlar göz önündədir...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB