Ermənistanda anti-Rusiya maraqları: rus ayısı qəzəblənə bilər ANALİTİK
Erməni ictimaiyyətində yalnız anti-Rusiya maraqları deyil, həm də bütövlükdə ruslara qarşı antipatiya hissləri, rusofobluq xarakteri aşkar şəkildə bəlli olunmaqdadır
Ermənistanda anti-Rusiya xarakterli çıxışların saatbasaat artması barədə ötən yazılarımızın birində qeyd etmişdik. Lakin diqqət çəkən məqam budur ki, mövcud vəziyyət ara-sıra deyil, demək olar ki, hər gün və mütəmadi şəkildə özünü büruzə verməkdədir. Əsasən, KİV-lərdə gedən geniş anti-Rusiya barəsindəki məqalələrdə istər hakimiyyət, istərsə də əvvəlki iqtidar təmsilçiləri ən sərt şəkildə hədəfə alınmaqla sözün əsı mənasında atəşə tutulurlar. SİA xəbər verir ki, növbəti belə yazı ilə Armenianreport saytının 4 fevral 2022-ci il tarixində dərc edilmiş məqaləsində çıxış olunub. Erməni siyasi analitiki və jurnalisti Tevos Arşakyanın müəllifi olduğu məqalənin sərlövhəsi də maraqlıdır – Rusiya Ermənistanı udmağa hazırlaşır...
Moskva erməniləri ağıllandırmaq üçün İrəvana ekspertlər qrupu göndərib
Beləliklə, məqalənin ilk sətrindəcə bildirilir ki, Kremlin Ermənistana münasibətindəki maraqları heç də utopik deyil, çünki ölkədə rusiyayönümlü beşinci kolon fəaliyyət göstərir. Müəllif digər erməni nəşri – “Hraparak”a istinad edərək yazır ki, içlərində jurnalistlər, politoloqlar və ictimai xadimlər olan Rusiyanın ekspertlər qrupunun Ermənistana səfərləri ona rus yazıçısı Qoqolun “Revizor” (“Müfəttiş”) əsərini xatırladıb. Müəllif ironik şəkildə yazıb ki, Rusiya tanınmışlarının Ermənistana səfərləri müharibədən sonra ölkədə anti-Rusiya ruhunda yaranan fikirlərdən narahat olmaları ilə bağlıdır.
“Son günlər onlar Ermənistandakı rusiyayönümlü dairələrlə intensiv görüşlər keçirirlər. Erməni-rus münasibətlərinin yaxşılaşdırılması yönündə məsələləri müzakirə edir, anti-Rusiya köklənmələrinin yumşaldılması barədə danışırlar. Lakin belə bir məlumat var ki, görüşlər zamanı yeni ittifaq dövlətinin yaradılması ideyası ətrafında təbliğatlar aparılır və onlar erməni xadimlərini bu istiqamətdə təbliğatlar aparmağa çağırırlar”, müəllif “Hraparak” qəzetinə istinadən xatırladır. SİTAT: “Nə deyək, hadisələrin mövcud vəziyyətə qədər inkişaf etməsi gözlənilən idi. Sonuncu müharibədən sonra erməni ictimaiyyəti yuxudan ayıldı və Rusiyanın müttəfiqlik keyfiyyətlərinin nədən ibarət olduğunu anladı...”
IRI-Amerika sorğu mərkəzinin nəticələrinə görə, Ermənistana “təhlükə” yarada biləcək ölkələr Türkiyə və Azərbaycanla yanaşı, həm də Rusiyadır...
Tevos Arşakyan davam edərək yazır ki, çətin ki, Ermənistanda sağlam düşünən şəxs Moskvaya ümid edə bilsin. Bundan əlavə, o ABŞ-ın IRI sorğu institutunun apardığı sorğunun nəticələrini də xatırladıb. SİTAT: “Aparılan sorğunun nəticələrinə görə, Rusiya Ermənistana təhlükə yaradacaq ölkələr reytinqində üçüncü yerə sahibdir. Birinci və ikinci yerləri isə gözlənildiyi kimi, Türkiyə və Azərbaycan tutub. Rusiyanın isə bu siyahıda üçüncü yerə sahib olması qanunauyğundur. Erməni xalqı son illərdə ondan kifayət qədər çəkdiyini-çəkib. Və məsələ onda deyil ki, sorğunu amerikalılar keçiriblər. Onların buraya aidiyyatı yoxdur. Axı biz burada yaşayır və cəmiyyətimizdə ruslara qarşı kifayət qədər neqativ münasibət nümayiş etdirdiyini gözlərimizlə görürük”.
Tevos Arşakyan “Cəmiyyətimizdə ruslara qarşı neqativ münasibət” ifadəsi ilə nəyə eyham vurur?
Haşiyə çıxaraq qeyd etmək yerinə düşərdi ki, “Armenianreport” saytının analitiki burada öz hisslərini gizlədə bilməyərək yalnız Rusiyaya qarşı deyil, açıq-aşkar rus millətinə qarşı da antipatik hisslərini aşkara çıxarıb. “Cəmiyyətimizdə ruslara qarşı neqativ münasibət” ifadəsi də artıq həmin reallığı artıqlaması isə sübuta yetirmiş olur. Bu, həm də monoetnik Ermənistanın reallığını isbat edən münasibət kimi də qiymətləndirilə bilər.
Beləliklə, erməni müəllif davam edir. SİTAT: “Bundan əlavə, biz Rusiyanı Ermənistana yönəlik yalnız siyasi və milli təhlükə kimi görmürük, həm də iqtisdadi təhlükə yaratdığını bilirik. Ölkəmizin Moskvadan həddindən artıq asılı olduğunu nəzərə alsaq energetika və nəqliyyat sferalarında da tabeliyimiz görünməkdədir. Kremlə rəsmi İrəvana təzyiqlərini artırması üçün verdiyi qazın qiymətini artırmaq, Rusiya-Gürcüstan sərhədini bağlamaq kifayət edər. Və bununla da istənilən erməni hakimiyyəti dərhal daha sözəbaxan olacaq”.
Koçaryan və Paşinyan da ayrı-ayrılıqda hədəfə alınır
Buradan da aşkar görünür ki, əslində, erməni ictimai-siyasi rəyi çıxılmaz vəziyyətdədir və ölkə bütünlüklə Rusiyanın birmənalı tabeliyində qalıb. Bunu isə Tevos Arşakyan digər rakirsdan izah edir. Daha dəqiq desək, Ermənistanın əvvəlki rəhbərliklərini günahlandırır. SİTAT: “...Rusiyayönümlü beşinci kolonun lideri sözsüz ki, Putinin dostu Robert Koçaryandır. Həmin Koçaryan ki, onun nümayəndələri parlamentə oturublar və “Ermənistan” blokunu təmsil edirlər. Eləcə də onun tərəfdarları arasında silahlı qüvvələrə və xüsusi xidmətlər təsir edə biləcək adamları var”.
“Armenianreport”un analitik yazarı sözügedən məsələdə mövcud iqtidarı – Nikol Paşinyanı da hədəfə almağa unutmayaraq bildirib ki, Paşinyan demək olar ki, 4 il müddətində bu strukturları (əsasən, güc strukturlarını-R.R.) rusiyayönümlü artıqlardan təmizləyə bilməyib və onlar nəinki Paşinyanın özünə, həm də bütün ölkəyə ciddi təhlükə yaradırlar. SİTAT: “Axı hakimiyyətə geri dönmək üçün bu, onların əsas tələsidir və onlar Ermənistanı Rusiyanın ağuşuna atmaqla gözlərini qırpmadan onu boğmağa, ölkənin “suverenliyini” (dırnaqlar bizimdir – R.R.) qurban verməyə hazırdırlar. Eyni zamanda, mövcud hakimiyyətin onların başları üzərində asılıb-qalmış təhlükəni nəzərə almayaraq passivliyi təəccüb və hiddət doğurmaya bilməz. Onlar hətta Baltik ölkələrinin təcrübəsini də tətbiq etmək istəmirlər, hansı ki, bu ölkələrə rus emissarlarının və təbliğatçılarının girişləri bağlıdır və rəsmi şəkildə qadağan edilib. Əgər onlar başqa adlar altında oralara düşürlərsə, dərhal aşkar edərək çölə tullayırlar.
Bizim hakimiyyət isə nəinki rus elçilərinə ölkəyə daxil olmağa icazə verirlər, həm də onlara öz adeptləri (həmfikirləri-R.R.) ilə gizli görüşlər keçirməyə şərait yaradırlar...”
Yəqin ki, uzun illər Ermənistanı “yedirən”, “içirən”, “geyindirən” Moskva bənzər məqalələri, yanaşmaları gözündən yayındırmır...
Erməni müəllif hakimiyyətin Moskva ilə münasibətlərini pozmaq və vəziyyəti daha da gərginləşdirmək istəmədiyini yazır, həm də əlavə edir ki, bütün bunlar ölkəyə baha başa gələcək və ən əsası, olan-qalan “müstəqillik” də itiriləcək.
Nəticə isə budur – erməni müəllifi təəssüf ki, indi anlamağa başlayıb ki, onun ölkəsi öz müstəqilliyini və suverenliyini çoxdan, hətta onillər əvvəl itirib və bundan sonra Rusiya olmasın, digər ölkə olsun – bütün mənalarda asılı, vassal olaraq qalacaq, hətta öz mövcudluğunu itirəcək.
Rusiyaya qaldıqda isə çox yəqin ki, uzun illər Ermənistanı “yedirən”, “içirən”, “geyindirən” Moskva bənzər məqalələri, yanaşmaları gözündən yayındırmır...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB