Prezident İlham Əliyev: “Mən Prezident kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi müdafiə edəcəyəm”
Milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən bir çərçivədə təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlını düşünməyə vadar edir. Zamanın müxtəlif illərində milli-mənəvi dəyərlərimiz meyar olaraq, xalqın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərmiş, bu gün də yetişən nəsil, məhz bu prosesin içərisində özünü, Azərbaycançılıq məfkurəsini dərk edərək, mövqeyini müəyyənləşdirir. Sözsüz ki, mənəvi dəyərlərimiz mənəviyyatımızı yaşadan dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır. Milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bir daha göstərir. Bu ali dəyərlər milli mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin göstəricisi, fərdi və fərqli modelimizdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs, mənəvi borcudur.
"MÜASİR MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİ MİLLİ DƏYƏRLƏR ÜZƏRİNDƏ QURULUB"
Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, "Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Əminəm ki, biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq". Təbii ki, Avropa ailəsinin üzvü olan Azərbaycanın iqtisadi inkişafı, ölkədə hökm sürən siyasi sabitliyi, suveren, müstəqil dövlət olmasının məntiqi nəticəsidir ki, bütün qapıları açaraq, sərhədləri aşır, qədim köklərə malik irsini, xəzinəsini təqdim edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin milli-mənəvi irsimizin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca imzaladığı sərəncamlar bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz dünyada gedən qloballaşma prosesində milli-mənəvi dəyərləri qoruyub saxlayır, milli ideologiya, azərbaycançılıq məfkurəsi əsas aparıcı xətt olaraq təbliğ edilir. Prezident İlham Əliyevin bildirdiyi kimi "Biz nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürdük və beləliklə, özümüzü assimilyasiyadan qoruyurduq, kənar təsirdən qoruyurduq. Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi, əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq".
“VƏTƏNƏ BAĞLILIQ, VƏTƏNƏ SEVGİ, VƏTƏN MARAQLARINI, DÖVLƏT MARAQLARINI HƏR ŞEYDƏN ÜSTÜN TUTMAQ HƏR BİR GƏNCİN BORCUDUR”
Vaxtilə 70 il sovet imperiyasının tərkibində yaşadığımız zaman təbliğat mexanizminin, təqdimatların qarşısına sədd çəkilsə də, məxfi arxivlərin araşdırılmasına imkan verilməsə də bu gün müstəqil, suverən dövlət olan Azərbaycan əsrlərlə formalaşmış zəngin irsini dünya xalqlarına təqdim edərək, onları təəccübləndirməklə yanaşı, bu cəmdə Azərbaycan vətəndaşının varlığını nümayiş etdirir. Əsrlərin, qərinələrin sorağıdır, bu dəyərlər. "İndi Azərbaycan müstəqildir və müstəqil siyasət aparır", deyən dövlət başçısı bildirib ki, heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz: "Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Ancaq digər çağırışlar var, digər məsələlər var ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur". Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə də göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.
"BU GÜN AZƏRBAYCAN CƏMİYYƏTİ VƏ AZƏRBAYCAN İQTİDARI BİRMƏNALI ŞƏKİLDƏ MİLLİ MARAQLARIN KEŞİYİNDƏ DAYANIR"
Mənəvi dəyərlər xalqın dünyagörüşünün izahı deməkdir və bir növ xalqın pasportudur. Xalqımız əsrlərə söykənən dəyərləri ilə fəxr edir. Cənab Prezident yeni çağırışlara gəldikdə isə bunun qloballaşma ilə bağlı olduğuna diqqətə çəkib: "Qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Çünki bu cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilmişdir, ancaq ideya olaraq qalır. Yəni, qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Yəni, məqsəd dəyişmir və dəyişməyəcək. Bunu biz tarix boyu görürük. Əgər hətta uzaq tarixə nəzər salsaq görərik ki, məqsəd və məram dəyişmir, forma dəyişir, mübarizə üsulları dəyişir. Hansısa məsələni həll etmək üçün bu məsələnin pərdələnməsi, yaxud da, əgər belə demək mümkündürsə, qablaşdırılması dəyişir, amma mahiyyət dəyişmir. Yəni, hegemonluq uğrunda mübarizə, xüsusilə, böyük önəm daşıyan ölkələr, zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr xüsusi diqqət cəlb edir". Əlbəttə ki, Azərbaycan da belə zəngin resuslara malik olan bir dövlətdir. Bu baxımdan, hər zaman bu hallarla rastlaşıb: "Bax, bu niyyətlə üzləşirik, buna müqavimət göstəririk və deyə bilərəm ki, bu təhlükələri dəf edə bilmişik. Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Mən Prezident kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi müdafiə edəcəyəm. Yəni, müstəqillik deyəndə mən atributları nəzərdə tutmuram - real müstəqillik. Sən real müstəqil siyasət apara bilirsən, yoxsa yox? Yoxsa kiminsə sözü ilə oturub-durursan, kiminsə qarşısında baş əyirsən. Azərbaycan heç vaxt bütün bu cəhdlərə əməl etmir, əksinə, biz bütün meydanlarda vuruşmuşuq və qalib gəlmişik".
"BU QLOBALİSTLƏRİN - MƏN ONLARI ŞƏRTİ OLARAQ BELƏ ADLANDIRIRAM - SOROSÇULARIN MƏQSƏDİ MƏHZ GƏNCLƏRDİR"
Əlbəttə ki, hər bir xalqın, millətin mövcudluğu onun adət-ənənələrinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlayıb. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, dövlətçilik irsinə sahib olmasıdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı onu da bildirib ki, gənclər, əlbəttə ki, daha tələbkar olur, onlar həyata yeni başlayır: "Açıq deməliyəm, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər".
"BİZİM ÇOX ZƏNGİN MƏDƏNİYYƏTİMİZ, TARİXİMİZ VAR, ƏDƏBİYYATIMIZ, ANA DİLİMİZ VAR"
Bildirməliyik ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesi bizim ölkədən də yan keçməyib. Buna baxmayaraq, biz qloballaşma adı altında öz milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalıyiq. Milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər istənilən məqamda müdafiə edilməli, qorunmalıdır. Qoballaşma digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrinin, milli mentalitetimizə xas olmayan dəyərlərinin ölkəmizə gətirilməsi deyil. "Milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır. Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var. Ana dilimiz də bax, bu milli dəyərlərin tərkib hissəsidir. Biz azad olmadığımız dövrdə onu qorumuşuq... Bütün bu amillər, o cümlədən bizim bayramlarımız, adət-ənənələrimiz hər birimiz üçün əsas dəyər olmalıdır. Bax, belə olsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq", - deyə Cənab Prezident bildirib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB