İvan Pyatibratov: “Görünür, 3-cü tərəflər olmadan demarkasiya prosesi başlamayacaq” - MÜSAHİBƏ

İvan Pyatibratov: “Görünür, 3-cü tərəflər olmadan demarkasiya prosesi başlamayacaq” - MÜSAHİBƏ

Rusiyalı politoloq, Siyasi İnformasiya Mərkəzinin aparıcı analitiki İvan Pyatibratov “Caliber.Az-a müsahibəsində Cənubi Qafqazda gedən proseslərlə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Cənubi Qafqazda münaqişədən sonrakı dövrü necə qiymətləndirirsiniz?

- Məncə, pis sülh yaxşı müharibədən yaxşıdır. Ona görə də hesab edirəm ki, bu gün regionda vəziyyət qənaətbəxşdir. Açıq və kütləvi döyüşlərin olmaması, pis-yaxşı diplomatik prosesin getməsi ən azı, böyük nailiyyətdir. Qüvvələrin uyğunlaşdırılmasına gəlincə, hər şey 2020-ci il üçün üçtərəfli atəşkəs bəyanatında qeyd olunub. Azərbaycan özünün geosiyasi potensialını artırır. Eyni zamanda, bu hadisələrin fonunda Azərbaycanla Türkiyə arasında əlavə yaxınlaşma baş verdi ki, bu da indi tam səmimi şəkildə müttəfiq dövlətlər adlandırıla bilər.

- Ermənistan tərəfdən Azərbaycanla sülhə doğru əməli addımlara hazır olmaq hələlik görünmür. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı proqnozunuz necədir?

- Təəssüf ki, bu gün normallaşmadan söhbət getmir. Hər iki tərəf nizamlamanın və dinc yanaşı yaşamağın vacibliyindən danışır, amma reallıqda biz ölkələr arasında sərhəddə növbəti atışmanın baş verdiyini görürük. Eyni zamanda, insidentdən sonra tərəflər, sadəcə olaraq, qarşılıqlı ittihamlar səsləndiriblər. Aydındır ki, belə şəraitdə ölkələr arasında sülhdən söhbət gedə bilməz. Ona görə də zamanla bağlı danışmaq son dərəcə çətindir. Görünən odur ki, həm Azərbaycan, həm də Ermənistan üçün məhsuldar təmas yaratmaq prosesi ağrılıdır.

- Bununla belə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatı İrəvanı Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasına başlamağa məcbur edir. Bu proses necə gedəcək?

- Hesab edirəm ki, sərhədlərin demarkasiyasının nə vaxt baş tutacağı ritorik sualdır, çünki atışmalar davam edir. Bəyanatlar səviyyəsində hər iki tərəf prosesə hazırdır. Amma Azərbaycanla Ermənistan arasında artıq qeyd etdiyim münasibətlərin kəskinləşməsi səbəbindən proses ləngiyə bilər. Hələ başlamayıb. Mən görürəm ki, bu proses üçüncü tərəflər olmadan başlamayacaq, Rusiya və Türkiyə bunda mütləq iştirak edəcək. Amma başa düşmək lazımdır ki, Azərbaycan və Ermənistan rəhbərliyinin iradəsi olmasa, heç kim məsələnin həllinə töhfə verə bilməz.

- Türkiyə-Rusiya-Azərbaycan üçbucağında olan ölkələrin münasibətləri necə inkişaf edəcək?

- Qazaxıstanda baş verənlər Qarabağda vəziyyətin normallaşdırılması gündəmini bir qədər arxa plana keçirdi, lakin mən hesab edirəm ki, yaxın gələcəkdə 3 dövlət arasında münasibətlərdə əsas məsələ məhz Azərbaycan və Ermənistan sərhədindəki vəziyyət problemidir. Bütövlükdə ölkələrimiz arasında, o cümlədən iqtisadi sahədə əlaqələrin intensivliyinin artması tendensiyası davam edir. Hansı ki, bu da regiondakı vəziyyətdən asılıdır.

- Türkiyənin Rusiya Federasiyası ilə Ukrayna arasında münasibətlərin normallaşmasına yardım etmək təşəbbüsünü necə qiymətləndirirsiniz?

- Skeptik. Bu, Türkiyənin beynəlxalq aləmdə əhəmiyyətini nümayiş etdirərək regionda təsirini artırmaq cəhdidir. Əslində, Türkiyənin bu prosesdə imkanları son dərəcə məhduddur, istifadə olunan ritorikanın Rusiya tərəfinə o qədər də uyğun gəlmədiyini demirəm. Burada isə NATO blokunun üzvü olan ölkə faktorunu nəzərə almalıyıq.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə