Ermənistan hakimiyyəti vəziyyətdən özlərinə nəticə çıxarmalıdır - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

Ermənistan hakimiyyəti vəziyyətdən özlərinə nəticə çıxarmalıdır - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Qarabağda məskunlaşdırılan bir qrup erməninin İrəvanda etiraz aksiyası keçirməsi ondan xəbər verir ki, bu ölkədə hələ də gərginlik davam etməkdədir. Onların əsas etirazı onlara maliyyə yardımlarının çox az miqdarda verilməsi ilə bağlıdır. Bu isə onların yaşayışını ödəmək iqtidarında deyil. Məsələ burasındadır ki, bu həmən ermənilərdir ki, Qarabağda illərdir, qanunsuz məskunlaşdırılmışdılar və İrəvandan buna görə ikiqat yardım alırdılar. İndi Ermənistanın özünün iqtisadi vəziyyəti çox ağırlaşıb, hökumət nəinki Qarabağdakı, heç Ermənistanın özündə yaşayan vətəndaşlarına sahib çıxa bilmir, ölkədən kütləvi köç davam edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Vüqar Əhmədov bu barədə fikirlərini belə izah edib: "Belə olan vəziyyətdə Ermənistandakı hökumət,ümumiyyətlə, Qarabağdakı ermənilərdən və onlara maliyyə ayırmaqdan yayınmağa çalışır. Belə gedişlə bu dalğa davam edəcək və hələ də Qarabağda yaşayan ermənilər də oranı tərk etsələr gəlib mərkəzi İrəvanda bu etirazlara qoşulacaqlar, etirazlar böyüyəcək. Yeni gələcək erməniləri isə evlə, sosial yardımla təmin etməyə ehtiyac yaranacaq, bu isə ağır iqtisadi durumda olan bir ölkə üçün real tədbirlər kimi görünmür. Hələlik çıxış yolunu bu insanlara müəyyən vəd verərək prosesi harasa qədər uzatmağa çalışırlar. Ona görə nə qədər gec deyil, Ermənistanın indiki hakimiyyəti bu vəziyyətdən özləri üçün nəticə çıxarmalıdır, Azərbaycan sərhədlərini və ərazi bütövlüyünü tanımalıdır, bundan sonra münasibətlər normallaşacaq və erməni əsilli həmin insanların da Qarabağda yaşamasına normal şərait yaradılacaq, onlar da orada iqtisadi-sosial imkanlardan faydalana biləcəklər, ümumiyyətlə nəinki region, hətta bütün region faydalanacaq, Ermənistan hakimiyyəti də qaldıra bilmədiyi əlavə yükdən azad olacaq. Göründüyü kimi yeni yaranan situasiya hər tərəfdən Ermənistanı sıxır və konstruktiv addım atmağa sövq edir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə