Böyük Qayıdış dayanıqlı məskunlaşmasını reallaşdıracaq TƏHLİL

Böyük Qayıdış dayanıqlı məskunlaşmasını reallaşdıracaq TƏHLİL

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi nəticəsində 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarımız azad olundu və çox keçmədi ki, həmin məkanlarda yeni bir dövrün başlanmasına start verildi. Ermənistanın 30 il ərzində işğal altında saxladığı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi rayonlarında bütün infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyaları, ötürücü xətləri dagıdılaraq yerlə yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə qalmayıb. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə isə erməni qəsbkarları bütün enerji infrastrukturunu sıradan çıxarıblar. Genişmiqyaslı quruculuq işlərinin təməli qoyuldu və erməni işğalçıları tərəfindən darmadağın edilmiş, viran qoyulmuş ərazilərdə abadlıq-quruculuq işlərinə başlanıldı.

Eyni zamanda, bu ərazilərdə turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika istiqamətində işlər həyata keçirilir. Əlbəttə ki, qısa bir zaman məsafəsində kompleks işlərin görülməsi Azərbaycanın iqtisadi gücünə, dinamik inkişafına əsaslanır. Aparılan məqsədyönlü işlər bu ərazilərin tezliklə müasir məkana çevriləcəyindən xəbər verir.
Bu gün Füzuli, Şuşa, Zəngilan kimi işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Beynəlxalq hava limanlarının tikintisi, yeni yolların çəkilməsi, Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra istifadəyə verilməsi və s. bu ərazilərin müasir şəhərə çevriləcəyindən xəbər verir. Eləcə də, tarixi memarlıq abidələrimizin bərpa və təmir olunması istiqamətində işlər uğurla davam etdirilir. Artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib və ilk təyyarələri qəbul edib. Bir neçə şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Görülən işlərin davamı olaraq, Kəlbəcərə dəmir yolu xətti üzrə konseptual layihələr hazırlanıb, hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır.
Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları geniş quruculuq işlərinə dəlalət edir.
DOST ÖLKƏLƏR YENİDƏNQURMA İŞLƏRİNƏ TÖHFƏ VERİR
Bu gün Azərbaycana dost olan ölkələr işğaldan azad olunan ərazilərin bərpasında iştirak edirlər. Əlbəttə ki, işğaldan azad olunan ərazilərdə Azərbaycana dost olan ölkələr yenidənqurma işlərinə töhfə verəcəklər. Bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İtaliya, Çin, İsrail, Belarus kimi dövlətlər ərazilərimizin bərpası prosesində iştirak etmək arzularını bildiriblər. İşğaldan azad olunan bölgələrdə aparılan infrastruktur layihələrin həyata keçirilməsində italyan şirkətləri fəallıq göstərirlər. İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir: "İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik", - deyə Azərbaycan Prezidenti bildirmişdir.
Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirakçıdırlar.
Qeyd edək ki, keçən Ukrayna Ticarət və Sənaye Palatası ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında dövlət-özəl sektor tərəfdaşlığının inkişafı üçün əsas platforma kimi Ukrayna-Azərbaycan Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb. Sənədə əsasən, İşgüzar Şuranın vəzifələrindən biri Ukrayna şirkətlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə layihələrə cəlb etməkdir. Ukrayna şirkətləri kənd təsərrüfatı, körpü tikintisi, infrastruktur, energetika və meliorasiya sahəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə birgə layihələrə ciddi maraq göstərirlər. "Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik", - deyən Cənab Prezident dünyada belə ölkələrin çox olduğunun bildirib: "Lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər".
Böyük Qayıdış əlbəttə ki, keçmiş köçkünlərin işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdıracaq.
Bu gün bərpa prosesində Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkir. 44 günlük Vətən müharibəsində olduğu kimi, abadlıq-quruculuq işlərində də qardaş ölkə yaxından iştirak edir.
Qarşılıqlı maraq və səylər nəticəsində, həmçinin mövcud olan potensiala uyğun şəkildə əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağı proqnozlaşdırılır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə