"Şuşa ili" Azərbaycan mədəniyyətinin bütün dünyada təbliği vasitəsinə çevriləcək - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezidentimiz İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı imzaladığı sərəncam böyük tarixi, ictimai-siyasi, mədəni, mənəvi və humanitar əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamsında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, hər şeydən əvvəl bu il çərçivəsində keçiriləcək çox saylı toplantılar təkcə Şuşanın tarixi, mədəniyyəti deyil, eyni zamanda ictimai-siyasi keçmişi, Azərbaycan xalqının tarixində oynadığı rol və digər məsələlərin təbliği baxımından əhəmiyyətli olacaq: “Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya həsr edilmiş toplantılara müxtəlif səviyyəli insanların qatılması Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm vasitələrdən biri olacaq. Şuşaya səfər edən qonaqlar şəhərin tarix, memarlıq irsi ilə tanış olacaqlar. Bu səfər sadəcə Şuşa ilə məhdudlaşmayacaq, gələn qonaqlar bir tərəfdə erməni vandalizminin, barbarlığının şahidi olacaqlar. Digər bir tərəfdən isə o barbarlıq, vandalizm üzərində qələbə qazanmış Azərbaycan mədəniyyətinin qurulucuğuna şahid olacaqlar. Əmin olacaqlar ki, müharibə başa çatdıqdan qısa müddət sonra Azərbaycan işğaldan azad etdiyi ərazilərə yeni ruh, yeni nəfəs, yeni mədəniyyət gətirib. "Şuşa ili" Azərbaycan millətinin, mədəniyyətinin etno-psixologiyasının bütün dünyada təbliği vasitəsinə çevriləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə