““Human Rights Watch”-ın qərəzli təşkilat olmasına dair sübutlar var” AÇIQLAMA

“Birləşmiş Millətlər Təşkilatı tərəfindən qurulan 10 insan hüquqları təsisatından biri olan, beynəlxalq qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən “Human Rights Watch”- əsas vəzifəsi dünya səviyyəsində insan haqlarını müdafiə etmək və bu mövzuda araşdırmalar aparıb, yayımlamaqdan ibarətdir. Çox təəssüf ki, bu təşkilat növbəti dəfə öz təyinatına uyğun davranmayıb və özünün 2021-ci il üçün yayımlanan hesabatında da ədalət və qərəzsizlik prinsiplərini gözləmədən siyasi sifarişlərə xidmət edən məlumatlar dərc edib”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, hesabatın təhlili onu göstərir ki, “Human Rights Watch” hər zaman olduğu kimi, bu dəfə də Azərbaycana münasibətdə ikili standartlara yol verir, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanı neqativ, Ermənistanı isə pozitiv göstərməyə çalışır: “Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı törətdiyi son müharibə cinayətləri nəticəsində 10-dan çoxu uşaq olmaqla, 100-ə yaxın dinc mülki şəxs qətlə yetirilib, 450-dən çox insan yaralanıb, 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da olmaqla 512 mülki infrastruktur, habelə tarixi, dini və mədəni abidələrimiz dağıdılıb və ya onlara ciddi ziyan vurulub. Qeyd olunan məlumatlar faktlarla təsdiq edilərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili tərəfindən hazırlanmış çox sayda hesabat, bəyanat və müraciətlərdə geniş şəkildə əks olunub, beynəlxalq və regional təşkilatlara, o cümlədən beynəlxalq qeyri-hökumət təşkilatlarına göndərilib”.

A.Səmədov onu da bildirdi ki, hesabatda Ermənistan ombudsmanının məlumatına istinad olunsa da, Azərbaycan ombudsmanının mövzu ilə bağlı hazırlamış olduğu hesabat və bəyanatlarına istinad edilməyib: “Bu fakt bir daha “Human Rights Watch” təşkilatının məsələyə qərəzli yanaşmasını sübut edir. Hesabatda, eyni zamanda, Ermənistan ombudsmanının məlumatına istinad edilərək, guya Azərbaycanda erməni hərbi əsirlərinə münasibətdə hüquq pozuntularına yol verildiyi iddia olunur. Bu iddialarda yeni heç nə yoxdur və qətiyyən bizi təəccübləndirməməlidir. Məlumdur ki, ABŞ prezidentinin ötən ilin son günlərində imzaladığı “Milli müdafiə haqqında” qanunda da eyni iddialar yer almışdı. ABŞ qanununda iddia olunurdu ki, Ermənistanın 10 noyabr Bəyanatına əməl edərək bütün əsirləri qaytarmasına baxmayaraq, biz erməni əsirlərinə qeyri-insani münasibət göstərmişik, qadın əsirləri cinsi istismara məruz qoymuşuq, onların bəzilərinin başını kəsmişik, meyitlərini təhqir etmişik, insanlıq əleyhinə hər cür cinayətlər törətmişik, üstəlik, 200-ə yaxın əsiri hələ də vermək istəmirik. “Human Rights Watch” təşkilatının növbəti hesabatı bir daha göstərdi ki, qərb institutlarının “ikili standartlar” siyasəti davam edir və biz də bu reallıqla barışmalı, mübarizəmizi bir an belə zəiflətmədən davam etdirməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə