2022-ci ilin "Şuşa ili" elan olunması gözlənilən idi - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"2022-ci ilin "Şuşa ili" elan olunması gözlənilən idi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, cənab Prezident Şuşaya səfərləri zamanı 2022-ci ildə Şuşanın 270-ci ildönümü olacağını xüsusi olaraq vurğulamışdı. Təbii ki, bu da yubiley ilində mədəniyyət paytaxtımız olan Şuşa şəhərinə fərqli bir münasibətin olacağını göstərir.

Elçin Mirzəbəyli bu barədə fikirlərini belə izah edib: "2022-ci ilin "Şuşa ili" elan olunmasını, təbii ki, yalnız şəhərin yubileyi ilə əlaqələndirmək doğru olmazdı. Burada bir sıra mühüm amillər var. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də Azərbaycan dövlətçiliyinin ayrılmaz bir hissəsi olan Qarabağ xanlığının mərkəzi olub. Bu qərar həm də Qarabağın həmişə Azərbaycan dövlətçiliyinin bir parçası olduğunu xüsusi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq niyyəti daşıyır. Eyni zamanda bu bizim qan yaddaşımızın yenidən özümüzə qaytarılması baxımdan da önəmli yanaşmadır. Azərbaycan vətəndaşlarının öz doğma yurd-yuvalarına qayıtmasında önəmli bir məna daşıyan şəhərdir. Şuşanın işğaldan azad edilməsi milli ruhun təntənəsi kimi qəbul olunmalıdır. Bu aspektdən də 2022-ci ilinin də "Şuşa ili" elan olunması, həmçinin, milli ruhumuzun, düşüncəmizin, təfəkkürümüzün, böyük bir mədəniyyətimizin Qarabağa qayıdışı kimi də qəbul olunmalıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə