Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir TƏHLİL

Prezident İlham Əliyev: “Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib”

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən, məhz sözün əsl mənasında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.

Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.

“BU SAHƏDƏ AZƏRBAYCAN DÜNYA MİQYASINDA ÖZ MODELİNİ ORTAYA QOYUR”

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı şəhid əilələrinə, Qarabağ müharibəsinin iştirakçıları və qazilərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur və bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir: «Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq.

“BİZ BUNU HEÇ YERDƏ GÖRMƏMİŞİK, BU TƏCRÜBƏNİ HEÇ YERDƏN GƏTİRMƏMİŞİK”

Prezident müsahibə zamanı bu həssas kateqoriyadan olan insanlara göstərilən qayğının sırf Azərbaycanda aparıldığını bildirib: «Yəni, bir daha demək istəyirəm ki, bu, sırf bizim təşəbbüsümüzdür. Biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq. Əlbəttə, bu, böyük vəsait tələb edir. İndi hər kəs bilir ki, bir mənzilin qiyməti neçəyə başa gəlir və bu, büdcə üçün böyük bir yükdür. Amma biz bu yükün altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq».

Dövlət başçısı, eyni zamanda, şəhid ailələrinin sosial təminatı ilə də bağlı fikirlərini bildirib: «Eyni zamanda, şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü də bu protezlər ən son texnologiyadır. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər. Yəni, bu, əsas faktorlardır. Əlbəttə ki, bu siyasət və mənim bu kateqoriyadan olan insanlarla daim təmaslarım cəmiyyətə də göndərilən çox ciddi siqnaldır. Görürəm ki, cəmiyyətdə də bu kateqoriyadan olan insanlara xüsusi isti münasibət var. O cümlədən biznes strukturları, onlara da mən dəfələrlə müraciət etmişəm ki, bu kateqoriyadan olan insanlara qayğı göstərsinlər, hərəsi imkan daxilində - həm işlə təmin etmək üçün, həm onlara maddi yardım göstərmək üçün. Yəni, özləri bu təşəbbüsü göstərsinlər. Bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı çox düzgün istiqamət var, vahid fikir var. Hər birimiz imkan daxilində bu insanlara daim yardım etməliyik. Atasız qalan uşaqlara yardım etməliyik və edəcəyik».

SOSİAL DƏSTƏK PAKETİ ÇƏRÇİVƏSİNDƏ 6000-DƏN ARTIQ ŞƏHİD AİLƏSİ ÜZVLƏRİNİN, QAZİNİN MƏŞĞULLUĞU HƏLL EDİLİB

Qeyd etmək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyə qədər sosial dəstək paketi çərçivəsində 6000-dən artıq şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilib. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılmasının və onlara göstərilən dövlətin dəstək və davamlı qayğının bariz nümunəsidir.

“YAŞAT” FONDUNUN 1 İLİ: HANSI İŞLƏR GÖRÜLÜB?

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu təsis edilməsinə də diqqət yetirmək lazımdır. “YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdən bu günə qədər 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində 2 881 şəhidin ailə üzvləri, habelə 3100 yaralı olmaqla ümumilikdə 14 579 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, həmin şəxslərin müraciətinin icra olunması üçün öhdəliklər götürülüb.

Fondun fəaliyyət istiqamətləri üzrə 23 257 853.41 məbləğində vəsait xərclənib. Fond tərəfindən 3652 şəhid ailəsi üzvü və yaralının məişət şəraitinin yaxşılaşdırılmasına, 37 şəhid ailəsi üzvü və yaralının təhsil haqqının, 1004 şəhid ailəsi üzvü və yaralının istehlak kreditlərinin, 1319 şəhid ailəsi üzvü və yaralının isə tibb xidmətlərin ödənilməsinə vəsait ayrılıb.

Eyni zamanda, indiyə qədər dövlətimiz tərəfindən 89 Vətən müharibəsi qazisi müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, onlardan 26-sı sağalaraq geri qayıdıb.

İndiyə kimi bu Fonda 65 milyona qədər vəsait toplanıb ki, həmin vəsaitdən 45 milyon manat şəhid ailələrinə və qazilərə xərclənib

Dekabrın 8-də - Vətən müharibəsindən sonra şəhid ailələrinə və yaralılara dəstək məqsədilə ASAN Xidmətin nəzdində "YAŞAT" Fondunun yaradılmasının 1 ili tamam olur. Fonddan verilən hesabatda deyilir ki, 2021-ci il dekabrın 2-dək Fonda 65 milyona yaxın vəsait daxil olub. 2916 şəhid ailəsi üzvləri və 4946 yaralı olmaqla ümumilikdə 16 min 348 nəfərlə görüş keçirilib və ehtiyacları qeydə alınıb. 10 min 781 şəxsin 15 min 644 müraciəti icra olunub.

Şəhid ailələrinin və yaralıların ehtiyaclarına 49 milyon 54 min 136 manat 86 qəpik pul xərclənib. 15 milyon 719 min 626 manat 91 qəpik hələlik istifadə olunmamış qalıb. Xərclənən vəsaitdən 32 milyon 173 min 789 manat 50 qəpik məişət şəraaitinin yaxşılaşdırılmasına, 445 min 228 manat 51 qəpik təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 milyon 395 min 854 manat 57 qəpik istehlak kreditlərinin və başqa borc öhdəliklərinin qarşılanmasına, 11 milyon 39 min 264 manat 28 qəpik isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 137 və yaralıların 20 müraciəti olmaqla ümumilikdə 157 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 min AZN vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 63 şəxsin ödənişi Fond tərəfindən, 60 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

Bundan başqa, martın 18-dən 21-əki “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 manat dəyərində 4000 qutu Novruz sovqatı paylanılıb.

Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır. Sərəncama uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9670 mənzil və fərdi ev verilib.

Bir sözlə, yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə