Şuşa ikinci Qarabağ müharibəsində xeyli zərər görmüşdü - ŞƏRH EDİLDİ

“Dövlət işğaldan azad edilmiş ərazilərlə bağlı bir çox proqramlar həyata keçirməyə başlayıb. İlkin mərhələdə təbii ki, nəzərdə tutulan əsas məsələ ərazilərin minalardan təmizlənməsidir. Çünki artıq 100-dən çox azərbaycanlı minaların bu və ya digər formada mənfi fəsadlarına məruz qalıb". Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, təbii ki, ikinci mərhələdə yol infrastruktunun qurulması ilə bağlı işlər də başlayıb: “Bu artıq planlı şəkildə həyata keçirilir. Üçüncü mərhələdə isə obyektlərin qurulmasıdır. Burada xüsusilə də Şuşada aparılan işləri qeyd etmək yerinə düşər. Çünki Şuşa ikinci Qarabağ müharibəsində xeyli zərər görmüşdü”.

Samir Hümbətov sözlərinə belə davam edib: “Digər tərəfdən isə Füzuli Hava Limanının tikilməsi, eyni zamanda bununla paralel olaraq Zəngilan və Laçında da hava limanlarının tikilməsi ilə bağlı işlərə start verilməsi, digər işğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, eləcə də “Ağıllı Kənd” layihələrinin həyata keçirilməsi bu sahədə dövlətin konkret konsepsiyasının olduğunu göstərir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin də dəfələrlə bu bölgələrə səfərləri baş tutub. Yəni, dövlət başçısı bu məsələ ilə bağlı ciddi maraq göstərir”.

Hesab edirəm ki, əgər bu addımlar davamlı şəkildə atılarsa yaxın gələcəkdə oradan olan insanların öz yerlərinə qaytarılması prosesi start götürəcək. Bu da mahiyyət etibarilə Böyük Qayıdışın tərkib hissələrindən biri ola bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə