Şuşanın Azərbaycan üçün əhəmiyyəti elan edilməlidir - POLİTOLOQ MÖVQE BİLDİRDİ

“Düşünürəm ki, 2022-ci ilin "Şuşa ili" elan edilməsi bizim son 2020-ci ildə Qarabağda əldə etdiyimiz nailiyyətlərin gücləndirilməsi ilə bağlıdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Turab Rzayev deyib.

Politoloq Turab Rzayev qeyd edib ki, birinci məsələ odur ki, bizim əsl nailiyyətimiz Qarabağın tarixi mərkəzi Şuşa şəhərinin alınması olub: “Məhz bu nöqteyi-nəzərdən Şuşa şəhərinin xalqımız üçün, dövlətçiliyimiz üçün əhəmiyyətini qabartmalıyıq. Bunlar yaddan çıxarılmamalıdır. Bizim ordumuzun müharibədə göstərdiyi rəşadət, bizim Şuşa üçün çəkdiyimiz əziyyət, igidlərimizin tökülən qanları unudulmamalıdır”.

Politoloq bir daha vurğulayıb ki, Qarabağ müharibəsində xalqımızın göstərdiyi rəşadəti və verdiyi məhrumiyyətləri yaşatmalıyıq: “Digər bir məqam isə ondan ibarətdir ki, "Şuşa ili"nin elan edilməsi həm Şuşanın tarixi, ədəbi-mədəni dəyərinin yenidən ruhlanması, həm də dünya ictimaiyyətinə çatdırılmasıdır. Azərbaycanda çətinki Şuşa haqqında məlumatı olmayan şəxs tapılsın. Lakin əlbəttə ki, bu məlumatlar dərinlik qatlarına görə dəyişir və biz Şuşanı mümkün qədər daha dərin qatlardan təhlil edərək ədəbi, siyasi, ictimai, tarixi əhəmiyyətini geniş kütləyə çatdırmalıyıq. Eyni şəkildə "Şuşa ili" çərçivəsində baş verəcək tədbirlər nəticəsində Azərbaycanın partnyorlarına, yaxın iqtisadi-siyasi əlaqələri olduğu ölkələrinə, digər dünya ölkələrindən olan qonaqlara da izah edilməlidir. Əgər mümkünsə xarici ölkələrdə də bununla bağlı təbliğat apararaq bütün dünyaya Şuşanın Azərbaycan üçün əhəmiyyəti elan edilməlidir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə