Xədicə İsmayıl Qərbin iç üzünü niyə və necə açdı? SİYASİ RAKURS

Jurnalist: “Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni dəstəklədiklərinə görə peşman olacaqlar. Bu barədə əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim”.

Qərb dairələrinin zaman-zaman ölkəmizdə fəaliyyət göstərən siyasi müxalifətçilərə, habelə müxalifətyönlü jurnalistlərə sifarişlər verməsi, onların fəaliyyətlərinin məhz dövlətin maraqlarına qarşı çıxmaları üzərində qurmalarını tələb etməsi sirr deyil. Lakin daha bir fakt da budur ki, bugünə qədər bir sıra müxalif baxışlı şəxslər Qərbin bəlli dairələrinin, xüsusilə, ermənipərəst cinahlarının kirli məqsədlərini zamanında anlayaraq həmin dairələrdən imtina ediblər. Yəni dövlətin apardığı milli siyasətinə qarşı çıxmağı özlərinə rəva görməyiblər.

Bəli, ölkədəki demokratik siyasi mühit imkan verir ki, siyasi baxışı fərqli olan hər hansı bir şəxs müxalifətdə olsun və öz iradlarını bildirsin, amma söhbət dövlətin maraqlarına gələndə bu məsələdə ümumi baxış prizması mövcuddur və dövlət maraqlarına qarşı çıxmaq əlbəttə ki, xəyanətə bərabər ola bilən bir hal kimi qiymətləndirilir.

Qərbin ermənipərəst dairələrinin maraqlarına xidmət edənlər AXCP, Müsavat və “Milli Şura”dır!

Bu xüsusda jurnalist Xədicə İsmayılın Almaniyanın “Zenit” dərgisinə verdiyi müsahibəsində onun Qərbin qaranlı dairələrinin qarşısında qoyduğu tələb və şərtləri ifşa etməsi, həmçinin bəzi faktları açıqlaması maraqdoğurucudur.

Məsələn, onun sözlərindən həm də belə nəticə hasil edə bilərik: Azərbaycan dövlətinin və xalqının işğal altındakı Qarabağ torpaqlarını azad etməsi yönündə başlatdığı və 44 gün davam edən Zəfər yürüşü zamanı Qərb ölkəmizdəki bir sıra müxalifətçiləri öz maraqları kontekstində istifadə etməyi planlaşdırırdı. Lakin Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi, eləcə də müxalifət düşərgəsinin də bu birlikdə fəaliyyəti ermənipərəst dairələrin planlarını icra etmələrinə imkan vermədi. Düzdür, AXCP sədri Əli Kərimli və onun nəzarətindəki “Milli Şura” adlı ölü qurum istər müharibə, istərsə də ondan sonrakı dövrdə ümummilli məsələlərdən kənarda dayandı, hətta xarici dairələrin bu və ya digər sifarişlərini həyata keçirdi – Ali Baş Komandana dəstək müraciətinə izma atmış 50-yə yaxın siyasi müxalifət partiya sədrlərinin təşəbbüslərinə qoşulmadı, üstəlik Şuşa Bəyannaməsi ilə bağlı dəstək təşəbbüsündə də iştirak etmədi. Söz yox ki, bu xain əməlinə görə Əli Kərimliyə və onun əlaltılarına müəyyən mənada maddi dəstəklər göstərildi. Eləcə də bu məsələni Müsavat partiyasının başqanı Arif Hacılıya da aid etmək olar.

Müxalifətyönlü jurnalist: “Nəyə görə mənə icazə verilir ki, Ermənistanın yox, təkcə Azərbaycan hökumətinin problemlərini işıqlandırım?”

Lakin ayrı-ayrı şəxslərə də çox yəqin ki, məlum vədlər verilsə də, onlar həmin vədləri rədd etdilər. Elə haqqında bəhs etdiyimiz jurnalist Xədicə İsmayıl kimi. Bu baxımdan, onun almanların “Zenit” jurnalına verdiyi müsahibəsində Qərb dairələrini ifşa etməsi istər-istəməz diqqətləri çəkir. Məsələn “Nəyə görə mənə icazə verilir ki, Ermənistanın yox, təkcə Azərbaycan hökumətinin problemlərini işıqlandırım?”, sualını edən Xədicə İsmayıl tapşırıqların Qərb dairələrindən verildiyini açıq-aşkar etiraf edir, yəni “icazə” məsələsi ilə. Amma o ardınca bildirib ki, Qarabağ müharibəsi iqtidarın deyil, bütövlükdə dövlətin və xalqın müharibəsi idi və belə olan halda Qərbə tərəf meyllənmək milli xəyanət hesab oluna bilər. Xədicə İsmayıl bildirib ki, hakimiyyət Qarabağla bağlı mübarizəsində haqlıdır, çünki Ermənistan beynəlxalq hüququ pozaraq ölkəmizi işğal edib.

Digər tərəfdən, jurnalist qeyd edir ki, o, Azərbaycan hakimiyyətini tənqid edəndə Qərbdə ona tələbat olub, lakin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bildirən kimi ona olan maraq itib. Belə ki, ötən il ona qanuni yolla Azərbaycanı tərk etmək icazəsi verilib, lakin bundan əvvəl Qərb ölkələrinə davamlı olaraq dəvət olunurdusa, indi belə dəvətlər yoxdur: “Yenidən sərbəst hərəkət edə bilirəm, lakin görünür ki, daha heç kimə lazım deyiləm. Bu, depressiyaya səbəb olur”.

Münaqişə mövcud hakimiyyətin zamanında başlamayıb və ona görə də o, bu “arqumenti” qəbul etmir

Jurnalist iddia edir ki, “kimisə sevindirmək və ya xaricdən daha çox alqış almaq” üçün Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı inanclarından əl çəkməyə hazır deyil. Onun sözlərinə görə, Ermənistan tərəfdən heç kim Qarabağın işğalını tənqid etmir və erməni hərbi cinayətlərinin araşdırılmasını tələb etmir, yeganə istisna mərhum erməni hüquq müdafiəçisi, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən Georgi Vanyan olub.

Qarabağ məsələsində Azərbaycan rəhbərliyi ilə həmrəy olduğunu digər tərəfdən də şərh edən müxalif jurnalist Almaniya nəşrinə müsahibəsində bildirib ki, Qərb dairələrinin iddialarına görə, guya “Azərbaycanın hakimiyyəti Qarabağ ermənilərini Azərbaycan hakimiyyəti altında yaşamaq imkanından məhrum edir”. Məhz bu sərsəm iddianı şərh edən İsmayılova qeyd edib ki, münaqişə mövcud hakimiyyətin zamanında başlamayıb və ona görə də o, bu “arqumenti” qəbul etmir. “Əslində, fikirləşsəniz, yalandır”, deyə bildirib.

Beləliklə, fakt budur ki, Xədicə İsmayıl artıq Qərbin bir sıra anti-Azərbaycan dairələrinin gizli məqsədlərini açığa çıxarıb və söz yox ki, həmin dairələrin kökündə dayananların da kimlərin olduqlarını yaxşı bilir. Necə deyərlər, ədalət hər zaman öz sözünü deyib və bu dəfə illərdir ki, Azərbaycana qarşı tətbiq edilən Qərb ədalətsizlikləri məhz müxalifyönlü jurnalist Xədicə İsmayıl tərəfindən ifşa olundu.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə