Ohanyan güzgüvari geriçəkilmədən danışdı “Havayı söhbətdir”

Rusiya XİN Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası işinin mümkün qədər tezləşdirilməsi barədə çağırış edib. Bu barədə Rusiya XİN-nin KİV-lərin suallarına verdiyi cavabında bildirilir.

“Həmçinin, Azərbaycanla Ermənistan sərhədində situasiyanın tənzimlənməsinə cəhd edirik, belə ki, təəssüflər olsun ki, orada zaman-zaman silahların tətbiq edilməsi və insan itkiləri ilə nəticələnən insidentlər yaşanır”, deyə Moskvadan bildirilib. Rusiya XİN eyni zamanda, ikitərəfli komissiyalara sərhədlərin delimitasiyası, ardınca isə demarkasiyası prosesini mümkün qədər tezləşdirməyə səsləyib, o cümlədən Bakı və İrəvana bu prosesdə konsultasiya göstərməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Bakı da prosesin tez bir zamanda başlanılması barədə bəyanatlarını səsləndirib. Lakin İrəvan müxtəlif bəhanələrlə, xüsusilə qoşunların güzgüvari şəkildə geri çəkilməsindən sonra pprosesin başlaya biləcəyini bildirib.

Ohanyan sual edib ki, Azərbaycan Silahlı Qüvvələri sərhədə qədər gəlib-çıxıblarsa güzgüvari geri çəkilmə hansı anlamı daşıya bilər?

Lakin maraqlıdır ki, vaxtilə Azərbaycan torpaqlarının işğalında canfəşanlıq etmiş, daha sonra isə “Ohanyan müdafiə xətti” deyilən maneələri qurmuş Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan belə, Nikol Paşinyan hökumətinin bu iddialarının boş sözlər olduğunu bildirib.

“Güzgüvari çəkilmə nə deməkdir? Biz hərbi əməliyyatlar dayandırıldıqdan sonra artıq bir dəfə hökumət başçısının şifahi tapşırığı ilə qoşunlarımızı Sünik (Zəngəzur) rayonu ərazisindən geri çəkmişik”. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə parlamentəki “Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan jurnalistlərlə söhbətində bildirib.

O, sual edib ki, Azərbaycan Silahlı Qüvvələri sərhədə qədər gəlib-çıxıblarsa güzgüvari geri çəkilmə hansı anlamı daşıya bilər? Ohanyan həmçinin iddia edib ki, Azərbaycan ordusu guya Ermənistanın ərazisinə müdaxilə edib (halbuki, həmin ərazilər bilavasitə Azərbaycan Respublikasına məxsusdur və 1988-ci ildən başlayaraq orada yaşayan azərbaycanlılar məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz tarixi, dədə-baba yurd-yuvalarından didərgin salınıblar-R.R.) və birtərəfli qaydada qoşunlarını geri çəkməlidir (?-R.R.), bu istiqamətdə isə Ermənistan tərəfi müvafiq işlər aparmalıdır və s...

Sabiq müdafiə naziri: "Delimitasiya və demarkasiya üçün düşmən dövlətlər qonşu dövlətlərə çevrilməlidirlər"

“Ermənistan” fraksiyasının rəhbəri ölkəsinin XİN başçısının Ermənistanın KTMT-nin siyasi mexanizmlərini tətbiq etməsi barədə bəyanatını məntiqsiz hesab edib. Sabiq müdafiə naziri onu da etiraf edib ki, bütün bunlar havada qalan söz-söhbətlərdir. “Delimitasiya və demarkasiya üçün düşmən dövlətlər qonşu dövlətlərə çevrilməlidirlər, bunun üçün qonşu ölkələrin hökumətlərində komissiya yaradılmalıdır ki, müvafiq işləri həyata keçirsinlər”, deyə Ohanyan bildirib və qeyd edib ki, həmin komissiya sovetlər dövründəki bütün mövcud hüquqi-razılaşma paketini qaldırmalıdır.

“Yalnız tam və dərin müzakirələrdən sonra sərhədin haradan keçəcəyi müəyyən olunmalıdır. Amma güzgüvari geriçəkilmə belə bir şəraitdə boş və mənasız danışıqlardır”, deyə “Ermənistan” fraksiyasının rəhbəri bildirib.

Qeyd edək ki, Ermənistan XİN gələcəkdə situasiyanın kəskinləşməməsi üçün (?!-R.R.) Ermənistan-Azərbaycan sərhədlərindəki qoşunların qarşılıqlı olaraq güzgüvari şəkildə geri çəkilməsi ətrafında təklif irəli sürüb və bundan sonra sərhəd boyunca beynəlxalq monitorinq mexanizmini tətbiq etməyə çağırıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə