Şuşa hər birimizin qəlbinin döyünən yeridir - MÜNASİBƏT BİLDİRİLDİ

"Bildiyimiz kimi 2022-ci il ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Şuşa ili” olaraq elan edilib. Əlbəttə ki, bu yanaşmanın çox böyük əhəmiyyəti var. Bu sərəncam özlüyündə bir daha bizim Şuşanın əzəli, əbədi sahibi və sakinləri olduğumuzu dünyaya bəyan etdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu bizim böyük qələbəmizi bir daha isbat etdi: “Bir daha bütün dünyaya Şuşa bundan sonra əbədi olaraq Azərbaycan torpağı olması ilə bağlı mesaj verir. Bəli, Şuşa qədim Azərbaycan torpağıdır. Şuşa bizim mənəviyyatımızın, mədəniyyətimizin beşiyidir. Əlbəttə ki, 44 günlük müharibəmiz ərzində ard-arda azad etdiyimiz torpaqlarımızın hər biri, eyni zamanda Şuşa da bizim üçün çox dəyərlidir. Şuşanı dəyərli edən onun tarixi, coğrafi olaraq yerləşdiyi ərazidir. Şuşanın qədim Azərbaycan abidələrinin yerləşdiyi bölgə olması, Şuşanın Azərbaycan mədəniyyətinin beşiyi olmasıdır.

Şuşa hər birimizin qəlbinin döyünən yeridir. Şuşa dünyaya böyük sənətkarlar verən bir torpaqdır. Bu sərəncam həm də böyük strateji əhəmiyyət kəsb edir. Bilirik ki, müharibədən dərhal sonra kapitulyasiya bəyannaməsindən cəmi 6 gün sonra biz artıq işğaldan azad olunmuş torpaqlarımızda infrakstruktur dəyişiklikləri həyata keçirməyə başladıq. Şuşaya zəfər yolunu çəkdik. Qısa bir müddət ərzində Füzulidə beynəlxalq hava limanı istifadəyə verildi. İnfrastruktur tamamilə kökündən yeniləndi. İşıq, qaz, su problemləri həll olundu. Biz orada bütün əzmimizlə bu gün böyük quruculuq işləri həyata keçiririk. Min illərdən bəri ermənilərin vandalizm siyasətinə məruz qalan torpaqlarımızı yenidən canlandırırıq.

2022-ci ilin “Şuşa ili” elan edilməsi eyni zamanda bu bölgəyə beynəlxalq diqqətin artırılması baxımından da böyük əhəmiyyət kəsb edir. Bütün bu proseslər Azərbaycanın bölgədə və dünyada öz iradəsini, dəmir yumruğunu bir daha nümayiş etdirməsinin və isbatının bir nümunəsi kimi qiymətləndirilməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə