“Müxalifətin indiyə qədərki siyasəti bəhrə verməyib” AÇIQLAMA

“Müxalifətin indiyə qədərki siyasəti bəhrə verməyib” AÇIQLAMA

“Təəssüflər olsun ki, bizdə bəzi siyasi qüvvələr öz fəaliyyətini ölkə xaricində baş verən hadisələrin fonunda qururlar. Bir növ hansısa xarici ölkədə baş verən iğtişaşlardan, qarşıdurmalardan ilhamlanaraq öz siyasətlərində və özlərində sanki bir stimullaşdırma yaratmağa çalışırlar”. AMİP funksioneri Əli Orucov “Səs” qəzetinə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, müxaliflər fərqinə varmırlar ki, hər bir dövlətin özünəməxsus xüsusiyyətləri və yanaşmaları var: “Qazaxıstanda baş verən hadisələri Azərbaycanda doğuracağı əks sədanı və yaxud təsirini düşünərək bundan ilham alan, bundan vəcdə gələn qüvvələr yanılırlar. Çünki müxalifətin indiyə qədərki siyasəti bəhrə verməyib. Yəni onların bu cür yanaşmaları uğursuzluğa düçar olub. Ukraynada narıncı inqilabı və s kimi inqilablardan təsirlənən siyasi qüvvələr meydana çıxıb. Azərbaycanda siyasi dəyişiklik etmək istəyirdilər, amma onların bu cür istəkləri iflasa uğradı. Hesab edirəm ki, birincisi Qazaxıstanda hadisələrin nədən qaynaqlandığı və necə davam etdiyini hələ ki müəyyənləşdirmək mümkün olmayıb. İstəməzdim ki, indiki dönəm də belə bir hal yaşansın. Çünki göründüyü kimi ölkə daxilində yaranan iğtişaşlardan, gərginlikdən xarici qüvvələr məharətlə istifadə edə bilirlər. Bu baxımdan da, düşünmürəm ki, belə bir halın Azərbaycanda olması kimlərəsə şans verəcək ki, o hakimiyyətə gəlmək iddiasını gercəkləşdirə bilsin. Bunların hamısı xəyalpərəstliyin nəticələridir”.

Ə.Orucov onu da bildirdi ki, fərqi mövqe ilə çıxış edən müxaliflər artıq siyasətlə deyil, şəxsi düşmənçiliklə məşğul olurlar: “Şəxsi düşmənçiliyin arxasınca gedirlər və düşünmürlər ki, Azərbaycanda hər hansı bir qarşıdurma, iğtişaş olarsa və hər hansı bir xarici qüvvənin, silahlı qüvvənin müdaxiləsi olarsa, bu, bütün Azərbaycan üçün təhlükədir. Bir sözlə, bunun zərbəsi bütün xalqa dəyəcək və bundan heç kəs faydalanmayacaq. Təbii ki, bunları heç vaxt qəbul etmək mümkün deyil”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə