Ermənistana növbəti xəbərdarlıq və dərs... TƏHLİL

Ermənistana növbəti xəbərdarlıq və dərs... TƏHLİL

Prezident İlham Əliyev: “Əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də ölkəmizin yerli media nümayəndələrinə verdiyi müsahibədə bir çox məsələlərə toxundu, bir sıra mesajlar verdi. Ölkədə görülən işlər, regionda mövcud vəziyyət, beynəlxalq münasibətlər sistemində Azərbaycanın həyata keçirdiyi tədbirlər, Azərbaycan-Ermənistan arasında olan münasibətlərdən və digər məsələlərdən söhbət açdı. Bununla da vacib mesajlar vermiş oldu. Həmişə olduğu kimi, Azərbaycan Prezidenti bu dəfə də vacib mesajlardan biri olan Ermənistan tərəfindən zaman-zaman törədilən təxribatlarla bağlı oldu. Xüsusilə, son günlər Ermənistan tərəfindən Kəlbəcər istiqamətində təxribatları ilə bağlı dövlət başçımızın xəbərlarlığı vacib mesajlardan oldu. Sözsüz ki, bu təxribatların da məsuliyyəti birbaşa Ermənistanın siyasi hərbi rəhbərliyinin üzərinə düşür. Onlar belə təxribatlarla hər hansı bir məsələyə nail ola bilməyəcəklər.

"Biz ermənilərin hər zaman xain təxribatlarının qarşısını qətiyyətlə alırıq, Ermənistan tərəfinə sarsıdıcı zərbələr vururuq. Nə vaxt məsləhətdirsə, onda da biz hərbi əməliyyatı saxlayırıq və bizim hərbi əməliyyatların qarşısını heç bir qüvvə kəsə bilməz",-deyən dövlət başçısı bildirib ki, çünki Azərbaycan ordusu güclü və qüvvətli ordudur. Cənab Prezident xüsusilə vurğuladı ki, məhz Ermənistan tərəfi hər zaman olduğu kimi, növbəti dəfə də Azərbaycan ordusunun Ermənistan tərəfinin təxribatının qarşısını alarkən apardığı hərbi əməliyyatların dayandırılması üçün çoxlu sayda yalvarışlar ediblər, xahişlər ediblər. Baxmayaraq ki, həmin ərazilər müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş rus sülhməramlı kontingentinin nəzarəti altında olmayan ərazilər olsa da, məhz Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan tərəfinə xahiş ediblər. Amma Azərbaycan tərəfi yalnız nə zaman dayandırılmasını məqsədə müvafiq sayıbsa, o zaman da dayandırıb. Müzəffər Ali Baş Komandamızın qeyd etdiyi kimi, onun əmri ilə hərbi əməliyyatlar axşam saat 21:30-da dayandırılmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə Azərbaycan ordusu daha da güclənib, daha da qüvvətlənib və heç bir qüvvə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təsir edə bilməz. Ermənistan tərəfindən yenidən hər hansı bir cəhd olarsa, onun qarşısı dərhal və qətiyyətlə alınacaqdır.

“Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb”

Prezident İlham Əliyev müsahibəsi zamanı bir daha mesaj verərək, qeyd etdi ki, Ermənistan və onun havadarları bilsinlər ki, onlar tərəfindən törədilən təxribatların qarşısı qətiyyətlə alınacaq və bizim qarşımızı heç bir qüvvə kəsə bilməz və bütövlükdə erməni cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib: «Biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir – həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. Təbii ki, Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək. İkincisi, onu da biz unutmamalıyıq ki, indiki hakimiyyət əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni, indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır».

Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq”

Prezidentin açıqlamalarında onu da vurğulayıb ki, bölgədə baş verən proseslər heç bir halda bizim mövqeyimizi dəyişə bilməz: “Bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq”. Həmçinin, Prezident İlham Əliyevin Ermənistana ünvanlanan xəbərdarlıqları bununla bitmir. Dövlət başçısı iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişi imzalaması ilə bağlı Paşinyan hakimiyyətinə konkret vaxt qoydu: 6 ay. Əks təqdirdə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bundan irəli gələn hadisələrin fəsadlarına İrəvan qatlanmalı olacaq: «Bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq” – deyən Prezident daha sonra əlavə edib ki, “Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, olmasın, onda görərik nə olacaq”.

Ölkə başçısı onu da vurğulayıb ki, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var: “Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb - cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə, Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra...”Bir sözlə, cənab İlham Əliyev bir daha bildirdi ki, bu sözləri deməklə naftalin qoxusu verən bir ünsürə yox, bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara xəbərdarlıq edir: “Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”. Göründüyü kimi, Ermənistan xalqımıza qarşı bəslədiyi bütün məkrli niyyətləri, uydurma fobiyaları kənara qoyaraq reallıqla barışmalı, sülh müqaviləsini imzalamalı, Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü qəbul etməlidirlər. Əks təqdirdə, Azərbaycanın dəmir yumruğu yenidən işə düşəcək. Necə ki, Ali Baş Komandan İlham Əliyev sözügedən müsahibəsində qətiyyətlə bunu onlara bir daha xatırladıb: “Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə