Ucar rayonunda şəhid Etimad Məmmədovun anım günü keçirilib FOTOLAR

Ucar rayonunda şəhid Etimad Məmmədovun anım günü keçirilib FOTOLAR

“Şəhidlərimizin keçdiyi şərəfli yol gənc nəsil üçün ən böyük vətənpərvərlik tərbiyəsidir”

Yeni Azərbayan Partiyası Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, təşkilatın Ramal, Əlikənd və Şahlıq kənd ərazi təşkilatının fəalları, ərazidə yaşayan şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının bir qrupunun iştirakı ilə birinci Qarabağ müharibəsinin şəhidi Məmmədov Etimad Fikrət oğlunun anım günü keçirilib. Anım tədbiri şəhidin ailəsi tərəfindən inşa edilən bulağın önündə keçirilmişdir. Vətən müharibəsi şəhidi leytenant Elnur Vəliyevin atası Əli Vəliyev və şəhidin oğlu Etiram Məmmədov bulağı açdılar. Ramal kənd ərazi təşkilatının sədri, Ramal kənd ümumi orta məktəbin direktoru Züleyxa Qurbanova, şəhidin müəllimi, kənd ağsaqqalı Ağaisa Qasımov, şəhid atası Əli Vəliyev, Ucar RİHB-nın Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Şərifov, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva çıxışlarında vurğuladılar ki, şəhidlərimizin keçdiyi şərəfli yol gənc nəsil üçün ən böyük vətənpərvərlik tərbiyəsidir. Şəhidlərimizin əziz xatirəsi daima xalqımızın qəlbində yaşayacaqdır. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya söylənildi.

Şəhidin qardaşı Taleh Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Məmmədov Etimad Fikrət oğlu 01 fevral1968-ci ildə Ucar rayonunun Ramal kəndində müəllim ailəsində anadan olub. Ramal kənd 8-illik məktəbini bitirdikdən sonra 1983-1985-ci illərdə Ucar 122 saylı Texniki Peşə Məktəbində avtomobil çilingəri peşəsinə yiyələnmişdir.1986-1988-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 17 avqust 1993-cü ildə səfərbərliklə 702 saylı hərbi hissədə xidmətə başlamışdır. Xidmətinin 5 ayında, ömrünün 26 yaşının tamamına 15 gün qalmış -15 yanvar 1994-cü il tarixdə Füzuli rayonunun Abdurəhmanlı kəndinin müdafiəsi zamanı itkin düşmüşdür. Etimad Məmmədov səfərbərliyə alınanda Nigar adlı bir qız atası idi. İtkin düşdükdən sonra Etiram adlı oğlu dünyaya gəldi. Hər iki əmanət böyüyüb, ailə qurmuşdur, nəvələri böyüyür. Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Zümrüd

Bütün xəbərlər Facebook səhifəmizdə