Sergey Borovikov: “Sovet İttifaqını dirçəltmək mümkün deyil” - ŞƏRH

Sergey Borovikov: “Sovet İttifaqını dirçəltmək mümkün deyil” - ŞƏRH

Son zamanlar mediada keçmiş SSRİ-yə bənzər bu və ya digər formatda “reanimasiya” mövzusunda müzakirələr nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda, Rusiyanın bəzi siyasi xadimlərinin- RLDP lideri Vladimir Jirinovskinin, Dövlət Dumasının deputatı Biysultan Həmzəyevin və Kreml siyasətinin bəzi təbliğatçılarının fikirləri bu məzmunlu müzakirələr üçün münbit zəmin yaradır. Qazaxıstandakı etirazlarla bağlı son hadisələr də bu cür söhbətlərin bir növ katalizatoruna çevrilib.

“SSRİ-nin dirçəlişi” mövzusu digər məsələlərlə yanaşı, Rusiyanın ekspert icmasında da müzakirə olunur. “Səs” qəzeti xəbər verir ki, rusiyalı ekspert, Sərhəd Əməkdaşlığı Assosiasiyasının analitiki Sergey Borovikov “Caliber” analitik mərkəzinə şərhində bildirib ki, Sovet İttifaqı 30 il əvvəl dağılıb və belə bir böyük müddətdən sonra “reanimasiya” ola bilməz.

“Sovet İttifaqının dağılması böyük geosiyasi fəlakət idi və çox spesifik nəticələri oldu. Bu, keçmiş SSRİ-nin təxminən 25 milyon demoqrafik itkisi ilə bağlıdır. Bunlar böyük itkilərdir. Amma SSRİ-yə necə münasibətimizdən asılı olmayaraq, onu nə texniki, nə ideoloji, nə də etik cəhətdən əvvəlki formada bərpa etmək mümkün deyil. Təbii ki, SSRİ-nin təməlində yatan “Əməkdaşlıq və insan insana dost, yoldaş, qardaşdır” ideyaları indi dünyada hakim olan “rəqabət, insan insan üçün canavardır” fikirlərindən qat-qat cəlbedicidir. Amma layihə bağlanıb və biz onu öyrənə, müzakirə edə bilərik, amma heç bir şəkildə onu canlandıra bilmərik. Ona görə də, nə postsovet məkanında, nə də başqa ölkələr onun əsasını təşkil edə bilməz. Bu, sırf tarixi səbəblərdən başqa, 3 əsas səbəblə müşayiət olunur.

Birincisi, respublikaların yeni Sovet İttifaqının ətrafında toplaşa biləcəyi yeni ideyanın olmamasıdır. Lenin miqyasında oxşar əsərlər toplusu olan nəzəriyyəçilər yoxdur. Mən elə bir lider tanmımıram ki,- bəlkə də bu fikir mübahisəlidir-, intellektual istehsalının səviyyəsi kütlə üçün cəlbediciliyi baxımından onunla müqayisə oluna bilər.

İkincisi, insanları birləşdirə biləcək ideya yoxdur, çünki bu, ya yeni ideya, ya da yenilik elementləri ilə çox işlənmiş köhnə ideya olmalıdır.

Sovet İttifaqının indi dirçələ bilməyəcəyi üçüncü məqam isə dünya mənzərəsində bu cür dövlətin yerini Çinin tutmasıdır. Marksizmin inkişaf xəttinin bütün qeyri-müəyyənliyinə baxmayaraq, o, hələ də Kommunist Partiyasının, Dövlət Plan Komitəsinin idarə etdiyi bir dövlətdir. Düşünürəm ki, Çinin kölgəsində yeni bir şey yaratmaq mümkün deyil.

Bir sıra siyasətçilərin Qazaxıstanın şimal hissəsinin Rusiyaya birləşdirilməsi ilə bağlı bəyanatlarına gəlincə, məncə, bu, yalnız süni ajiotaj, diqqəti cəlb etmək cəhdidir və başqa heç nə kimi qiymətləndirilməlidir.

Mənim fikrimcə, prinsipcə, bu cür birləşmənin zəruriliyi və mümkünlüyü ilə bağlı əsaslı arqumentlər yoxdur. Bəli, müəyyən mədəni yaxınlıq var, axı, 30 il keçib və Belarusla olduğu kimi Qazaxıstanın da Rusiya ilə ittifaq qurması hardasa mümkündür. Amma bunlar mənim nöqteyi-nəzərimə görə çox zəif icma formalarıdır, heç bir şəkildə ilhaq və digər ərazi dəyişikliklərinə yaxın deyil. Rusiya nə təşkilati, nə siyasi, nə də iqtisadi cəhətdən buna hazır deyil.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə