Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkədir TƏHLİL
Prezident İlham Əliyev: “Azərbaycanda pandemiya tam nəzarət altındadır”
Son üç ildir ki, dünya gündəmində müzakirə olunan əsas məsələlərdən biri yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlıdır. İlk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində baş qaldıran və qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan təhlükəli yoluxucu xəstəlik beynəlxalq aləmdə həyatın nizamını tamam dəyişib. Bir sıra iqtisadi və sosial fəsadlara yol açan pandemiya ayrı-ayrı ölkələri çox ciddi sınaqlarla üz-üzə qoyub və qarşıya yeni çağırışlar çıxarıb. Verilən məlumatlara görə, dünyanın 150-dən çox ölkəsi pandemiya səbəbindən artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini bildirərək kömək üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edib. Azərbaycanın adı isə bu siyahıda yoxdur. Güclü iqtisadi potensiala və geniş maliyyə imkanlarına malik olan respublikamız pandemiyaya qarşı müxtəlif istiqamətləri əhatə edən mübarizə tədbirlərini sırf daxili imkanları hesabına həyata keçirir.
Ölkəmizdə pandemiya ilə mübarizə çərçivəsində görülən ardıcıl və məqsədyönlü tədbirlərin müsbət nəticələri
Azərbaycan dövləti özünün dərinməzmunlu sosial siyasətinə uyğun olaraq hər zaman çətin vaxtlarda vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. Biz dövlətimizin, şəxsən Prezident İlham Əliyevin ölkəmizdə formalaşan və yüksək vətəndaş məmnunluğu yaradan bu gözəl ənənəyə yeni növ koronavirus pandemiyası şəraitində də sadiq qaldığının şahidi oluruq. Azərbaycan dövləti respublikamızda təhlükəli virusa ilk yoluxma faktı qeydə alınandan etibarən pandemiya ilə mübarizə məsələsinə həssas yanaşma sərgiləyir. Ötən dövrdə milli səviyyədə pandemiyaya qarşı mübarizə məqsədilə müxtəlif istiqamətləri əhatə edən Tədbirlər Planı təsdiqlənib və ardıcıllıqla həyata keçirilir. Virusa yoluxma statistikası artdıqda sərt karantinə keçid zərurətə çevrilir. Yoluxma halları azaldıqda isə karantin tədbirləri yumşaldılır, iqtisadi və xidmət subyektlərinin fəaliyyətində açılmalar edilir. Onu da vurğulamaq yerinə düşər ki, respublikamız MDB məkanında COVID-19-a qarşı mübarizəyə ən çox büdcə ayıran ölkələr sırasında yer alır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti zamanı da bildirib ki, 2021-ci il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır: «Təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir... Hesab edirəm ki, bu il COVID-lə mübarizədə yaxşı nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbulediləndir. Eyni zamanda, aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti, peyvəndlənmə işləri bizə kömək göstərir. Əhalinin təxminən 50 faizi artıq 2 doz peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. Ümumilikdə 11 milyondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq”.
Dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”
Təsadüfi deyil ki, Prezident İlham Əliyev ən yüksək tribunalardan haqlı olaraq dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”nü qabardaraq bu problemi həll etməyə çağırıb. 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi.
Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib. 171 ölkə qətnamənin lehinə səs verib. Heç bir ölkə qətnamənin əleyhinə çıxmayıb. Sənədə münasibətdə bitərəf qalmış 7 ölkədən biri isə regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Qətnamə dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunub.
Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması dünya ölkələrinin Azərbaycana verdiyi dəyərdir. Onu da xatırladaq ki, Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları etməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırması, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərməsi birbaşa dövlət başçısının təşəbbüsüdür. Bütün bunların fonunda Azərbaycan azgəlirli dost ölkələrə yardım edib. Azərbaycan tərəfindən Qırğızıstana humanitar yardım kimi 40 min doza “AstraZeneca” vaksini göndərilib. Həmçinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində ölkəmizdən Özbəkistana 50 min doza “AstraZeneca” vaksini çatdırılıb.
Beləliklə, dünya bir daha şahid oldu ki, Azərbaycan ağır pandemiya dövründə real təşəbbüskar ölkələrin önündə gedib.
Əhaliyə vacib vaksin ÇAĞIRIŞI
Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır. Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. Xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib.
Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq. Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva açıqlamasında deyib.Sədaqət Vəliyeva bildirib ki, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər: "Buster" doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Bir çox inkişaf etmiş ölkələrin ekspertləri də bildirirlər ki, buster dozanın qəbulundan sonra yan fəsadlar nadir hallarda müşahidə olunur. Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan xəstələrin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür”.
Sədaqət Vəliyeva bildirib ki, dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb və koronavirusun ştammlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur: “Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticisimlər koronavirusun ştammlarına qarşı güclüdür. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. Tədqiqatlara görə buster doza almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artır”.
“Bu gün artıq bir sıra ölkələrdə artıq 3-cü doza vaksinlər vurulmağa başlayıb”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ABŞ-da, Böyük Britaniyada, İsraildə, Türkiyədə, Rusiyada, Çində, Almaniyada, Kanada, Fransa, Macarıstan, İspaniya, İsveçrədə və bir sıra digər ölkələrdə də 3-cü doza vaksinlərin vurulması təklif olunur: “Qərb ölkələrinin əksəriyyətində 3-cü doza vaksinasiyanın aparılmasının səbəblərindən biri daha yoluxucu olan COVID-19-un “delta” variantının yeni dalğalara səbəb olmasıdır. Azərbaycanda isə insanların 3-cü doza vaksin vurdurması zərurəti payız fəslində mövsümi xəstəliklərin yayılması, hava dəyişikliyi səbəbindən insanların immun sistemlərinin zəifləməsidir. Bu səbəbdən də buster doza sağlamlığımızın qorunması, COVID-19-un yeni ştamlarına, eləcə də mövsümi viruslara qarşı mübarizədə xüsusi əhəmiyyətə malikdir və onun vurdurulması da vacibdir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov koronavirus pandemiyasına görə dünyada və Azərbaycanda bundan öncə atılan addımlar və qarşıda bizi gözləyən proseslərlə bağlı açıqlamasında bildirib ki, ətrafımızda insanlardan 100 nəfərdən biri qriplə qarşılaşmaya bilər, hamı qrip infeksiyasını keçirib: «COVİD-19 kimi virusla da hamımız zaman-zaman qarşılaşacağıq. Bu gün dünya səhiyyə sistemi COVİD-19 virusu ilə bağlı hadisələrə 70–80 faiz nəzarət edə bilir. Kütləvi yoluxmanın gətirəcəyi stress və virusu öyrənməyə görə pandemiyanı effektli nəzarətdə saxlamaq üçün böyük iqtisadi-sosial ziyana baxmayaraq hökumət xeyli insanı evdə saxlamaq qərarı verməyə məcbur oldu.3 ay bundan qabaqkı vəziyyətlə müqayisədə dünyada və ölkəmizdə vəziyyətin qismən yaxşılaşmasının, yumşalma tədbirlərinə keçilməsinin səbəbi pandemiyanın gedişini nəzarərdə saxlamağımız, virusun yoluxma çevrəsini öyrənməyimizdir. İndi bu virusun davranma üsulunu bilirik - COVID-19 sadə qripdə olduğu kimi yayılır, hava yolu təması ilə keçir. Biz bundan mümkün üsullarla qorunmaqla gündəlik həyatımızı davam etdirə bilirik.
İndi ölkəmizdə vəziyyət tam nəzarət altındadır, karantin xəstəxanalarında yataqların 90 faizindən çoxu boşdur, əlavə xəstəxanalar da ayrılır. Amma virus bizimlədir, növbəti dalğa bizim gücümüzdən böyük olarsa, nəzarətdən çıxa bilər. Burada virusun davranma tərzi də nəzərə alınmalıdır, aprel ayında virusa yoluxanlarda ağciyər tutulması 1 faiz olmadığı halda, iyun–iyul aylarında yoluxanların 90 faizində ağciyərdə zədələnmələr oldu. Bunu dərəcəsindən asılı olaraq xəstə hiss etməyə bilərdi. Qorxutmaq üçün demirəm, amma virusun növbəti davranışının necə olacağı da bəlli deyil. Buna görə yüksək dərəcədə ehtiyatlı olmalıyıq. Amma biz əvvəlki qədər qorxub evlərə bağlanmayacağıq. Çünki dünyanın artıq yetərli təcrübəsi var: ehtiyatımızı 5 qat artırmalıyıq, ən yüksək səviyyədə məsuliyyətli olmalıyıq».
Rəşad Mahmudov daha sonra Ümumdünya Səhiyyə Təşkilatının payızda vəziyyətin daha da pisləşə biləcəyi haqda xəbərdarlığını xatırladıb: «Virusun insanlarda yaratmış olduğu qorxunu unutmamaqla, uşaqlarımızın adi qripə yoluxacağı zaman keçirəcəyimiz halı düşünərək, bizi nələrin gözləyəcəyinə hazır olmayıq ki, həmin vaxt vahiməyə düşüb stresə düşməyək. Bu payızdan başlayaraq istər peyvənd olsun, istər olmasın - müəyyən qədər rahat nəfəs almaq mümükün olacaq. Növbəti adi qripə yoluxma da COVID-19 və digər virus xəstəlikləri kimi olacaq. Vaxtilə “Heptatit A” virusundan nə qədər insan həyatını itirib, amma indi belə viruslar davranışını dəyişərək insanın bədənində ona zərər vermədən yaşayır. Virusun yaşaması üçün insana ehtiyacı var. Sadəcə, indi çaşqınlıq var, bunu da virus yaratmayıb. O, belə aqressiv olmamalı idi. Biz virusa müdaxilə etmişik, buna bioloji ehtimallar var. Virusun belə fərqli davranması, ağciyərə, ürək-damar sisteminə qarşı həssaslığı ilə bağlı şübhələrimiz var.
Rəşad Mahmudov ÜST-ün yeni alovlanmalar olduğu zaman hər bir ölkəyə tövsiyələr verdiyini də söyləyib: “Artıq konkret qərar verildi. Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVID-19 virusu ilə mübarizədə zərərinin daha çox olduğu sübut olundu. Əslində, bu zərərin çox olduğunu hamı bilirdi. Amma tibbi nöqteyi-nəzərdən faydasına görə sərt karantin təşkil olunurdu. Əvvəlki məhdudiyyətlərin bizim üçün yaratdığı fiziki passivlik də mənfi nəticəsini verdi. Bundan sonra ən ağır, pik hadisələr olsa belə parklarımız bağlanmayacaq. Biz məsafəni gözləməklə, maskadan istifadə etməklə gündəlik həyatımıza davam edə biləcəyik”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB