"Sülhməramlılar" Qazaxıstanda nə qədər qalacaq? - İKİLİ YANAŞMA
Yanvarın 2-dən Qazaxıstanda başlayan iğtişaşlar ayın 5-də özünün ən kulminasiya nöqtəsinə çatdı. İş o yerə çatdı ki, prezident Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməli oldu. Artıq Rusya NATO-sunun əsgərləri Qazaxıstandadır. Rotasiya qaydalarına uyğun olaraq bu hərbi quruma Ermənistan rəhbərlik edir. Bəs KTMT ordusunun Qazaxıstandan çıxma tarixi bəllidirmi, yaxud "qazax xalqına köməyə gəlmiş" ordu bu ölkəni nə vaxt tərk edəcək?
Rusiya prezidenti Vladimir Putin KTMT qüvvələrinin lazım olduğu qədər Qazaxıstanda olacağını bildirib. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında Putin qeyd edib ki, öz funksiyalarını yerinə yetirdikdən sonra bütün kontingent Qazaxıstan ərazisindən çıxarılacaq.
Hadisələrin başvermə səbəbinə də Putin özünəməxsus şəkildə şərh verib. Rusiya prezidenti bildirib ki, KTMT ölkələri öz ərazilərində güclə hakimiyyət dəyişikliyinə imkan verməyəcək: “KTMT-nin gördüyü tədbirlər açıq şəkildə göstərdi ki, biz daxildə vəziyyətin sarsılmasına imkan verməyəcəyik və qondarma rəngli inqilablar ssenarisinin reallaşmasına imkan verməyəcəyik”.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, Qazaxıstanda antiterror kampaniyası və KTMT-nin sülhməramlı missiyası tezliklə başa çatacaq: “Yaxın gələcəkdə genişmiqyaslı antiterror əməliyyatı başa çatacaq və bununla da KTMT kontingentinin uğurlu və səmərəli missiyası başa çatacaq”.
Qeyd edək ki, Qazaxıstanda KTMT-nin 2 mindən çox sülhməramlısı və 250 hərbi texnikası yerləşdirilib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, KTMT-nin sülhməramlı qüvvələri hava limanlarının, hərbi anbarların və digər strateji obyektlərin əhatə olunması və təhlükəsizliyinin təmin edilməsi funksiyalarını həyata keçirir.
Tokayevin sözlərinə görə, KTMT nüfuzlu hərbi-siyasi təşkilat kimi öz aktuallığını və effektivliyini göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB