"Qazaxıstanda xalqın müdriklik nümayiş etdirəcəyinə inanırıq" – Aydın Hüseynov

"Qazaxıstanda xalqın müdriklik nümayiş etdirəcəyinə inanırıq" – Aydın Hüseynov

“Qazaxıstanda baş verən hadisələrin əsasən kənar qüvvələr tərəfindən törədildiyi, xalqın ümumi marağnı əks etdirmədiyi və sosial sifarişli olmadığı ortadadır. Etiraz edənlərin tələbləri təmin olunsa da, qiymətlər endirilsə də, digər vacib şərtlər yerinə yetirilsə də iğtişaşlar hələ də davam edir. Deməli, bu hadisələrdə məqsəd başqadır”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, belə hadisələr əslində ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurur: “Bu, necə ola bilər ki, bir tərəfdən sosial problemlərin həllini istəyəsən, digər tərəfdən öz dövlətinin əmlakına ziyan vurasan. Qazaxıstanda da oxşar mənzərənin şahidi oluruq, etirazçıların tələbləri təmin olunur, amma bir qrup təxribatçı şəhər təsərrüfatına, insanların şəxsi əmlakına, dövlət müəssisələrinə, banklara, mağazalara hücumlar təşkil edir, dağıdır, ölkədə xaos yaratmağa çalışır. Nəticədə məlum olur ki, bu hadisələr iqtisadi cəhətdə inkişaf etmiş növbəti müsəlman-türk dövlətini sarsıtmaq üçün tərtib edilib. Yadımıza yaxın tariximizdə Yaxın Şərq ölkələrində baş vemiş rəngli inqilabları salaq. İlk baxışdan sosial problemlərin həlli ilə başlanan etirazlar sonra hakimiyyətin zorla dəyişdirilməsi, daha sonra isə dövlət sütunlarının sındırılması ilə davam edir. Ölkədə xaos yaranır və nəhayət kənar qüvvələrin istəyi reallaşır, əhali ağır vəziyyətə düşür. Bəli, budur reallıq. İndi bəzi müxalifət təmsilçiləri Qazaxıstanda baş verənlərə sanki həsrətlə baxır, bunun bizdə niyə baş vermədiyinə heyfsilənirlər. Belə insanların yadına müsəlman ölkələrində yaşananları, “ərəb baharı” adlı dağıdıcı layihələri, rəngli inqilabların gətirdiyi fəlakətləri salmaq lazımdır. Qoy, insanlara bu barədə də danışsınlar. Görünür bu, onlara, onların arxasında duranlara sərf etmir”.

A.Hüseynov qeyd edib ki, Azərbaycanda müstəqilliyinin ilk dəqiqələrindən bu günümüzə qədər baş verən hadisələrin yekunu ona rəhbərlik edən şəxslərin müdrikliyindən, dövləti idarə etmək bacarığından asılı olub: “Ulu Öndərimiz Heydər Əliyevə qədər müstəqil Azərbaycana rəhbərlik edənlər yalnız ölkəni uçuruma aparıblar. Ulu Öndərimiz Heydər Əliyev deyirdi, müstəqilliyi qazanmaq asandır, onu qoruyub saxlamaq isə çox çətindir. Bəli, müstəqil dövlətimizin məhv olma həddinə çatdığı bir vaxtda tale Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı. İnanırıq ki, qardaş Qazaxıstanda da xalq müdriklik nümayiş etdirəcək, kənar qüvvələrin təsirini neytrallaşdırmaq üçün hakimiyyətlə birləşib problemlərdən və ümumi gərginlikdən qurtulmağı bacaracaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə