Sərəncamın icrası ilə əlaqədar tədbirlər görüləcək - MÖVQE BİLDİRİLDİ
"Cənab Prezidentin sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan olunmuşdur. Bu yalnız Şuşa üçün yox, Azərbaycanın dövlətçilik və milli tarixi üçün xüsusi yeri olan bir hadisədir. Ümummilli lider Heydər Əliyev dediyi kimi "Şuşa Azərbaycan üçün, hər bir azərbaycanlı üçün əziz bir yerdir. Şuşa Azərbaycanın gözü və ürəyidir". 270 il öncə Pənahəli xan tərəfindən əsası qoyulan bu qala şəhər Azərbaycanın mübarizə, mədəniyyət və inkişaf simvolu kimi həmişə xalqımızın yaddaşında yaşamışdır. Şuşa şəhəri yaranandan sürətlə inkişaf etmiş, təkcə Azərbaycanın deyil, ümumillikdə Qafqazın mədəniyyət və dövlətçilik paytaxtlarından birinə çevrilmişdir. Təsadüfi deyil ki, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Şuşanı Qafqazın konservatoriyası adlandırırdılar. Eyni zamanda Şuşanı Qafqazın Parisi adlandırırdılar". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Deputat qeyd edib ki, Şuşanın Azərbaycanın mədəniyyətinə, elminə, ədəbiyyatına verdiyi tarixi töhfələr misilsizdir. Ötən illərin 70-ci illərində Ümummilli lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi bir dövrdə Şuşa şəhəri əsaslı şəkildə inkişaf etdi, yenidən quruldu. Şuşa şəhərinin tarixi mədəni abidələri bərpa edildi və yeni abidələr, o cümlədən böyük Azərbaycan şairi və Qarabağ xanının vəziri Vaqifin məqbərə kompleksi ucaldıldı. Azərbaycanın tanınmış incəsənət ustalarının - Bülbülbülün, Natəvanın, Üzeyir Hacıbəyovun ev müzeyləri yaradıldı və onların büstü qoyuldu. Bütövlükdə ötən əsrin sonlarında Şuşa şəhərinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təəssüflər olsun ki, ötən əsrin sonlarında1992-ci ilin may ayında Şuşa şəhəri ermənilər tərəfindən işğal olundu. İşğal zamanı və işğal altında qaldığı dövrdə Şuşaya olduqca böyük ziyan vuruldu və Şuşanın mədəni abidələri dağıdıldı. Şəhər demək olar ki, pis vəziyyətə düşdü. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində Şuşanı da azad etdi.
Musa Quliyev bu barədə fikirlərini belə izah edib: "Beləliklə, 8 noyabr 2020-ci il Şuşanın yenidən dünyaya gəlmə, yenidən qurulma tarixi kimi bizim tariximizə şərəfli səhifələr kimi yazılacaq. Ötən bir il ərzində, heç şübhəsiz ki, Şuşanın inkişafına cənab Prezidentin olduqca böyük diqqətinin şahidi olduq. Cənab Prezident 7 dəfə Şuşa şəhərində oldu. Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Şuşanın inkişafı üçün lazımi tədbirləri gördü. Dünyaya Şuşanın yenidən təqdimi üçün gərəkli tədbirlər həyata keçirildi. “Vaqif” poeziya günlərinin keçirilməsi, “Xarıbülbül” musiqi festivalının keçirilməsi, Şuşanın Baş planının təklif olunması və ən əsası qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşa Bəyannaməsinin qəbul olunması artıq Şuşanın yeni bir obrazda dünyaya təqdim olunması idi. Məhz cənab Prezidentin tövsiyəsi ilə Milli Məclis tərəfindən Şuşanın Azərbaycanın "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə bağlı qanunun qəbul edilməsi də Şuşanın inkişafında mühüm rol oynayacaq və bir yol xəritəsi olacaq.
Cənab Prezidentin sərəncami ilə 2022-ci ilin "Şuşa İli" elan olunması onun dünyaya təqdimatında mühüm rol oynayacaq. Belə ki, artıq Şuşa turistik və mədəniyyət mərkəzi kimi qurularaq dünyaya təqdim olunacaq. O cümlədən, yəqin ki, Şuşada bir çox tədbirlər həyata keçirələcək. Elmi tədbirlər, iqtisadi forumlar, turistik, mədəni tədbirlər həyata keçiriləcək. Beləliklə biz Şuşanın Azərbaycan və Azərbaycan xalqı üçün əziz bir yer olduğunu dünyaya bir daha çatdırmış olacağıq. Qarabağın özü bütövlükdə turistik məkandır. Şuşanın da qurulması, Şuşa ətrafında turistik obyektlərin yaradılması, yolların çəkilməsi, yaxınlıqda aeroportun və digər kommunikasiya xətlərinin yaradılması, o cümlədən Zəngəzur dəhlizinin işə salınması turistlərin, xüsusilə avropalı turistlər üçün cəlbediciliyini daha da artıracaqdır. Bu həm də Azərbaycanımızın gənc nəslinin, xüsusən uşaqlarının, yeniyetmələrin Şuşanı tanıması, dərk etməsi, sevməsi üçün böyük bir vəsilə olacaqdır. Bütövlükdə cənab Preziddentin bu sərəncamı böyük əhəmiyyət daşıyır. Sərəncamın icrası ilə əlaqədar tədbirlər görüləcək. Yəqin ki, müəyyən hökumət qurumlarının üzərinə vəzifələr düşür. Bu vəzifələrdə ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyətləri də Şuşanın dünyaya yenidən təqdimatında öz sözlərini deyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB