“Minalarla bağlı problemlə hələ çox üzləşməli olacağıq” – POLİTOLOQUN MARAQLI AÇIQLAMASI
Minalanmış əraziləri bir neçə qrupa bölmək olar. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq vurğulayıb ki, bu baxımdan da məsələ çox mürəkkəb bir məsələdir.
“Birincisi, təmas xəttində basdırılmış minalardır və onların xəritələri kifayət qədər dəqiq ola bilər. İkincisi isə, ermənilərin geri çəkildikcə basdırdıqları minalardır ki, bu xəritələrin ümumiyyətlə olmasına da inanmıram. Çünki, çox sürətlə geri çəkilirdilər və bu dövrdə hərhansısa bir qeydiyyat işlərini aparmaq da çətin olurdu. Üçüncüsü də əsasən Kəlbəcər və Laçın rayonlarına aiddir. Çünki, üçtərəfli bəyanata görə onlar vaxt istədilər və bunlar da bax həmin ərazidə basdırılmış minalardır.
Məsələn, bir erməni polkovniki var idi və o çıxışında deyirdi ki, altı kamaz mina basdırıbdır. Yəni, orada da dərəbəylik olduğu üçün bilmək olmur ki, onlar bu xəritələri saxlayıblar özlərində yoxsa yox. Çünki, həmin ərazilərə azərbaycanlılar gec qayıtsınlar, hərbçilər gec möhkəmlənsinlər deyə, bax bu məqsəd ilə onlar tez, tələsik bunu həyata keçirmişdilər. İndi onu etiraf etməyə əlbəttə ki, Ermənistan hakimiyyətində üz də yoxdur. Çünki, Kəlbəcər əgər neçə illər ərzində onlarda idisə, onların əlbəttə ki, özlərinin məskunlaşdıqları, yerləşdirildikləri əraziləri minalaması məntiqsizdir. Bunlar minalanmanı həmin o 10-15 gün ərzində həyata keçirmişdilər.
İndi də təcrübə onu göstərir ki, minadan təmizləmə olduqca çətin, uzunmüddətli bir prosesdir. Xəritə olan halda əlbəttə ki, bu prosesin sürəti artır, amma yenə də qeyri-dəqiqlik problemlər yaradır. Düşünürəm ki, biz bu problemlərlə hələ bir neçə il ərzində üzləşəcəyik və bu da öz növbəsində hər zaman Ermənistanla bağlı hərhansı pozitiv addımlar atılsa belə, mütəmadi olaraq neqativ əhval-ruhiyyənin alovlanmasına gətirib çıxaran məsələdir”, deyə politoloq Fərhad Məmmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB