Dövlət başçısının Sərəncamı ilə İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunacaq
Qədim tarixi olan İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixində yer alıb. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. XIX əsrin sonlarında bir müddət İrəvanda işləyən görkəmli Azərbaycan ədəbiyyatşünası və maarif xadimi Firudin bəy Köçərli İrəvanı üləmalar, fazillər və şairlər şəhəri adlandırmışdı.
Tarixi qədim olan İrəvada 1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər Seminariyasının I sinfinin açılışı olmuşdur. Seminariyanın ilk direktoru Yakob Suşevskinin səyi nəticəsində birinci il seminariyaya 9 müəllim, 42 şagird cəlb edilib. 1882-ci ildə seminariyanın II sinfi, 1883-cü ildə III sinfi açılmışdır. Beləliklə, Qafqazda olan bütün müəllimlər seminariyası kimi, İrəvan müəllimlər seminariyası da 4 sinifdən ibarət olmuşdur. Sənədlərdə qeyd olunur ki, İrəvan Müəllimlər Seminariyasının pedaqoji kontingentinin formalaşmasında əsasən, Qori Müəllimlər Seminariyasının məzunlarından istifadə edilmişdir. Seminariyada müxtəlif fənlər tədris edilməklə yanaşı, bir sıra peşələr – xarratlıq, cildçilik işi, tərəvəzçilik və ipəkçilik fənləri də könüllü olaraq tədris olunurdu. İrəvan Müəllimlər seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Həmin il məktəbin 5 nəfər məzunu olmuşdu. Tanınmış simalardan Haşım bəy Vəzirov, Həmid ağa Şahtaxtinski, Tağı bəy Səfiyev, İbadulla Muğanlinski, Şamil Mahmudbəyov, Cabbar Məmmədov və başqaları İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar.
1918-ci ilin mayında İrəvan quberniyasının ərazisində ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra İrəvan Müəllimlər Seminariyasının fəaliyyətinə son qoyulmuşdur. İrəvan Müəllimlər Seminariyasının direktoru V.Dobrıninin 1918-ci ildə yazdığı hesabatda göstərilir ki, 1915-16-cı tədris ilində seminariyanı 19 nəfər, 1916-17-ci tədris ilində 22 nəfər, sonuncu – 1917-18-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdir.
Belə bir elm, təhsil və mədəniyyət mərkəzi olan İrəvan tarixi dövründə bir çox ziyalılar nəsli yetirmişdir. Bu nəslin yetişməsində İrəvan Müəllimlər Seminariyasının rolu müstəsnadır. XIX əsrin axırları və XX əsrin əvvəllərində İrəvan şəhərində fəaliyyət göstərən təhsil ocağının 140 illi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır. Sərəncamda göstərilir ki, İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir. 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır. Bu tədris ocağının Azərbaycanda xalq məktəbi və maarifinin inkişafında müstəsna xidməti olub. Bu seminariyanı bitirmiş məzunların böyük əksəriyyəti Azərbaycanın ucqar qəza və kəndlərinə gedərək orada pedaqoji fəaliyyət göstərmişlər. İrəvan Müəllimlər Seminariyası pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB