“Şuşa İli” çərçivəsində çox mühüm tədbirlər keçiriləcək - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə 31 dekabr 2021-ci il tarixdə Azərbaycan xalqına müraciət edərkən, 2022-ci ili “Şuşa ili” elan etdi. Birmənalı olaraq, Dünya Azərbaycanlıları tərəfindən cənab Prezidentimizin bu qərarı çox yüksək qiymətləndirildi və bu çox vacib qərarlardan növbətisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Şuşa 28 il ərzində işğala məruz qalmışdı və Azərbaycan Prezidenti cənab İlham Əliyev, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan işğalda olan ərazilərimizi azad etdi: “O cümlədən 2020-ci ilin noyabr ayının 8-də Şuşa işğaldan azad olundu və Şuşa işğaldan azad olunarkən ölkə Prezidenti cənab İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi, ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə Ulu Öndərimiz, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin məzarını ziyarət etdi”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycan xalqına Şuşanın azad olunması ilə bağlı müjdəni verərkən cənab Prezidentimiz elə həmin vaxt bir sıra məqamlara toxunmuşdur. Burada məhz “Şuşa sən azadsan”, “Şuşa biz qayıtmışıq”, “Şuşa biz səni dirçəldəcəyik” ifadələri önəmli anlam daşıyırdı. Eyni zamanda məhz Ulu Öndərimizin abidəsini ziyarət edərkən də cənab İlham Əliyev qeyd etdi ki, “Mən çox xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”.

“Əlbəttə, ərazilərimizin hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Şuşanın eyni zamanda bu gün cənab Prezidentimizin sərəncamı ilə artıq ölkəmizin mədəniyyət paytaxtı elan olunması, digər bir tərəfdən Şuşa Azərbaycan üçün əlbəttə ki, strateji bir yer olduğuna hər birimiz unutmamalıyıq və hər zaman deyilir ki, Şuşaya kim nəzarət edirsə Qarabağa da nəzarət edir və bu baxımdan da Şuşanın əhəmiyyəti çox böyükdür. “Şuşa İli”nin elan olunması bir daha məhz bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya sübut etdi. Digər bir tərəfdən “Şuşa İli” çərçivəsində əlbəttə ki, burada çox mühüm yenidənqurma və bərpa işləri aparılmaqla yanaşı 2021-ci il ərzində çox böyük işlər görülmüşdür, tarixi dini abidələrimizin, mədəni abidələrimizin, yaşayış məntəqələrimizin bərpası da bunu sübur edir və görünür 2022-ci ildə məhz burada “Şuşa İli” çərçivəsində çox mühüm tədbirlər keçiriləcəkdir.

Elə yadımızdadırsa, 2021-ci ildə ölkəmizin birinci vitse-prezidenti Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən “Xarıbülbül festivalı” keçirtdik. Bu artıq bütün dünyaya Azərbaycanın nə qədər multikultural bir ölkə olduğunu, nə qədər multikultural dəyərlərə önəm verdiyini və inkişaf etdirdiyini göstərdi, o cümlədən Xarıbülbül festivalı özü dünyaya bir sülh çağırışı, sülh mesajı idi. Artıq 2022-ci ildə “Şuşa İli” çərçivəsində burada çoxlu sayda belə festivallar, tədbirlər, beynəlxalq tədbirlər keçirilməsi nəzərdə tutulacaq, eyni zamanda böyük yenidənqurma və bərpa işləri daha da sürətləndiriləcəkdir. Bu baxımdan əlbəttə ki, Prezident cənab İlham Əliyev tərəfindən Şuşa İli elan olunması hər bir Azərbaycanlının qəlbindən gələn bir məsələ idi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə