"Prezidentin 2022-ci ili “Şuşa İli” elan etməsi kifayət qədər məntiqlidir" - DEPUTAT
“Azərbaycan Prezidentinin 2022-ci ili “Şuşa İli” elan etməsi kifayət qədər məntiqlidir. Şuşanın 270 illik yubileyi isə həqiqətən mühüm hadisədir. Bu, həm də Azərbaycan Prezident İlham Əliyevin müdrikliyinin, uzaqgörənliyinin nəticəsidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Şuşanın azərbaycanlıların qəlbində xüsusi yeri var: “Şuşa birliyimizin rəmzidir. Bu şəhərin uğrunda gedən döyüş dünya tarixinə unikal hərbi əməliyyat kimi düşdü, xüsusi təyinatlılarımızın misilsiz qəhrəmanlığı kimi yazıldı. Müharibədə bütün hədəflər Şuşaya fokuslanmışdı, bu şəhərin azad edilməsi, sanki bütün Qarabağın azad edilməsinə bərabər tutulurdu. Mədəniyyət beşiyimiz, qeyrət qalamız Şuşanın azadlığına qovuşması Ermənistanın işğalçı rəhbərliyini diz çökdürdü, onu kapitulyasiya bəyanatına imza atmağa məcbur etdi. 2022-ci ilin “Şuşa İli” elan edilməsi bu şəhərin tarixi-mədəni əhəmiyyətinə, Azərbaycan üçün yeni imkanlar və çağırışlar yaradan müasir geosiyasi proseslərə uyğundur".
A.Hüseynov qeyd edib ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyinin nəticəsidir: "Postmüharibə dövründə də Prezidentimizin işğaldan azad edilmiş ərazilərimizə, xüsusən də Şuşaya dəfələrlə səfər etməsi, bu şəhərin timsalında bütün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələrinin geniş vüsət alması onu deməyə əsas verir ki, 2022-ci ildə də Azərbaycanın əzəli torpaqları diqqətdən kənarda qalmayacaq. Bu qərar böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir. “Şuşa İli” çərçivəsində həyata keçiriləcək mükəmməl tədbirlərdə iştirak edəcək hər bir qonaq, Şuşanın, Qarabağın, bütövlükdə Azərbaycanın təbliğatçısına və xoşməramlı səfirinə çevriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB