YAP Nəsimi rayon təşkilatında 2021-ci ilin yekunlarına dair tədbir keçirilib

YAP Nəsimi rayon təşkilatında 2021-ci ilin yekunlarına dair tədbir keçirilib

29 dekabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbiri Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov açaraq ölkəmizin özünün inkişaf mərhələsinin yeni bir uğurlu ilini başa vurduğunu bildirib: “Qazanılan bütün müvəffəqiyyətlərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Ötən müddət ərzində YAP özünün dünənin, bu günün və sabahın partiyası olduğunu bir daha sübut etdi”. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Azər Süleymanov əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir.

Azər Süleymanov çıxışında onu da qeyd edib ki, yola saldığımız 2021-ci il müstəqil Azərbaycan Respublikası üçün əlamətdar hadisələrlə yadda qaldı: “2021-ci il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev rəhbərliyi ilə Qarabağda sürətli gedən quruculuq işləri ilə yadda qaldı. Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ümummilli Liderimiz Heydər Əliyevin 98 illik yubileyləri ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da geniş şəkildə qeyd olundu”.

Eyni zamanda, YAP Nəsimi rayon təşkilatının fəaliyyətindən danışan A.Süleymanov siyasi həmfikirlərinin rayonun inkişafındakı rolundan bəhs etmiş, partiya üzvlərinin ölkənin qüdrətlənməsi yolunda möhtərəm Prezidentimizin ətrafında sıx birləşməsini gündəmə gətirmişdir. O, qeyd etmişdir ki, YAP Nəsimi rayon təşkilatı 31156 partiya üzvünü özündə birləşdirir. Onlardan 12931 nəfərini qadınlar, 9305 nəfərini gənclər təşkil edir. 2021-ci il ərzində YAP Nəsimi rayon təşkilatı özündə birləşdirdiyi ərazi ilk partiya təşkilatlarının sayını artıraraq ilk təşkilatların sayını 100-ə çatdırmışdır.

Natiq 2012-ci ildə təşkilatın qarşısında duran əsas vəzifələri də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə çıxış edən “Loqos” psixoloji və nitq inkişaf mərkəzi ərazi ilk partiya təşkilatının sədri Təranə Paşayeva rayonda gedən quruculuq və abadlıq işlərindən söz açıb, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs edib.

Sonda partiya həyatında yaxından iştirak edən bir qrup partiya fəalına YAP Nəsimi rayon təşkilatının diplom və təşəkkürnamələri təqdim olunub.

Nəzakət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə