“Sülh sazişinin imzalanması istiqamətində əməli praktiki addımlar atıla bilər” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın ərazisi olması və eləcə də Şuşada işğaldan öncə Azərbaycan əhalisinin əksəriyyət təşkil etməsi haqqında fikirlər bildirməsi sülhün əldə olunması istiqamətində mühüm addımlar kimi qiymətləndirilə bilər. Lakin arzu olunandır ki, Ermənistan dövləti rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanısın, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul etsin”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, sülh sazişinin imzalanması istiqamətində əməli praktiki addımlar atıla bilər: “Eyni zamanda, sərhədlərin delimitasıyası istiqamətində həm Avropa İttifaqı, həm də Rusiya Federasiyası öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu xüsusda Brüsseldə keçirilmiş görüşün böyük əhəmiyyəti vardı, çünki 26 noyabr tarixində Soçidə keçirilmiş üçtərəfli görüşdən sonra Brüsseldə konseptual əsaslı bir sıra məsələlər müzakirə olunmuşdur. Eyni zamanda, Sankt-Peterbruqda ötən gün keçirilmiş zirvə toplantısında da Azərbaycan və Ermənistan liderləri Zirvə görüşündə iştirak etmişdilər. Görüşlərin intensivliyinə nəzər salanda görürük ki, son 32 gün ərzində Azərbaycan və Ermənistan liderləri iştirak etdiyi toplantıların sayı 3-ə çatıb. İlin sonunda bu cür məhsuldar görüşlər bölgənin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən qeyd olunmalıdır ki, 2021-ci il ərzində Azərbaycan diplomatiyası böyük uğurlar əldə etmişdir. Moskva, Soçi, Brüssel və Sankt-Peterbruq görüşləri Azərbaycan diplomatiyasının qələbəsi kimi qəbul edilir və eyni zamanda, mahir siyasətçi, görkəmli diplomat cənab Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə qorumuşdur və Azərbaycanın milli maraqları kontekstində bütün məsələlər müzakirə olunmuşdur. 2022-ci ildə də Azərbaycan diplomatiyası qarşısında mühüm vəzifələr vardır və bu vəzifələr, ilk növbədə, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasına çalışmaq ən öndə vəzifə kimi qarşıda dayanır”.
Politoloq onu da bildirdi ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması məhz dəhliz prinsipi əsasında həyata keçiriləcək: “2021-ci il də Azərbaycan və Ermənistan arasında əldə olunmuş ən mühüm razılaşma dəmir yolu marşrutunun müəyyənləşməsi oldu, bununla yanaşı avtomobil yolunun inşası istiqamətində də bir sıra danışıqlar keçirilmişdir. Lakin avtomobil yolu istiqamətində danışıqlar nəticəsiz qalmışdır. Ümid edirik ki, 2022-ci ildə bu istiqamətdə də mühüm nəticələr əldə olunacaq. 2021-ci ildə Azərbaycan diplomatiyası qarşısında qoyulan hədəflərdən ən birincisi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında olan əlaqənin təmin olunmasında heç bir yoxlanışın keçirilməsi, heç bir rüsuma cəlb olunmanın olmaması istiqamətində mühüm tezislər rəsmi Bakı tərəfindən irəli sürülmüşdür. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizində vergiyə cəlb olunma ilə bağlı addımlar atarsa, Azərbaycan da adekvat şəkildə bu addımları Laçın dəhlizində həyata keçirə bilər. Bu, mühüm bir tezisdir və düşünürəm ki, təhlükəsizliyin qorunması və eləcə də bölgənin nəqliyyat infrastrukturunun diversifikasiyasında mühüm bir amil kimi nəzərdən keçirilir və bu komponent 3+3 platforması çərçivəsində keçirilmiş görüşlərdə də diqqətə çatdırılıb. Artıq ilk görüş Moskvada keçirilmişdir və bundan sonra Türkiyədə görüşün keçirilməsi planlaşdırılır, Gürcüstanın da bu platformaya qoşulması arzu olunandır. Ümid edirəm ki, 2022-ci ildə daha firavan, sülh əmin-amanlıq şəraitində bölgə xalqlarının inkişafı göz qarşısında olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB