Hadrut və Şuşa səfərləri parlaq Zəfərin növbəti dəfə nümayişi idi

Hadrut və Şuşa səfərləri parlaq Zəfərin növbəti dəfə nümayişi idi

44 günlük müharibədə qazanılmış parlaq Qələbədən, böyük Zəfərdən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ailə üzvləri ilə birlikdə işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlər etmişdir. Lakin 24 dekabr 2021-ci il tarixində cənab Prezidentin Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfəri tam başqa əhəmiyyət kəsb edirdi. Prezidentin ad günündə Hadruta və Şuşaya səfəri bir sıra mühüm məsələləri özündə ehtiva edir. Bu təntənəli səfəri digərlərindən fərqli edən cəhət isə Cənab Prezidentin 60 illik yubileyini tarixi Azərbaycan torpaqlarında qeyd etməsi oldu. Heç şübhəsiz ki, bu səfər də digərləri kimi böyük və parlaq Zəfərin növbəti dəfə nümayişi idi. Qalib ölkənin Prezidenti, Rəşadətli Ordunun Müzəffər Ali Baş Komandanının 60 yaşını Qarabağın döyünən ürəyi olan Şuşa və Hadrutda qeyd etməsi və xalqa müraciəti çox əlamətdar bir hadisə idi. Bu Qarabağdan düşmənə verilən ən kəskin qisas cavabı idi. İşğalçı və təcavüzkar Ermənistanın və onun ordusunun Qarabağdan qovulmasında Hadrut əməliyyatının rolu çox böyükdür. Hadrutun azad olunması ilə Şuşaya qapıların açılmasını asanlaşdırdı. Hər iki ərazinin strateji və coğrafi baxımdan çox mühüm əhəmiyyət kəsb etməsi Vətən müharibəsində dönüş nöqrtəsi olaraq düşməni diz çökməyə məcbur etdi.

Müharibədən sonra da qüdrətli Azərbaycan Respublikası ordu quruculuğunu daha da möhkəmləndirir. Ərazi bütövlüyümüzün qorunmasında xüsusi təyinatlı qoşun növlərinin xidmətləri çox böyükdür. Müzəffər Ali Baş Komandanın Hadrutda yeni xüsusi təyinatlı hərbi hissənin açılışında çıxışı düşmənə verilən ən böyük ibrətamiz mesajlar idi. Hadrut qəsəbəsində Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi cənab İlham Əliyevin yeni silahlı birləşmə olan Komando Briqadasının açılışında iştirak etməsi bütün əsgərlərimizə böyük mənəvi-psixoloji ruh verdi. Əsgərini sevən əsl Komandanın, xalqına böyük məhəbbət göstərən müdrik Prezidentin, ad günündə öz xalqının yanında olması humanizm və müdrikliyin təcəssümüdür. Azərbaycan xalqının öz liderinə böyük sevgi və ehtiram bəsləməsi çox təbiidir. Şuşada 4 yaşlı “general-leytenant” Asiflə səmimi söhbət Prezidentin nə qədər sadə və humanist insan olmasının əyani subutudur. Dünyada belə bir alicənab və səmimi Ali Baş Komandana sahib olduğumuz üçün özümüzü millət olaraq çox şanslı hesab edirik.

Milli ruha, hərbi-vətənpərvər hisslərə, böyük mənəvi-əxlaqi dəyərlərə malik olan Azərbaycan Ordusu hər zaman torpaqlarımızda gözü olan düşmənin qorxu kabusu olacaqdır. Yağı düşmən heç zaman vətənimizə ayaq basmağa cəsarət etməyəcəkdir.Bu duyğusal günlərdə beynimdə dolaşan düşüncələri, əyilməyən, sınmayan, Azərbaycan ruhunu qoruyan şəhər Qələbə müjdəsi olan bu kəlmələr hələ də Şuşa dağlarında, onun hər qayasında, hər daşında əks-səda verir. Şuşa bizim milli sərvətimiz, qədim Azərbaycan şəhəridir. Cıdır düzündən səslənən Prezidentin öz doğma xalqına müraciəti Qarabağın əsl sahiblərinin kim olduğunu əyani surətdə dünyaya nümayiş etdirdi. Azərbaycanlıların tarixi və qədim şəhəri Şuşa hər bir vətəndaşımızın fəxarət, qürur və qəhrəmanlıq dastanıdır.

Vüsal Fərəcov

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə