Dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 60 illik yubileyini Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində işğaldan azad edilən Qarabağ torpağında qeyd edib. Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak edən dövlət başçısı müharibənin bitməsinə baxmayaraq ordunun qüvvətləndirilməsi məsələlərinin hər zaman gündəmdə olacağını bəyan edib.
İlham Əliyevin çıxışından bir hissəni olduğu kimi təqdim etmək istərdim:
“Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz, sadəcə olaraq, seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi.
Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, - əgər belə demək mümkündürsə, - öz ad günümü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim.
Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsi olan Hadrutda - Xocavənd rayonunda ordu quruculuğunda aparılan işlərin yeni mərhələsinə qədəm qoyduq. Ondan sonra isə Şuşaya gəldim. Bu, mənim Şuşaya bu il yeddinci səfərimdir. Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada – Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda, hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm. Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.
Bu il “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Hər birimiz o anları xatırlayır. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.
Əziz bacılar və qardaşlar, bütün xoş sözlərə, bütün təbriklərə görə sizə bir daha öz dərin təşəkkürümü bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq.
Qarabağ bizimir! Qarabağ Azərbaycandır!”
Məqaləmin davamı olaraq Hadrut əməliyyatı barədə bir neçə nüansı qeyd etmək istərdim. Hadrut qəsəbəsi 44 günlük Vətən müharibəsinin qırılma nöqtələrindən sayılır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat kimi qiymətləndirilir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində Azərbaycan Ordusunun həyata keçirdiyi Hadrut əməliyyatının yaxından öyrənilməsinə başlanılıb.
Bu əməliyyat təsadüfi planlaşdırılmayıb. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açılırdı. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Hadrut qəsəbəsində milli bayrağımızı qaldırarkən qəsəbənin önəmini belə vurğuladı: "Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi''.
Hadrutun terrorçu qruplardan təmizlənməsi sıradan bir əməliyyat olmayıb, öncədən hərbi-strateji plan hazırlanıb və əməliyyat Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb. Azərbaycanın siyasi və hərbi rəhbərliyi dəqiq hərbi plana malik olub və bu strateji plana görə Cəbrayıl rayonu, Cəbrayıl şəhəri, daha sonra isə Hadrutun azad edilməsi əməliyyatına start verilib.
Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb. Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də artıq ad günlərini düşməndən təmizlənən torpaqlarımızda qarşılayır. Müzəffər Ali Baş Komandan qəhrəman hərbçilərimizi ziyarət edir, onlarla görüşür, onların qayğıları ilə maraqlanır, zəruri göstərişlərini verir.
Ötən il ad gününü Qubadlı və Zəngilan rayonlarında hərbçilərlə görüşdə keçirən ölkə rəhbəri bu il artıq əsası qoyulan həmin ənənəni Hadrut və Şuşada davam etdirdi. Ötən ildəki kimi, indi də istər Hadrutda, istərsə də Şuşada keçirdiyi görüşlərlə həm xalqımıza, həm də bütün dünyaya mesajlar verdi: Azərbaycan 2021-ci ildə qarşıya qoy-duğu məqsədə nail oldu – 30 il işğal altındakı ərazilərimizi sülh danışıqları heç bir nəticə vermədiyindən güc yolu ilə azad etdi. Azərbaycan lideri öz xalqına, ordusuna arxalanaraq bu vəzifəni reallaşdırdı.
Dövlət başçısı qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.
Ali Baş Komandan İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər zamanı burada hərbi hissənin açılışında çıxış edərək, son illər ərzində Azərbaycan ərazisində yeni hərbi hissələrin, hərbi şəhərciklərin salınmasının diqqət mərkəzində saxlanıldığını, bu istiqamətdə genişmiqyaslı tədbirlər görüldüyünü bildirdi. Ölkə rəhbəri bununla bağlı dedi: "Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir”.
Dövlətimizin başçısı açılışında iştirak etdiyi hərbi hissənin işğaldan azad edilmiş ərazidə Xocavənd rayonunda fəaliyyətə başlamasının çox böyük əhəmiyyət daşıdığını, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini vurğuladı, eyni zamanda, onların mənzil-məişət problemlərinin həllinə indiyədək olduğu kimi, bundan sonra da daim önəm veriləcəyini qeyd etdi.
İlhamə Veysəlova
Xəzər rayonu, Şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin direktor müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB