"Sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir" TƏHLİL

"Sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir" TƏHLİL

44 günlük Vətən müharibəsində 30 ilə yaxın erməni işğalında olan torpaqlarımız azad olunandan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tarixi və əzəli torpaqlarımıza səfəri və həmin məkanlarla bağlı etdiyi paylaşımları hər kəsdə maraq oyadır. Hər bir paylaşımda Xalqa və Vətənə məhəbbət, bağlılıq özünü dərindən göstərir. Bir insanın nəcib hissləri, duyğuları qələmə alınır. Bu cümlələr qısa olsa da ifadə olunan sözlərdə böyük bir ürək görünür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səmimi hissləri, düşüncələri ilə tanışlıq bir insanın əməllərinə, dünyagörüşünə açılan səhifədir. Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində Şuşadakı Yuxarı Gövhər Ağa məscidindən paylaşdığı videogörüntü maraq doğurur. Paylaşımda bu sözlər yer alıb: "Allah bütün duaları qəbul etsin və öz mərhəmətini xalqımızdan əsirgəməsin!". Hər bir səfərdən, tarixi, önəmli hadisələrlə bağlı paylaşımlar Azərbaycanın ictimai-siyasi, mədəni sosial həyatının reallıqlarını ortaya qoymuş olur. Milyonlarla insanın məhəbbətini qazanan, onların ümid və pənah yerinə çevrilən, ən çətin anlarında yanında olaraq mərhəmət və xeyirxahlığı ön plana çəkmək daxili təlabatdır. Bu insanlığın ən ali və ən yüksək nöqtəsidir. Sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılması, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olmaq həssas münasibətdən, qayğıkeş qəlbdən qaynaqlanır. Fəaliyyətə başladığı zamandan böyük və məsuliyyətli missiyanın daşıyıcısı olmaq yükünü üzərinə götürən Mehriban xanım Əliyevanı həyat missiyasından, məramından uzaq salmır. Əksinə, genişmiqyaslı layihələri ilə məsuliyyət hissini daha da artırır. Ən çətin anlarda, kədərli, hüznlü günlərdə, eləcə də xalqımızın sevincli, iftixarlı zamanlarında insanların yanında olaraq, onlarla öz fikirlərini bölüşmək əlbəttə ki, Mehriban xanım Əliyevaya ucalıq gətirir. Neçə illərdir ki, ağır və məsuliyyətli yükü çiyinlərinə götürərək yoluna davam edir. "Biz sizin xoş münasibətinizi daim hiss edirik və məhz sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir", - deyir Mehriban xanım Əliyeva.

Həssas qəlbi, iradəsi ilə bütün hadisələrə münasibətində onun xalqa sevgisini, məhəbbətini görürük. Azərbaycan həqiqətlərinə laqeyd qalmır. Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni diversantları tərəfindən basdırılan tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan yenidən erməni terrorunun acı nəticələrini yaşamış oldu. Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması, daha 4 nəfərin yaralanması erməni faşist ideolgiyanının daha bir göstəricisi oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi "İnstaqram" səhifəsində Kəlbəcərdə azərbaycanlı dinc mülki şəxslərin mina partlaması nəticəsində həlak olması ilə bağlı etdiyi paylaşımda qeyd edirdi: "Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçıları tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir".

Bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş hərbçilərimizlə bağlı etdiyi paylaşımı da diqqətdən kənarda qalmadı. Həmin paylaşımda deyilirdi: "Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!". Bütün bu və digər paylaşımlarda bir daha Mehriban Əliyevanın vətənə və onun övladlarına olan isti və sevgidən yoğrulmuş münasibətini görürük.

"BİR ZAMANLAR ERMƏNİLƏRİN VƏHŞİCƏSİNƏ DAĞITDIĞI, TÖVLƏYƏ ÇEVİRDİYİ MÜQƏDDƏS DİNİ MƏKANLARIMIZ YENİDƏN DİRÇƏLƏCƏK"

Artıq Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsindəki paylaşımında qeyd edirdi: "Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir… Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"

44 günlük müharibəni Zəfərlə başa vuran Azərbaycanda reallaşacaq layihələrə Mehriban xanım Əliyeva öz töhfəsini verir. Möhtəşəm "Xarı Bülbül" festivalına rəhbərlik etməsi bütün dünyaya səs saldı. 30 ildən sonra "Qarabağ şikəstəsi" Cıdır düzündə səsləndirildi. Xatırladaq ki, 2019-cu ildə məcburi köçkünlərlə Heydər Əliyev Mərkəzində ad gününü keçirərkən, "Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir. Mən əminəm ki, Prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi, Allahın köməyi ilə biz buna nail olacağıq"- deyə bildirmişdir. Xoş niyyət Ona xoşbəxt anları yaşatdı.

"BİZ BİRLİKDƏ VƏTƏNİMİZİ BU XƏSTƏLİYİN TƏHLÜKƏLİ SURƏTDƏ YAYILMASINDAN QORUYA BİLDİK"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dünyanın qlobal çağırışla üz-üzə qaldığı zamanda belə xalqla həmrəylik nümayiş etdirdi və bu gün də belədir. Dünyanın bir parçası olan Azərbaycan "SOVİD 19" pandemiyasını yaşamış oldu. Dünyanın belə riskə hazır olmadığını yazan Mehriban xanım Əliyeva bildirirdi ki, hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələrin belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər. Verdiyi müsahibələrin birində isə belə deyirdi: "Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Biz epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasından qoruya bildik."

"AĞRI VƏ İZTİRABLAR SƏRHƏD TANIMIR"

İnam hissi də güclüdür Mehriban Əliyevada: "İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır". Mehriban Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırış etdi: "Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq". Sonda isə Mehriban xanım Əliyeva belə yazır: "Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik". Bu isti və səmimi münasibətləri Onu insanlara daha da yaxınlaşdırıb. Azərbaycan xalqına mənəvi dəstəyini heç zaman əsirgəməyib. Milyonların pənah yeri, ümid çırağıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə