“Böyük sülh sazişinə qədər Paşinyana inanmaq olmaz” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Böyük sülh sazişinə qədər Paşinyana inanmaq olmaz” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistanın baş nazirinin mətbuat konfransında Qarabağın Azərbaycanın ərazi birliyinə aid olması ilə bağlı verdiyi açıqlamalar kosmopolit mahiyyətli bəyanatlar kimi qəbul edilməlidir. Ümumiyyətlə, Paşinyanın son vaxtlar istər Qarabağ, istərsə də Azərbaycan Ermənistan münasibətlərinin perspektiv inkişafı ilə bağlı açıqlamaları özünün ikili xarakteri ilə daha çox diqqəti cəlb edir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Paşinyan bir tərəfdən nəqliyyat -kommunikasiya xətlərinin, xüsusilə, dəmir yollarının açılacağı ilə bağlı bəyanatlarla çıxış edir, Azərbaycanla böyük sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan edir, digər tərəfdən isə “Artsax”ın beynəlxalq birlik tərəfindən müstəqilliyinin tanınması üçün səylərin artırılması zəruriliyindən danışır: “Bu isə Paşinyan iqtidarının müstəqil siyasət yeridə bilməməsi amilindən irəli gəlir ki, bu da anlaşılandır. Paşinyan və komandası qlobal maliyyə mərkəzlərinin sifarişlərini yerinə yetirmək məcburiyyəti qarşısında olduğundan onun verdiyi bəyanat və açıqlamalara da bəlli mərkəzlərin Cənubi Qafqaza bağlı maraqlarından qaynaqlandığı da məlumdur. Paşinyan regionda məlum qüvvələr nisbətini Qərbin xeyrinə olaraq dəyişmək konteksində sifarişlər aldığından hazırda onun münaqişə və Qarabağın perspektiv statusu ilə bağlı verdiyi bəyanatlar da məlum layihələrin realizə edilməsində qlobal maliyyə mərkəzlərinin sifarişlərinin həyata keçirilməsinə hesablanıb”.

E.Manafov onu da bildirdi ki, Azərbaycanla müharibədə məğlub olan Paşinyan bir tərəfdən məğlubiyyətin Ermənistanda doğurduğu siyasi, iqtisadi, sosial reallıqları nəzərə alır, digər tərəfdən isə Qarabağ ətrafında gedən danışıqlar BMT müstəvisindən ATƏT müstəvisinə qaytarılmasına çalışır: “Azərbaycanın hərbi, siyasi, diplomatik təzyiqinə duruş gətirə bilməyən Ermənistanın siyasi elitası qarşıdurmaya bölgədə maraqları olan digər tərəfləri də danışıqlar formatına qaytarılmasına nail olmaqla, birincisi vəziyyəti dəyişməyə, ikincisi geosiyasi reallıqları korrektə etməyə çalışır. Əsas məqsədi Rusiyanın regionda təsir dairəsini qapatmaq, Ermənistanı Qərbin nüfuz dairəsinə salmaq, Türkiyə-Rusiya, Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaq, Qarabağ və onun ətrafında mövcud duruma Qərbin təsir imkanlarını yüksəltmək istəyir. Yaddan çıxartmaq lazım deyil ki, “Qarabağ Ermənistandır” kimi məlum ifadə məhz Paşinyana aiddir və məhz bu bəyanat danışıqların dalana dirənməsinə və tərəflər arasında 44 gün davam edən müharibənin başlanmasına səbəb olmuşdur. Bu mənada böyük sülh sazişini imzalayana və Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etməyənə qədər Paşinyana inanmaq olmaz”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə