“Düşmənçilik meylinin qarşısı dərhal alınacaq” - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz doğum günündə Şuşaya səfəri, Hadrutda hərbi hissənin açılışını etməsini çox ciddi siyasi hadisə kimi qiymətləndirilməlidir. Hər şeydən öncə bu səfər xalq-iqtidar birliyinin kökündə hansı amil dayanır, onu göstərdi. Habelə, cənab İlham Əliyevin post-müharibə dövründə xalq arasında lider olaraq nüfuzunun daha da güclənməsini əyani olaraq nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, əslində, elə mürəkkəb bir geosiyasi situasiya hökm sürür ki, biz siyasi nüfuz məsələsinə bir siyasətçi çərçivəsində baxmamalıyıq: “Bu bütövlükdə bölgə ilə əlaqəli məsələdir. Çünki, Qafqazda sülh və sabitlik, o cümlədən Qafqaz dövlətləri arasında, habelə, Türkiyə, Rusiya və İran kimi iri dövlətlər də daxil olmaqla bölgədə güclərin maraqlarının uzlaşdırılmasında açar meyar İlham Əliyev şəxsiyyətidir və öz ölkəsində cənab İlham Əliyevin sosial bazası və siyasi nüfuzu bir mənalı bütövlükdə bölgənin taleyüklü məsələsidir”.
Deputat sözlərinə belə davam edib: “Bundan başqa, Soçi və Brüssel proseslərinin ardınca Bakı və İrəvan arasında münasibətlərdə müşahidə olunan müsbət meyllər, xüsusən, son günlər Ermənistan rəhbərliyinin nisbətən konstruktivliyə yaxın bəyanatlar səsləndirməsi fonunda bəzi pozucu destruktiv elementlərin yenidən ortaya düşməsi, həm ermənistan daxilində, həm də Avropadan, xüsusən Fransadan bəzi siyasilərin nümayiş etdirdiyi beynəlxlaq hüquqa zidd, pozucu davranışlara cavab olaraq cənab İlham Əliyev Azərbaycanın mövqeyini net şəkildə ifadə etmiş oldu. Cənab İlham Əliyev Ermənistana və havadarlarına başa saldı ki, post-müharibə dövründə Azərbaycan ordu quruculuğu prosesini dayandırmayıb, əksinə, 44 günlük savaş zamanı qazanılan təcrübə fonunda peşəkarlaşma istiqamətində ciddi islahatlar aparılaraq daha güclü bir ordu qurmuşuq. Yəni, istənilən düşmənçilik meylinin qarşısı yerindəcə və dərhal alınacaq. Əlbəttə, indiki məqamda belə bir aydınlaşdırmanın və əsaslı siyasi xəbərdarlığın elə Qarabağdan səslənməsi mühim siyasi yükə malikdir”.
“Bundan başqa, qeyd etdiyimiz kimi, cənab İlham Əliyev ordu quruculuğu prosesində komando briqadalarının formalaşdırılması, peşəkarlığın artırılması ilə yanaşı hərbçilərin sosial və məişət problemlərinin həllinin paralel qoyulması ilə yeni bir nümunə yaratdı. Azərbaycanın Dövlət Başçısı hər bir hərbçinin, onun ailəsinin arxasında dövlətin təminatının daha da güclənəcəyini bəyan etməklə bölgəmizdə hərb sənətinin elit bir sahəyə çevrilməsi üçün ciddi addım atmış oldu. Nəzərə alaq ki, keçmiş sovetlər məkanında bu məqsədə hələki heç bir dövlət nail ola bilməyib. Cənab Prezidentin Hadrut bəyanatı prosesin MDB-nin Beynəlxalq hüquq çərçivəsində davranan və qalibiyyəti legitim hesab edilən yeganə silahlı qüvvələri kimi məhz Azərbaycandan başlamasının anonsu oldu”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB