"Birliyimizi II Qarabağ müharibəsində də nümayiş etdirə bildik" - Mütəllim Rəhimlidən MÖVQE

"Birliyimizi II Qarabağ müharibəsində də nümayiş etdirə bildik" - Mütəllim Rəhimlidən MÖVQE

"Ümumiyyətlə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü orijinal bir bayramdır. Çünki dünya ölkələrinin böyük əksəriyyətində bu mahiyyətdə bir bayram yoxdur". Bunu SİA-ya açıqlamasında "Ədalət” Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

O, qeyd edib ki, Azərbaycan xalqının həmrəyliyə çox böyük ehtiyacı var. Xalqımız qarşısında duran problemlərin həlli kimi ilkin şərt olaraq həmrəyliyi görür. Bunu biz ötən il ikinci Qarabağ müharibəsində də bir daha nümayiş etdirə bildik. Müharibədə qələbə qazanmağımızı şərtləndirən məsələlərdən biri də xalqımızın həmrəyliyə nail olması idi.

Mütəllim Rəhimli bu barədə fikirlərini belə izah edib: "Artıq xalqla hakimiyyət və müxalifət gücləri arasında bir həmrəylik yaranmışdı. Bu həmrəyliyin qarşısında biz təkcə Ermənistan silahlı qüvvələrini torpaqlarımızdan qovmadıq, həm də onların havadarlarının qarşısında dayana bildik. Azərbaycan xalqının problemləri hələ tam qurtarmayıb. Bizim hələ də Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimiz və Qazağın işğal altında qalan 6 kəndimiz var. "Zəngəzur dəhlizi"nin açılması məsələsi var. Bütün bunların qarşısının alınması yenə də, düşünürəm, həmrəyliklə mümkündür. Bundan sonra da bizim həmrəyliyə ehtiyacımız var. İkinci bir tərəfdən Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə qarşı təhdidlər zaman-zaman ortaya çıxmaqdadır. Xüsusilə də, Ermənistan tərəfindən. Bunun qarşısını alınması üçün hesab edirəm ki, həmrəyliyə ehtiyac var. Bu həmrəylik yalnız Azərbaycanda yaşayan azərbaycanlıların yox, həm də bütün dünyaya səpələnmiş azərbaycanlıların həmrəyliyi kimi olmalıdır. Eyni zamanda iqtidar-müxalifət həmrəyliyi bu baxımdan vacibdir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə