“Milli birlik və həmrəylik xalqımızın ən böyük mənəvi sərvətidir” - ALYANS SƏDRİNİN MÜNASİBƏTİ
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 31 dekabr Azərbaycanda milli bayramdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova deyib.

Alyansın sədri vurğulayb ki, bu bayram bütün dünya azərbaycanlılarının milli birlik və həmrəyliyini, milli-mənəvi dəyərlərə hörmətini, tarixi vətənə mənsubluğunu daha da ön planda göstərmək məqsədi daşıyır.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə 1991-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Ulu Öndər Heydər Əliyev tərəfindən təklif edilib. 1993-cü ildə Azərbaycan Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan sərəncamla 31 dekabr milli bayram elan edilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda 10 milyon insan yaşadığı halda, 70-dən çox ölkədə 60 milyona yaxın azərbaycanlı yaşayır. Bu gün Azərbaycan Respublikasından kənarda yaşayan azərbaycanlıların ən çoxu İrandadır ki, bu da 30 milyona qədərdir. Türkiyə 3,3 milyon nəfərlə ikinci yerdədir. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin tərtib etdiyi məlumata görə, Rusiyada iki milyon azərbaycanlı yaşayır. Gürcüstanda təxminən yarım milyon azərbaycanlı, ABŞ-da isə demək olar ki, eyni sayda azərbaycanlı yaşayır. Almaniya, Böyük Britaniya, Ukrayna, Kanada, İsrail, Fransa, İsveç, Hollandiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İraq, Suriya, Çin, Yaponiya və Avstraliyada böyük azərbaycanlı icmaları vardır.
Bu gün xalqımız qarşıdan gələn 2022-ci ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük qələbə sevinci ilə qarşılayır. 2020-ci il möhtəşəm Zəfər ili olaraq, 2021-ci il işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, beynəlxalq tədbirlərin təşkili və digər hadisələrlə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsi, milli həmrəylik, milli birlik nəticəsində otuz illik doğma yurd həsrətinə son qoyuldu. Dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin qanı yerdə qalmadı. Bu milli birlik və həmrəylik xalqımızın ən böyük mənəvi sərvətidir və cənab Prezidentimizin uzaqgörən siyasi rəhbərliyi altında Azərbaycanı daha işıqlı sabahlara aparacaqdır”, deyə Nüşabə Məmmədova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB