Demokratiya torunda açılmış deşik, hədəf Paşinyandır - ANALİZ

Demokratiya torunda açılmış deşik, hədəf Paşinyandır - ANALİZ

Siyasətdə əbədi dostlar yox, əbədi maraqlar olur. Dünya siyasətində isə bu aforizm bir az daha kəskin formada tətbiq edilir. Yəni maraqlar dostları yeməklə özünü əbədiləşdirir. Bizim regionda da belədir, zəiflər daim güclülərin qapazı altında olur, lazım gələndə isə onların “havasına” oynamayanları oyundankənar vəziyyətə salırlar. Bəli, böyük oyunçulara lazım olmayan kiçik qruplar, yaxud fərdlər çox asanlıqla siyasət səhnəsindən çıxarılır, başqaları ilə əvəz edilir, bu da yetməyəndə aradan götürülür.

2018-ci ildə Ermənistanda baş verənləri yadımıza salaq. Universitetdən qovulan, ali təhsil almağa savadı olmayan, əvəzində siyasi maxinasiyalar ustası sayılan, Ermənistanın birinci prezidenti Levon ter-Petrosyandan dərsi alan Paşinyan adlı anarxist meydana çıxdı və ölkənin əvəzedilməz hakimi-mütləqi sayılan “Qarabağ klanı”nı nəinki hakimiyyətdən uzaqlaşdırdı, həm də onlara qarşı cinayət işinin açılmasını təmin edə bildi. Bəs hər gün meydanlarda polisin dəyənəyinə tuş gələn Nikola bu cəsarəti kim vermişdi? Bir gözündən məhrum Levonmu? Yox, onun gücü olsaydı öz haqq-hakimiyyətini Kocaryana yedirtməzdi. Bəli, o əl uzaqda idi və Paşinyanı uzaqdan idarə edirdi. Onun milyonları, demokratiya haqqında danışdığı nağıllar gələcək baş nazirin başını dumanlandırmışdı. İstifadə olunandan sonra atılacağını heç ağlına da gətirmirdi.

3 il bundan qabaq verilmiş proqnozlar bu gün özünü doğruldur. Sorosun rejissorluğu və Nikol Paşinyanın baş rol aldığı demokratiya komediyası Ermənistanda finala yaxınlaşır. Necə və niyə? Bunun səbəbini Ermənistanda keçirilmiş özünüidarəetmə orqanlarına seçkilərin üçüncü mərhələsindən 2 gün sonra ABŞ səfirliyinin yaydığı bəyanatda axtarmaq lazımdır. “Ermənistanda demokratiyanın sabitliyi və bu illər ərzində ölkənin əldə etdiyi əhəmiyyətli irəliləyiş”lə yanaşı, bəyanatda müşahidəçilərin dərhal qeyd etdiyi bir ifadə də yer alıb: “Biz müxalifət namizədlərinə təzyiqlər barədə də xəbərlər almışıq və hakimiyyəti bu məsələni araşdırmağa çağırırıq”.

Bu açıqlama bəzi ekspertlərin Paşinyanın bir sıra geosiyasi mərkəzlərlə izdivacından sonar baş tutan “bal ayı”nın sona yaxınlaşdığını bəyan etməsinə əsas verib. Deyək ki, səfirlik açıq şəkildə bildirir ki, əvvəllər hakimiyyətə bağışlanan çox şey bundan sonra bağışlanmayacaq. Düzdür, seçkilərdə bəzi namizədlərə təzyiqlər olub, hüquqazidd hərəkətlər də qeydə alınıb, amma ABŞ-dan belə bir təlimatın veriləcəyini Ermənistanda heç kim gözləmirdi. Halbuki Paşinyanın rəhbərlik etdiyi hakimiyyət komandası dünya mərkəzlərinin regionun geosiyasi formalaşdırılması üçün diqqətlə hazırlanmış planlarını həddən artıq səylə yerinə yetirir. Belə olan halda amerikalılar və ya avropalılar hansısa demokratiya naminə belə parlaq fürsəti kiməsə və nəyəsə qurban verirlər? Onlar Paşinyan hakimiyyətinin demokratik normaları addımbaşı pozmasına və diktaturaya doğru sürətlə sürüşməsinə gözlərini bərk-bərk yumdular ki, əllərində kifayət qədər kompromatlar olsun, lazım gələndə Paşinyana yerini göstərə bilsinlər, onu daha asan idarə edə bilsinlər. Və məqsədlərinə qismən də olsa çata biliblər. Baş nazirin Rusiyaya tərəf meyllənməsinə etiraz aksiyaları ilə cavab verilir, sərbəst addım atmaq istəyi ona “demokratiya şapalağı” bahasına başa gəlir.

Bəli, Ermənistanda çoxdan başa düşürlər ki, demokratiya və insan haqları Qərb dünyasına sadəcə, öz maraqlarına çatmaq üçün bir vasitədir və yaxşı işlənmiş mexanizmlərin köməyi ilə ona uyğun istifadə olunur. Ermənistanda son üç ildə sözün həqiqi mənasında bu həqiqət klassik şəkildə öz təsdiqini tapıb. Səfirliyin bəyanatından bir neçə gün sonra, dekabrın 10-da birdən-birə üç siyasi məhbus – “Hayastan” blokunun deputatları Armen Çarçyan, Mxitar Zakaryan və Artur Sarkisyan ölkədən getməmək barədə vəsatətlə azadlığa buraxıldılar. Qanunun bütün tələblərinə məhəl qoymayan hakimiyyətin inadkarlıq və təkəbbürlə onları dəmir barmaqlıqlar arxasında saxlamaqda davam etməsi ən azı qəribə görünürdü. Amerikalılar Paşinyanı yumşaq şəkildə söydükdən sonra həbs-qətimkan tədbirinin dərhal dəyişdirilməsinə az adam diqqət yetirdi. Paşinyana deyildi ki, çox uzağa gedirsən, cilovu bir az boşalt ki, ictimaiyyət qarşısına çıxmağa üzün olsun.

Dekabrın 15-də Nikol Paşinyanın Brüsselə səfəri bütün Qərb mərkəzləri tərəfindən alqışlandı, Ermənistan və Azərbaycan liderlərinə ünvanlanan məktublarda “regionda dinc eranın başlanğıcı” kimi qeyd edildi. İrəvana qayıdan Paşinyan daha iki müxalifət liderinin zaminə buraxılmasını əmr etdi. Dekabrın 17-də Gorus şəhərinin vitse-meri Menua Hovsepyan, ertəsi gün isə Qacaranın meri Manvel Paramazyan azadlığa buraxıldı. Halbuki hər iki şəxs həbs edilmiş digər deputatlar kimi açıq-aşkar günahsız olmalarına rəğmən bir neçə ay Paşinyanın “əsirliyində” qalmalı olmuşdular. Beynəlxalq təşkilatların hesabatında həmin dörd nəfərin siyasi məhbus kimi qeydiyyata alınması da “demokratiya mücəssəməsi” sayılan Nikolun reputasiyasına heç bir təsir etmədi. Çünki Qərb buna imkan verdmədi, hesabatda yazılanlar da silindi.

Lakin görünür, bu cür aşkar qanun pozuntuları, Paşinyan tərəfindən qanunun tələblərinə həddən artıq təxribat xarakterli etinasızlıq Qərbdəki sahiblərini nəhayət utandırdı, ona qarşı cəza tədbiri görməkdən başqa çıxış yolu qoymadı. Doğrudan da, artıq 3 ildən artıqdır ki, Qərb ölkələrinin Ermənistandakı səfirliklərinin və beynəlxalq hüquq müdafiə təşkilatlarının ünvanına ittihamlar səslənir. Onlar inadla susurlar, Paşinyan isə cəzasızlıqdan ruhlanaraq siyasi opponentləri ilə kobud rəftar edir. Onun diktatorluğu, o cümlədən adi vətəndaşlara - etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılığı isə deyəsən Qərbi narahat etmir. Amma görünür vəziyyət dəyişib. Vaşinqton və Brüssel Nikolun qulağına nə isə pıçıldayıblar. Əvvəlcə Paşinyanın özbaşınalıq etməsinə göz yumsalar da sonradan onu bir az cilovlamaq qərarına gəldilər.

Ermənistan hakimiyyəti bir neçə dəfə “Freedom House” kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının və jurnalistlərin sərt tənqidi ilə üzləşib. Amma okeanın o tərəfindəki məlum əl Paşinyanı qoruyub. Baş nazirə qarşı təzyiqlər bəyanatdan o tərəfə gedə bilməyib. Əgər bu gün yumşaq bəyanat verilirsə, sabah “kötüyün” daha iri olacağını gözləməyə dəyər. 3 il bundan əvvəl Ermənistanda baş vermiş inqilab artıq öz “balasını” qurban verməyə hazırlaşır. Paşinyan nişangahdadır, Qərin demokratiya torunda açılmış deşikdən düşmək üzrədir. Bəs onu kim əvəz edə bilər? Sorosun növbəti namizəd-maşası kimdir?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə