YAP Quba rayon təşkilatı tərəfindən rayon Heydər Əliyev mərkəzində "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirildi. Konfransda ilk partiya təşkilat sədrləri, partiya fəalları, ictimaiyyət nümayəndələri, idarə-müəssisə rəhbərləri iştirak edirdi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin 18 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi. Konfransı giriş sözü ilə açan YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov qeyd etdi ki, hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır: "Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın Qurucusu, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur".
Prezident İlham Əliyev qalib Sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı, - deyən Y.Abidov bildirib ki, dövlət başçısının təkcə 2020-ci ilin qəhrəmanı deyil, Azərbaycan tarixinin son 200 ilinin qəhrəmanıdır. İnanırıq ki, yüz illər sonra da Azərbaycan əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən siyasi kursla davam edəcək: "Bu gün tam əminliklə deyə bilərik ki, Möhtərəm Prezidentmiz, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələri inkişaf etmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan Ordusunun maddi-texniki təchizatı artmış və atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına daha da yaxınlaşdırmışdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan, partiyamızın Sədri Cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı".
Konfransda Qırmızı Qəsəbə ilk partiya təşkilatının sədri Nisim Nisimov "İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir", Quba şəhər 7 saylı məktəbin tarix müəllimi Anar Murtuzov "İlham Əliyev Azərbaycan elm və təhsilinin himayədarıdır", YAP fəalı Elza Orucova "Ulu Öndər Heydər Əliyev irsinin və ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev", Alpan kənd orta məktəbinin direktoru Mehparə Rüstəmova "Azərbaycanın yeni tarixini yazan Ali Baş Komandan", ADPU-nin Quba filialının müəllimi Lalə Beydullayeva "44 günlük Vətən müharibəsinə töhvə verən Azərbaycan Gəncliyi" mövzularında çıxış etdilər.
Sonda YAP Quba rayon təşkilatının sədri Y.Abidov konfransa yekun vuraraq qeyd etdi ki, bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında Ümummilli Liderimiz Heydər Əliyevin yetirməsi, Onun yaratdığı siyasi məktəbin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. Xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan möhtərəm Prezident İlham Əliyev Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan möhtəşəm Zəfər və bu nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB