“Təxribatlar tədricən azalacaqdır” -POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

“Təxribatlar tədricən azalacaqdır” -POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

"Azərbaycan tərəfi növbəti dəfə humanistlik nümayiş etdirərək, Ermənistan-Azərbaycan sərhədində saxlanılan sərhəd pozucuları və diversantların 10 nəfərini geri qaytarıb". Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq Anar Əliyev deyib.

Politoloqun sözlərinə görə, o, hesab edir ki, Ermənistandan daha çox, Avropa İttifaqı Şurası tərəfindən təşkil edilən Şərq Tərəfdaşlığı ölkələrinin VI sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında Şarl Mişelin iştirakı ilə və təkbətək görüş zamanı Azərbaycanın maraqlarına uyğun bir gündəliyin formalaşdırılması və müzakirələr zamanı Azərbaycan maraqlarına zidd heç bir ifadədən, heç bir yanaşmadan istifadə olunmamasına qarşılıq olaraq bu addım atılıbdır.

“Xatırlayırıqsa, məhz 14 dekabr tarixində həm Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşdə, həm də Azərbaycan və Ermənistan liderlərinin təkbətək görüşündə və qəbul edilən bəyanatda Azərbaycan daxili işlərinə heç bir halda müdaxilə baş vermədi. Eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr hərhansı bir müzakirə predmeti olmadı və münasibət bildirilmədi. Həmçinin separatçılara və orada yaşayan ermənilərə hərhansı bir status məsələsi müzakirə obyekti olmadı, separatçıların taleyi ilə bağlı hərhansı bir məsələ gündəlikdə olmadı, münasibətlər yalnız Ermənistan və Azərbaycan arasında və 10 noyabr, 11 yanvar bəyanatlarından irəli öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlər oldu, hansı ki, bu məsələlər, məhz Azərbaycanın aylardır Ermənistan tərəfindən tələb etdiyi və Ermənistan tərəfinin hələ də yerinə yetirilməsindən yayınmağa çalışdığı məsələlər idi. Hesab edirəm ki, Azərbaycana qarşı, daha doğrusu Cənubi Qafqazda baş verən proseslərə Avropa İttifaqı Şurası tərəfindən bu ədalətli münasibətə və Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsinə verilən dəstəyə Azərbaycan tərəfi özünün humanist yanaşmasını nümayiş etdirdi. Bu, bir siyasi gediş idi, bir siyasi jest idi və hesab edirəm ki, Ermənistan tərəfi də bunu, Azərbaycan tərəfinin bu humanist gedişini düzgün qiymətləndirəcəkdir və bundan sonra Ermənistan-Azərbaycan sərhədində baş verəcək təxribatların qarşısının alınmasına çalışılacaqdır.

Təəssüflə qeyd etməliyik ki, Ermənistanda siyasi hakimiyyətlə hərbi qurumlar arasında, xüsusilə ordu arasında münasibətlər o qədər də xoş deyil və mövcud hakimiyyət orduya tam nəzarəti həyata keçirə bilmir. Bu mənada revanşist qüvvələrin ordudakı dayaqlarının Azərbaycan-Ermənistan sərhəddində bundan sonra da hərbi təxribatlara əl atacağı istisna olunmur, amma hesab edirəm ki, Azərbaycan tərəfinin göstərdiyi davamlı humanist münasibət beynəlxalq hüququn prinsiplərini əsas götürərək atdığı addımlar həm beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, həm də Ermənistan tərəfindən artıq buna adekvad yanaşmaların nümayiş etdiriləcəyini deməyə imkan verir.

Hesab edirəm ki, bu təxribatlar tədricən azalacaqdır. Azərbaycan məhkəmə qərarları ilə vətəndaşlarına Azərbaycan dövlətinə qarşı terror, qətl hadisəsi, ağır cinayətləri törətmiş şəxsləri çıxmaq şərti ilə digər cinayətlərdə əli olmayan ermənilərin geri qaytarılmasına xoş münasibət bəsləyir və əslində bu istiqamətdə də addımlar atdı. Mən hesab edirəm ki, Azərbaycanın bu xoş davranışlarına biz həm beynəlxalq güclər tərəfindən, regionda maraqları olan dövlətlər tərəfindən, həm də Ermənistandan artıq müəyyən adekvad reaksiyalar və adekvad münasibət görməyə başlayacağıq. Xüsusilə də, Zəngəzur dəhlizi istiqamətində praktiki işlərin başlanması və Ermənistan-Azərbaycan sərhədində delimitasiya, demarkasiya prosesinin həyata keçirilməsi istiqamətində real addımların atılmasına şahidlik edə biləcəyik”, deyə Anar Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə