Serj Sarqsyanın qurultay ümidləri doğrulmadı: faktiki antireabilitasiya ANALİTİK

Serj Sarqsyanın qurultay ümidləri doğrulmadı: faktiki antireabilitasiya ANALİTİK

Armenianreport: “Əgər Paşinyanı dəyişmək lazım olsa belə, onu köhnə qvardiya ilə deyil, yeniləri ilə əvəzləmək lazımdır”

Azərbaycan qarşısında ağır məğlubiyyətə uğradıqdan sonra Ermənistanın bir sıra ictimai-siyasi dairələrində baş nazir Nikol Paşinyana qarşı ardıcıl hücumlar, kütləvi etiraz aksiyalarına start verildi. Hətta gözlənilirdi ki, məhz Paşinyanın Qərb dairələrinin güclü dəstəyi ilə devirərək iqtidardan atdığı Serj Saqrsyan və ya Robert Koçaryan komandaları yenidən ölkədaxili situasiyanı əllərinə alaraq hakimiyyətlərini bərpa edəcəklər. O cümlədən, dugər hakimiyyətə iddialı şəxslərin də bu yöndə hərəkətə keçəcəkləri və mövcud iqtidarı ələ keçirəcəkləri ehtimal olunurdu. Xüsusilə revanşistlərin Qarabağdakı məğlubiyyət kartından məharətlə istifadə edərək ölkədəki siyasi hakimiyyət rıçaqlarına sahiblənəcəkləri daha çox inandırıcı görünməkdə idi.

Lakin ölkədəki növbədənkənar parlament seçkiləri və onun nəticələri hər şeyi tərsinə göstərdi – Nikol Paşinyan bu dəfə də seçici etimadı qazanaraq baş nazirlik kürsüsünü saxlamağa müvəffəq oldu. Bəli, bu, gözlənilməz idi və yalnız Ermənistanda deyil, eləcə də oradakı situasiyanı izləyən digər dairələri də təəccübləndirdi. Sual olundu ki, axı müharibədə məğlub olan, ölkənin ordusunu məhv edən, iqtisadiyyatını isə xarici borclara bağlayan dövlət başçısı necə oldu ki, növbəti dəfə xalqın səsini qazana bildi? Bu sualın cavabı ilk olaraq belədir: ağır müharibə məğlubiyyətindən çıxan bir ölkənin yenidən müharibə edəcəyi bu ölkənin bütövlükdə məhv olması anlamını daşıyacaqdı və revanşistlər iqtidara sahiblənsəydilər həmin ehtimallar gerçəkliyə çevriləcəkdi. Bunu düşünən və daha artıq övlad itkiləri ilə üz-üzə qalmaq istəməyən sadə ermənilər yenidən Paşinyana səs verdilər.

Amma bu gün müxalifətdə olan sabiq iqtidarçılar hələ də hakimiyyətə yiyələnmək üçün çoxsaylı gedişlər edirlər. Bu xüsusda sabiq prezident, Nikol Paşinyanın qatı düşməni, Ermənistanın Respublika partiyasının lideri Serj Sarqsyanın ötən həftə siyasi təşkilatının keçirdiyi 17-ci qurultayını xatırlamaq olar. O, ümid edirdi ki, qurultay Ermənistanda əks-səda doğuracaq və o, bu vasitədən istifadə etməklə iqtidar yolunda ilk mərhələ səddini aşmış olacaq.

“Sarqsyanın idarəçiliyi vaxtı ətrafında dolanıb-fırlananlar yenə də həmin adamlar idi”

Bununla bağlı Ermənistanın aparıcı KİV-lərindən hesab edilən armenianreport portalı bir sıra maraqdoğurucu analitikası ilə diqqət çəkib. “Ötən həftənin sonunda Ermənistanın Respublika partiyasının keçirdiyi 17-ci qurultayı özünə xüsusi diqqət cəlb edə bilmədi, hansı ki, bundan əvvəl respublikaçıların yedirdikləri blogerlər və KİV-lər piar kampaniyaları aparırdılar. Bu da aydındır – xalqın Saqrsyanın və Respublika partiyasının idarəçiliyinin “gözəlliklərini” unutması üçün elə də çox vaxt ötməyib”, deyə adıçəkilən erməni informasiya mənbəsi yazır, o cümlədən qeyd edir ki, üçüncü prezidentin hakimiyyəti idarə etdiyi zaman buraxdığı səhvlərini tərəfdarları vasitəsi ilə etiraf etdirməsinə də zatən çox az adam inanardı. Belə ki, qurultayda Sarqsyanın idarəçiliyi vaxtı ətrafında dolanıb-fırlananlar yenə də həmin adamlar idi və 2018-ci ildə xalq onları çölə atmışdı. Erməni portalı davam edir: “Əlbəttə, çıxışların böyük hissəsi bu gün xalqımızın üzləşdiyi və Sarqsyanın ölkədəki vəziyyətlə, eləcə də çağırışlarla bağlı “əzabkeşliyinə” həsr olunmuşdu. “Situasiya hədsiz dərəcədə təlaşlandırır və partiyanın prioritetləri də məhz bunları diktə edir”, deyə Respublika partiyasının lideri çıxışı zamanı bildirib”.

Armenianreport yazır ki, Serj Sarqsyan reabilitasiya olunmağa cəhd edir, lakin onun etiraflarına ölkədə çox az adam inana bilər və bunun da səbəbləri var: “O dedi ki, 2018-ci ildə ona görə getdi ki, ölkə daxilində qan tökülməsin və meydanlarda yoplaşan minlərlə insan öz xəyallarındakı ölkəni qururdular”.

“Əgər Sarqsyan ölkədə qanın axıdılmaması üçün bu qədər əndişə edirdisə, onda nəyə görə o, Koçaryanla birlikdə 2008-ci ilin 1 mart tarixində qətliam törətmişdilər?”

Ancaq portal əlavə edir ki, reallıq tamamilə başqa cürdür – Sarqsyan divara dirədilmişdi və anlamışdı ki, xalqın böyük hissəsi ona qarşı çıxır. Əvvəlcə Sarqsyan ona qarşı çıxan insanlara qarşı polisi çıxardı və sonradan polislə hərbçilərin güc tətbiqindən imtinalarından sonra hökumət rəhbəri anladı ki, o, artıq məğlub olub. “Əgər Sarqsyan ölkədə qanın axıdılmaması üçün bu qədər əndişə edirdisə, onda o nəyə görə o, Koçaryanla birlikdə 2008-ci ilin 1 mart tarixində qətliam törətmişdilər?”, deyə haqlı sual edən armenianreport əlavə edir ki, yoxsa on il əvvəl xalqın qanı 2018-ci ildəkindən bir az fərqli idi? “Koçaryan və Sarqsyan 2008-ci ildə heç bir tərəddüd etmədən polisi və oliqarxların şəxsi dəstələrini erməni xalqına qarşı çıxardılar, 10 il sonra isə onlardan birində vicdan yarandı? Yəni bu gülünc fikrə kimlərsə inana bilərmi?”, deyə erməni portalı suallarını davam edir.

“Erməni xalqı amneziyadan əziyyət çəkmir ki, Sarqsyanın 2014-cü ilin aprelində bəyan etdiyi fikirlərini unutsun”

Armenianreport Sarqsyanın Qarabağla bağlı fikirlərini də yalan adlandırıb. Belə ki, eks-prezidentin “Mən ona görə baş nazirliyə namizədliyimi irəli sürmüşdüm ki, Qarabağla bağlı danışıqlar prosesində tərəfimizdən möhkəmləndirilmiş mövqelərimizi daha da etibarlı edək və baş vermiş faciədən qaça bilək”, fikrinə də ironik münasibət bildirən erməni portalı yazır: “Bu da yalandır. Erməni xalqı amneziyadan əziyyət çəkmir ki, Sarqsyanın 2014-cü ilin aprelində bəyan etdiyi fikirərini unutsun. “Mən, Serj Saqrsyan rəsmi şəkildə bəyan edirəm ki, bir daha heç vaxt Ermənistanın prezidenti vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm. Əgər Ermənistan parlament idarəçiliyi siteminə keçid edərsə, mən baş nazir vəzifəsinə iddialı olmayacağam. Bundan əlavə, mən inanıram ki, bir insan Ermənistana iki dəfədən artıq rəhbərlik etməməlidir”. Ona heç kim inanmadı, çünki hər kəsə aydın idi ki, konstitusiyada edilən düzəlişlər Serj Sarqsyanın planının tərkib hissəsi idi ki, 2018-ci ilin aprelindən sonra hakimiyyətdə qala bilsin. Və o, “gözləntiləri” aldatmadı - 2018-ci ilin baharında o zamankı parlamentin səs çoxluğu Sarqsyanı baş nazirlik vəzifəsinə namizəd irəli sürdü. Sarqsyan indi bəyan edir ki, hakimiyyətdə qalmasına razılıq verməyi Qarabağla bağlı böyük zəmanətlər əldə etməsi üçün idi. Ancaq burada hər şey aydındır – Qarabağ onun üçün heç nə idi, əsas hakimiyyəti saxlamaq və varlanmaq marağı idi”.

“İki dəfə eyni palçığa batmaq belə bir çətin gündə yolverilən deyil”

Erməni informasiya mənbəsi daha sonra qeyd edir ki, ədalət naminə Sarqsyan Respublika partiyasının qurultayında bəzi səhvlərini etiraf etməyə razı oldu və onlar da böyük bəhanələrlə. Sarqsyan deyib: “Mən dəfələrlə etiraf etmişəm ki, bizim idarəçiliyimiz vaxtı hakimiyyətimizin istisinə qızınanlara, bizim vasitəmizlə qazanc əldə edənlərə qarşı kifayət qədər sərtlik nümayiş etdirməmişəm. Xalqla danışarkən birbaşa və açıq danışmamışam. Bəzi hallarda isə etibarlığı haqq etməyən insanlara inanmışam, belələri isə kifayət qədər idi. “Hər şeydə Serj günahkardır!” fikri ən rahatıdır ki, öz səhvlərini və problemlərini başqasının üzərinə yükləyəsən”.

Armenianreport yazır ki, bu, üçüncü prezidentin açıq-aşkar riyakarlığıdır. Belə ki, kifayət qədər var-dövlət toplayan və hakimiyyətin istisinə qızınanların başda dayananı onun (Sarqsyanın) qardaşı Saşik idi. Məhz Ermənistanın biznesini və iqtisadiyyatını boşaldan korrupsiya sxemi də ona məxsus idi ki, həmin vaxtlar hər kəs prezidentin qardaşına pul ödəyirdi. “Serj Sarqsyan devrildikdən sonra Saşiki “ailədə ən günahsız insan” adlandırdı, amma onun hakimiyyəti zamanı bu “gühansız insanın” bütün ölkə boyunca məşhur və xarakterik ləqəbi var idi – “Saşik 50 faiz”.

Müəllif bu ləqəbin izahını da verib - əgər kimsə biznesə qoşulmaq istəyirdisə Saşik özünün 50 faizini tələb edirdi, imtina edənlərin isə əlindən həmin biznes sadəcə alınırdı.

Serj Sarqsyanın digər qardaşı Levon haqqında da maraqlı faktlar var. Onun 625 min dollar vergi yayınması qeydə alınıb. Bunu isə Sarqsyan qurultayda etiraf etmədi...

“Göründüyü kimi, Sarqsyanın və Respublika partiyasının reabilitasiya cəhdləri puç oldu. Bəli, indi bizim heç birimizə asan deyil, Paşinyan həqiqətən də gözlənildiyindən də böyük populist çıxdı. Ancaq əsas məsələni etiraf etməmək olmur – Koçaryandan və Sarqsyandan fərqli olaraq o korrupsioner deyil, caynaqlarını dövlət büdcəsinə atmır, həmfikirləri biznesmenlərin otkatlarına sahiblənmir. Əgər Paşinyanı dəyişmək lazım olsa belə, onu köhnə qvardiya ilə deyil, yeniləri ilə əvəzləmək lazımdır. İki dəfə eyni palçığa batmaq belə bir çətin gündə yolverilən deyil”, erməni portalı yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə