Prezident Azərbaycan müasir tarixinin ən parlaq lideridir - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

Prezident Azərbaycan müasir tarixinin ən parlaq lideridir - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Prezident İlham Əliyev Azərbaycan müasir tarixinin ən parlaq lideridir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"O, 2003-cü ildən bəri Azərbaycanı idarə etdiyi dövrdə həqiqətən də çox ciddi sıçrayışla irəli gedə bilib. Əsas məsələ olaraq isə 30 ilə yaxın işğal altında olan vətən torpaqları Ermənistanın işğalından azad edilib. Hətta deyərdim ki, İlham Əliyevin başqa fəaliyyətlərini bir kənara qoyub sadəcə vətən torpaqlarının işğaldan azad edilməsini qeyd etsəydik belə bu Onun nəgəng bir siyasi lider, dövlət rəhbəri olmasına yetərli olardı. Prezident İlham Əliyev həqiqətən də Azərbaycanı ən sayılıb seçilən, tanınan, qəbul edilən dövlətinə çevirməyi bacarıb. Bu hal bütün siyasi liderlərin can atdığı, çox zaman da nail ola bilmədiyi ən yüksək uğurdur ki, öz dövlətini dünyada tanıtsın, qəbul etdirsin, onunla başqa qüvvələrin hesablaşmasına nail ola bilsin. Cənab Prezident isə bunu bacarıb.

Əlbəttə ki, vətən torpaqlarının işğaldan azad edilməsi öz yerində, ölkədə aparılan genişhəcmli dinc quruculuq işləri, idmana, təhsilə, mədəniyyətə, tibbə və ayrı-ayrı sahələrə göstərilən diqqət və qayğı, özəlliklə də vətəndaşa yönəlik rifah halının yüksəldilməsinə hesablanmış sosial siyasətin həyata keçirilməsidir. Bütün bunlar İlham Əliyev liderliyinin, idarəetməsinin çox diqqət çəkən və vacib komponentləridir. Ümumilikdə götürdükdə Prezident İlham Əliyev çağdaş dünya liderləri arasında həqiqətən də özünü istər lider kimi, istər şəxsiyyət kimi, istərsə də dövlət rəhbəri kimi üstün vəziyyətləri ilə ciddi şəkildə fərqlənir. Adicə bir şəkilə baxanda ki, bəzən görürük dünya dövlətlərinin rəhbərləri olur və İlham Əliyev də iştirak edir, dərhal hiss olunur ki, o, üstün keyfiyyətlərə malik bir liderdir. Xarizmatikdir, çağdaş siyasi bilgiləri, elmi mənimsəmiş liderdir. Qlobal düşünür, milli davranır, yəni Azərbaycan xalqının bu qlobal ümmanda itib batmasına izin vermir. Hara getsə, hansı addımı atsa məhz "Azərbaycan, Azərbaycan üçün” deyir və olduğu yerdə də məhz Azərbaycanı təqdim etməyi bacarır. Əlbəttə ki, 60 yaşına çatma ərəfəsində Prezident İlham Əliyev haqqında bu cür danışmaqla onu tam əhatə etmək mümkün deyil. Biz cənab Prezidentə uzun ömür, can sağlığı arzu edirik və çox sevinirik ki, O, 60 yaşına kimi sadəcə siyasi lider kimi deyil, həm də müzəffər Ali Baş Komandan kimi gəlib çatdı".

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə