Son sözü hər zaman qalib Azərbaycan deyəcək - ŞƏRH EDİLDİ

Son sözü hər zaman qalib Azərbaycan deyəcək - ŞƏRH EDİLDİ

“Brüssel görüşünün Soçi görüşü ilə müqayisədə daha az təsirli olacağı sirr deyil. Soçi görüşü xüsusi olaraq dünyanın böyük dövlətlərindən birinin başçısının məhz Qarabağ münaqişəsinin başa çatmasından sonra sərhəd və kommunikasiya məsələlərinə həsr olunmuş tədbiri idisə, Brüssel görüşü protokol xarakrerli görüş olub, Şərq tərəfdaşlığı sammiti çərçivəsində protokola əlavə edilmiş görüş idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, ən əsası isə, regiona təsir imkanları daha zəif olan AB-nin Rusiyaya alternativ olaraq təşkil etdiyi bu tədbirin siyasi və hərbi sahədə həlledici uğurlara imza atacağı inandırıcı deyil: “Brüssel görüşünün daha çox humanitar və s. "yumşaq" diplomatiya məsələlərində müvəffəqiyyət qazanması daha realdır. Məsələn, bir qrup erməni əsirlər Avropa Birliyi və ABŞ-ın xahişi ilə bizdən alınıb Ermənistana verilib. Ehtimal ki, Brüsseldə prezidentdən bu barədə xahiş ediblər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib: "Müzakirələrin ardınca Bakıda saxlanılan 10 erməninin azad edilməsini səmimiyyətlə alqışlayırıq". Hətta əsirlərin əvəzində verilən saxta mina xəritələrini də məhz Qərb ölkələrinin təşəbbüsü ilə bir müddət əvvəl bizə vermişdilər. Qırmızı Xaçın nümayəndələri bu işdə xüsusi canfəşanlıq nümayiş etdirib. Erməni əsirlərin qaytarılması zamanı təyyarənin trapı yanındakı AB bayrağı özü hər şeyi deyir. Bəzi iddialar var ki, əsirləri Rusiya qaytarıb. Lakin Rusiya bu məsələdə maraqlı deyil. Əksinə, əsirlərin bizdə qalması daxili ictimai rəyi Paşinyanın əleyhinə yönəltmiş olur ki, bu da Rusiyaya sərf edir. Qərb humanist görünmək və öz adamı Paşinyanın Ermənistandakı reytinqini qaldırmaq üçün əsir məsələsindən istifadə edir. Görünən odur ki, Qərb və Rusiya Azərbaycan və Ermənistan arasındakı məsələlərdə müəyyən məsələləri həll etməyi öz üzərinə götürüb”.

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Rusiya hərbi-siyasi məsələlərin həlli istiqamətində çalışarkən, Qərb humanitar məsələlərdən o tərəfə müdaxilə edə bilmir: “Qərbin tək şansı hazırda həm də Türkiyə vasitəsilə Ermənistan üzərində təsirini artırmaqdır. Məhz buna görə də ABŞ Türkiyənin Ermənistanda diplomatik nümayəndəlik açmasını alqışlayıb. Bildiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş də keçirilib. Görünən odur ki, Qərb hər vasitə ilə Ermənistanı müdafiə edib, Azərbaycandan güzəşt qoparmağa nail olmağa çalışır. Lakin düşünürəm ki, yenə də son sözü Rusiya deyəcəkdir. Qərbin regionda təsir imkanları Rusiya ilə müqayisədə xeyli zəifdir. Prezident cənab İlham Əliyevin Ermənistanın Zəngəzur dəhlizində gömrük postları qoymaq tələbinə haqlı olaraq Laçın postunda eyni gömrük-buraxılış və nəzarət rejimi tətbiq etmək təklifi onu deməyə əsas verir ki, Azərbaycan öz hərb meydanındakı uğurunu diplomatik müstəvidə də əminliklə davam etdirir. Azərbaycan Ermənistan və onun havadarları qarşısında geri çəkilmək fikrində deyil və çəkilməyəcək də. Son sözü hər zaman qalib Azərbaycan deyəcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə