Prezident İlham Əliyev sosial islahatların yeni mərhələsinə start verdi TƏHLİL

Prezident İlham Əliyev sosial islahatların yeni mərhələsinə start verdi TƏHLİL

Dövlət başçısının imzaladığı 4 yeni sərəncam 1 milyona yaxın vətəndaşın rifahına dəstəkdir

Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların marağı, rifahı dayanır. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” – söyləyən Prezident İlham Əliyev ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul etməkdədir. Təkcə başa vurduğumuz ötən il ərzində dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial layihələr bunu deməyə əsas verir. Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib. Qısa müddət ərzində minimum əmək haqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması Azərbaycanda həyata keçirilən iqtisadi və struktur istilahatlar nəticəsində son dövrlər büdcə gəlirlərin artması, maliyyə imkanlarının genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə daha bir əyani sübutdur. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edir. Problemli kreditlərin həlli istiqamətində məlum sənədin imzalanması, maaşların, pensiyaların, minimum əmək haqqının, sosial müavinətlərin artırılması ölkədə sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələnin başlanğııcı oldu.

MİNİMUM ƏMƏKHAQQI 300 MANAT MÜƏYYƏN EDİLİR

Bu günlərdə dövlət başçısının imzaladığı 4 yeni sərəncam isə 1 milyona yaxın vətəndaşın rifahına dəstəkdir. Bunlardan biri minimum aylıq əməkhaqqının məbləğinin artırılması barədədir. Sərəncama əsasən, ölkədə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilir. Yəni hazırda 250 manat olan minimum orta aylıq əməkhaqqı 50 manat artırılır. Bu artımla 800 min işçi əhatə olunur. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Qeyd edək ki, 2018-ci ildə minimum əməkhaqqı 130 manat idi. Beləliklə, hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım həmin dövrdən bəri 2,3 dəfə yüksəlib.

Onu da qeyd etmək yerinə düşər ki, minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır. Gələn il minimum əməkhaqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3, 2020-ci ildə 38 faizə yüksəlib. 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinəcən artacaq. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.

YENİ ƏMƏKHAQQI ARTIMI 165 MİN TƏHSİL İŞÇİSİNİ ƏHATƏ EDİR

Prezident İlham Əliyevin imzaladığı yeni iki Sərəncam ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğı göstərilməsinin növbəti təzahürüdür. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılır. Həmçinin, 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır. Təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımların edilməsi məqsədlə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.

MİNİMUM ƏMƏKHAQQI ARTIMI ÜÇÜN İLLİK ƏLAVƏ MALİYYƏ XƏRCİ 460 MİLYON MANAT TƏŞKİL EDİR

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.

Bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.

Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41% səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.

ƏMƏK HAQLARI VAHİD TARİF CƏDVƏLİ İLƏ TƏNZİMLƏNMƏYƏN TƏŞKİLATLARDA ÇALIŞANLARIN DA MAAŞLARI ARTIRILDI

Prezident “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” da sərəncam imzalayıb. Həmin təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları da yanvarın 1-dən orta hesabla 20 faiz artırılır. Sərəncamda adı qeyd edilən təşkilatlar: AMEA-nın Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi. Daha sonra siyahıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, həmin nazirliyin tabeliyində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı memorial kompleksi”, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının adı qeyd olunur. Sözügedən sərəncamla həmçinin Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil müəssisələri və Uşaq Evləri İdarəsi, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin də vəzifə maaşları yeni il yanvarın 1-dən 20 faiz artırılır. Deyilənlərə əlavə edək ki, son 4 ildə Azərbaycanda orta aylıq əməkhaqqında 37 faiz, median əməkhaqqında 74 faiz artım olub. Bu müddətdə əmək müqavilələrinin sayı 30 faiz artıb. Bütün bu müsbət proseslər nəticədə 4 il ərzində əməkhaqqı fondunda 92 faiz artıma imkan verib və həmin göstərici gələn il daha da artacaq.

Budur, ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsi. Dövlət başçısının verdiyi qərarlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edəcək və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır. Bir sözlə, bütün bunları xalqımız görür. Görülən işlər isə bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının, sağlamlığının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi: «Bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik».

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə